“Bəzən filmlər haqqında 8-10 dəqiqəlik tənqid videosu çəkmişəm. Bu da həmin filmin rejissorunun, prodüserinin xoşuna gəlməyib. Məni təhdid edib videonu silməyimi istəyiblər, silməmişəm. Daha sonra məhkəməyə verəcəklərini deyiblər”.
Oxu.Az sosial platformalarda 80 mindən çox, təkcə "TikTok" platformasında isə 30 mindən çox izləyicisi olan film tənqidçisi Hacı Səfərov ilə müsahibəni təqdim edir:
- Hacı Səfərovu bir qədər tanıyaq. Təvəllüdünüz, təhsiliniz, bu sahə ilə bağlılığınız…
- 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində təhsil almağa başlamışam. Lakin təhsilimi yarımçıq qoydum və 1 il sonra Türkiyəyə imtahan verdim. Türkiyənin İstanbul Universitetində Türk dili və Ədəbiyyatı ixtisası üzrə təhsilimi davam etdirdim. 2018-ci ildə ali təhsilimi bitirdim. Həmin ilin dekabrından filmlər haqqında maraqlı məzmun yaratdım. 2019-cu ildən isə kino tənqidçisi kimi fəaliyyət göstərirəm. Bundan öncə bir sıra təlimlərdə, festivallarda iştirak etmişəm. Məsələn Balkanlar və Cənubi Qafqaz üçün vacib olan Sarayevo film festivalının nəzdində keçirilən “Sarayevo Talant” adlı bölməyə namizəd kimi seçilmişəm. Varşava film festivalında gənc jürilərdən olmuşam. Bunun kimi bir çox festivallarda iştirak etmişəm.
- "TikTok" platformasının kifayət qədər bayağı kontentlərlə dolu olduğunu nəzərə alsaq, sizin səhifənizin yaxşı mənada diqqət çəkməsi əla haldır. Bu kontenti yaratmaq haradan ağlınıza gəldi?
- Bu kontenti 2018-ci ildən yaratmışam. Hər zaman daha çox auditoriyaya bu məlumatları çatdırmaq istəmişəm. Bir çox platformalar yəqin ki, bu kontentə uyğun olmadığı üçün istədiyim auditoriyanı toplaya bilmirdim. İzləyici kütləsi az olurdu. Daha sonra ”TikTok” platforması ilə maraqlandım. Gördüm ki, platforma üzərindən qısa, lokanik videolar çox böyük kütlələrə çatdırıla bilir. Düşündüm ki, niyə də bu platformada öz kontentimi nümayiş etdirməyim? Beləcə, yavaş-yavaş bu platformada kino ilə bağlı paylaşımlar etməyə başladım. Uğurlu oldu və düşünürəm ki, “TikTok” platformasında olan boşluğu da bir növ doldurmuş oldum.
Çünki platformanın qiymətləndirilməsi məzmunlar, kontentlər üzərində aparılmalıdır. Heç bir platforma pis deyil, əgər yaxşı istifadə etməyi bilirsənsə, maraqlı kontent yarada bilərsən. Düşündüm ki, yaradıcı kontent olacaq, insanları maarifləndirəcək videolar olacaq. Artıq bu kontentimi 1 ildən çoxdur ki, “TikTok” üzərindən aparıram. İnsanlar bir çox Azərbaycan filmləri, dünya ölkələrində çəkilən filmlər barədə maraqlı məlumatları bu videolar vasitəsilə öyrənirlər. Gələn rəylərdən başa düşürəm ki, səhifəmi sevə-sevə izləyirlər.
- İlk belə nöqsan aşkarladığınız film nə zaman və hansı olub?
- Əslində filmlərdə tapılan müəyyən səhvlər insanları qıcıqlandırır. Onlar elə düşünürlər ki, bu filmlər yaxşıdır. Filmdə səhv olması o filmin pis olması anlamına gəlmir. Həmin səhvlərlə bağlı çəkdiyim videolar arasında ən məşhuru “Yeddi oğul istərəm" filmində gözəçarpan nüansdır. Çəkiliş zamanı arxadan avtobus keçir. Bu nöqsanı da əslində mən yox, bir qohumumuz tapmışdı. O, mənim kontentimi bilirdi və gözünə sataşan bu səhnəni mənə bildirmişdir.
Gənc tənqidçi: “Rejissor məni təhdid edib paylaşımımı silməyimi istədi” - MÜSAHİBƏ + FOTO/VİDEO
Amma əlbəttə kinoteatrlardan və nazirlikdən belə bir layihə üçün dəstək göstərilməsi yaxşı olardı. Birgə iş görülməsinə hazıram. Amma hazırda belə bir təklif yoxdur, olsa yaxşı olardı. Olmasa da canları sağ olsun. Bu gün mən bu işi kinonu və bu sahəni sevdiyim üçün edirəm və davam edəcəyəm.
- Bəs bəzi məqamları mədəniyyət işçiləri bilsə də, çoxları bilmirdi. Filmlərdəki nöqsanları qeyd etdiyiniz üçün aktyor, aktrisa, rejissorlardan iradlar gəlibmi?
- Paylaşımlarıma görə aktyor və aktrisalar, rejissorlardan irad gəlməyib, amma bəzən izləyicilər tərəfindən irad bildirənlər olur. İrad olaraq bu filmlərin klassik olduğunu deyib, onlarda yox müasir seriallarda səhv axtarmalı olduğumu yazırlar. Amma seriallarda bir maraq yoxdur. Pis olanı onsuz da hamı pis kimi görür, heç kim orada hər hansı nüansı müzakirə etməyə zaman ayırmayacaq. Amma məşhur filmlərdən danışılanda bu, diqqət çəkir.
Sadəcə bir dəfə başıma gələn bir məsələni danışım. Bəzən filmlər haqqında 8-10 dəqiqəlik tənqid videosu çəkmişəm. Bu da həmin filmin rejissorunun, prodüserinin xoşuna gəlməyib. Məni təhdid edib videonu silməyimi istəyiblər, silməmişəm. Daha sonra məhkəməyə verəcəklərini deyiblər. Amma heç biri məni məhkəməyə verməyib, çünki mən heç kimi təhqir etməmişəm. Tənqid ayrı anlayışdır, təhqir isə tam ayrı. Mən sadəcə tənqid edərək ortaya qoyulan işi izləyici kimi qiymətləndirmişəm və yaxşı olmadığını bildirmişəm.
- Əgər şansınız olsaydı Azərbaycan filmlərindən hansına çəkilməyi və hansı obrazı canlandırmağı istəyərdiniz?
- Açığı, kino dili ilə desək fakturam kino çəkilişinə uyğun deyil. Bəlkə də ona görə elə bir arzum və istəyim olmayıb. Amma bu yaxınlarda bir rejissor məni epizodik, qısa bir obraza çəkəcəyini demişdi. Mən isə yaxşı aktyor da deyiləm, inanmıram bacaram. Lakin o, rejissor olaraq bunu həll edəcəyini dedi. Amma mənim heç vaxt xüsusi olaraq aktyor olub, cəmiyyətdə tanınmaq arzum olmayıb.
- O dövrdə çəkilən hansı filmin bu gün yenidən çəkilməsi bir izləyici kimi sizə maraqlı olardı?
- Necə deyərlər “hər daş öz yerində ağırdır”. Düşünürəm ki, Azərbaycan kinosunda da çəkilən əksər filmlərin özünün sanbalı var. Biz onları nə qədər təkrar çəksək də, həmin o effekti, reaksiyanı ala bilməyəcəyik. Ümumiyyətlə filmlərin təkrar çəkilməsi və ya davamının çəkilməsi dünya kinosunda da trenddir. Amma o filmlər franşizalardır, hekayələr onlara uyğundur. Lakin Azərbaycan kinosunda o qədər böyük və davamlı çəkilə biləcək franşiza yoxdur. Ümumiyyətlə elə bir yanaşma da yoxdur. Məsələn, biz Üzeyir Hacıbəylinin dünyasını götürüb, onun bütün həyat dövrünü göstərə bilən əsərlərindən istifadə edib maraqlı layihə ərsəyə gətirə bilərik. Amma məncə Azərbaycan kinosu keçmişə baxmaqdan çox, gələcəyə baxmalıdır. Bunu düşünmək lazımdır ki, gələcəkdə klassikaya çevriləcək, illər keçsə də şöhrət qazanacaq filmlər çəkilsin. Odur ki, keçmişdən mədət ummaq lazım deyil.
- Bir izləyiciniz “Məkanın melodiyası” adlı filmi əxlaqsız film adlandırmışdı. Bu barədə sizin fikirləriniz maraqlıdır, həmin film barədə nə deyə bilərsiniz?
- Bu film 2004-cü ildə çəkilib. Filmin rejissoru Hüseyn Mehdiyev, ssenari müəllifi isə Ramiz Rövşən olub. Çox da maraqlı filmdir, hər kəsə izləməyi tövsiyə edirəm. Əslində bu filmin xüsusilə də bu səhnənin populyarlaşma səbəbi bir çox səhifələrdə “bu da köhnə filmlərimiz” deyə başlıqla paylaşılması olub. Lakin həqiqət belə deyil. Birincisi, göndərilən kadrdakı aktrisalardan biri Mehriban Zəki, digəri isə Ayan Mirqasımovadır. Hər ikisi çox istedadlı aktrisalarımızdır. Bu filmdə baş rolda Ayan Mirqasımova oynayır. Aralarındakı dialoqun baş tutma səbəbi isə Gülyanın Rənadan şübhələnməsi olub. O elə bilir ki, Rəna onun 80 yaşlı atası Murad ilə münasibət yaşayır. Buna görə də ona məhz bu cür deyir. Əslində isə Rəna xərçəng qorxusu yaşayan və təsadüfən Muradın hesabına həyatda qalan bir qadın obrazını canlandırır. “Məkanın melodiyası” adlı film insan həyatının vacibliyi, keçmiş peşmanlıqlar, yaşamağın gözəlliyi barədə çoxmənalı mesaj verir. Üstəlik sovet dövründə çəkilməyib. Bəzən filmlərin konteksti bilmədən filmi mühakimə edən izləyicilər olur, məncə bu, düzgün deyil. Çox da gözəl filmdir.
- Bəs bakılıların etirazına səbəb olan film barədə nə deyə bilərsiniz. Sizcə etiraz haqlı idi?
- Yəqin ki, söhbət "Bir cənub şəhərində" filmindən gedir. Əslində bu gün Azərbaycan kinosunun ən sevilən filmlərindən biridir. Bu film həm Eldar Quliyevin rejissor kimi, Rüstəm İbrahimbəyovun isə ssenarist kimi ilk işi olub. Düşünürəm ki, çox uğurlu iş olub. Etirazlar isə filmdə Bakını düzgün göstərilməməsi ilə bağlı olub. Bu film ilk nümayişə çıxanda heç də xoş qarşılanmayıb, doğrudur. Amma bunun səbəbi Bakının tamam fərqli - insanları mühafizəkar, adət-ənənələrə bağlı göstərilməsi idi. Bu isə ziyalıların xoşuna gəlmir. Həmin dövrdə Bakıda belə insanların olmadığı deyilərək, etiraz edilib. Etirazlar çox olduğu üçün filmin nümayişi də dayandırılır. Yaradıcıları isə filmin əslində həmin insanları tənqid etdiyi, insanın azadlığı və xoşbəxtliyi uğrunda bu cür ənənələrə fikir verməməli olduğunu deyir. Maraqlıdır ki, bütün bu keşməkeşlərə rəğmən “Bir cənub şəhərində” filmi kinomuzun incilərindən sayılır.
Könül Cəfərli
Rəylər