Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hüsniyyə Mürvətova: Qadınlığımla sənətimi bir tuturam – MÜSAHİBƏ
O, həmişə qalmaqallardan uzaq gəzib, əsl sənət nümayiş etdirir.
Oxu.Az səsləndirdiyi şeirlər, etdiyi dublyajlar və ən əsası, canlandırdığı obrazlarla tamaşaçıların rəğbətini qazanan Əməkdar artist Hüsniyyə Mürvətovanın müsahibəsini təqdim edir:
– Özünüzü necə hiss edirsiniz?
– Bir az nasazlamışdım. Bu virus haradan tutmuşdu məni, bilmədim. Hər kəsi diqqətli olmağa çağırıram. Səsi ilə pul qazananlara xəstəlik mane ola bilər. Belə olacağını gözləmirdim. Bir həftədən artıq yatdım.
– Elə bil depressiyada idiniz...
– Özümü o qədər pis hiss edirdim ki... Əslində, çox pozitiv, kiçik şeylərdən xoşbəxt olmağı bacaran insanam. Ancaq yatdığım bu müddətdə bir çox sənət nümayəndəsi rəhmətə getdi: Zərnigar Atakişiyeva, Kamran İsrafilov, Şahmar Qəribov və başqaları...
O qədər halsızlaşmışdım ki, telefona nifrət edirdim. Bu xəbərləri də eşitdim, lap depressiyaya düşdüm. Baxırdım köhnə şəkillərimə, deyirdim ki, bu fotoları çəkdirən, bu işləri görən mən olmuşam?
Seriala baxırdım ki, başım qarışsın. Oradakı aktrisanın əyninin nazik olduğunu görəndə deyirdim, “Ona soyuq deyil? Yazıq orada xəstələnəcək”. Onun halına yanırdım (gülür). Bu hisslər məndə ilk dəfə idi...
– Bəlkə, xəstəliklə bərabər, bir neçə ildir çiyinlərinizdə danışdığınız yükün ağırlığı imiş. Hamısı birdən üzə çıxıb...
– O yükə artıq alışmışam. Deməzdim. İlk dəfə idi xəstlikdən depressiyaya düşürdüm.
– Niyə sizi kommersiya filmlərində az görürük?
– Yavaş-yavaş başlayıram. Ötən il sosial mediada geniş rezonans doğuran “İkinci güllə” filminə çəkildim. Orada qırmızı paltarlı qadını oynayırdım – kəndin qəhrəmanını. Mənim kimi çərçivəsi olan bir aktrisa, bəlkə də, bu rolu oynamazdı.
Rejissor Natiq Rəsul obrazın haqlı tərəflərini o qədər gözəl açıqladı ki, bu qadını sevdim. Əslində, kiçik bir film və obraz olsa da, sətiraltı gözəl mənaları var idi. Mövzu insanın içini tərpətməlidir. Natiq insanların içindəki o telə toxuna bildi. Həm peşəkarlar, həm də tamaşaçılar çox bəyəndi.
Bir də Orxan Mərdanın “Qaragöz” filmi var. Komediya janrında olsa da, orada dram xətti mənim üzərimə düşür. Tamaşaçının gözləmədiyi anda onlara yaxşı mənada şillə vuracağıq. Mart ayında filmin premyerası olacaq.
– Film sizə daha doğmadır, yoxsa teatr?
– On altı yaşımdan teatrla başlamışam. Əlbəttə ki, teatra çox bağlıyam, havamdır, suyumdur. Təsəvvür edə bilmirəm, aktyor necə teatrda işləməyə bilər? Teatr bizim enerji mənbəyimiz, ata ocağımızdır. Enerjini teatrdan alıb, başqa yerlərdə xərcləyirik. O bizim məbədimizdir.
Teatrı çox sevirəm. Amma filmlər də mənim üçün maraqlıdır. Azərbaycanda inkişaf gedir, inanıram ki, daha çox filmlər çəkiləcək.
– Keyfiyyətləri sizi qane edir?
– Son bir neçə film oldu ki, bəyəndim. Hazırda komediya filmləri dəbdədir.
– Əsas qazanc onlardan gəlir, ancaq dram janrında da yetərincə uğurlu filmlər var idi: “Üçüncü günün adamı”, “İkinci Pərdə”, “Mələyin öpüşü” və s. Ancaq onların kassa gəliri az oldu...
– İnsanlara nəyi daha çox təqdim edirsənsə, onlar da həmin şeyə alışır. Komediyanı daha çox təqdim etdik. İnsanları da qınamıram, hər kəsin özünə görə problemləri var. Onlar da istirahətə vaxt ayıranda dərddən, problemdən uzaqlaşmaq, başqa bir aləmə düşmək istəyirlər. Bəlkə, buna görə insanlar komediyanı daha çox sevirlər. Ancaq sevindirici haldır ki, hər iki janrda filmlər çəkilir. Ola bilsin, gün gələcək, onlar da komediyadan bezəcəklər. Türkiyədə hər iki janr eyni gedir. Orada dram filmləri çox gəlir gətirir.
– Onlar daha çox “ağlaşmaya” meyillidirlər...
– Türklər başqa cür millətdirlər. Düzdür, eyni millətik, ancaq onlar daha emosionaldırlar. Sevəndə də, dalaşanda da, bunu içdən edirlər. Onlarda orta səviyyə yoxdur. Adicə futbollarına necə maraq var. Bir dəfə Trabzonda qastrol səfərində idik. Gördük ki, qışqırıq səsləri gəlir. Bir yığın insan gəlirdi.
Səbəb isə Trabzonsporun qələbə qazanması idi. Onların vətənpərvərliyinə həsəd aparıram. Bizdə də bunlar formalaşır. Düşünürəm ki, daha yaxşı olacaq.
– Özünəməxsus səs tembriniz var və Azərbaycanda dublyaj olunan filmlərdə ən çox sizin səsinizi eşidirik. Xarici ölkələrdə universitetdə dublyaj fakültələri var. Sizcə, bu, Azərbaycanda da yaradılmalıdırmı?
– Dublyaj elə bir şeydir ki, işlədikcə öyrənirsən. Mən özüm də hər gün öyrənirəm, öyrənməsəm, yerimdə sayaram. Bu işin içindəsənsə, öyrənməyə meyilli olmalısan. Ancaq dublyaj xüsusi istedad tələb edir.
Ola bilsin, çox istedadlı bir teatr aktyorusan, ancaq dublyaj edə bilmirsən. Ya bunu əvvəldən bacarırsan, ya da bacarmırsan. İş prosesi yavaş-yavaş nələrəsə nail olmağa kömək edir. Ancaq istedad başqa şeydir. Bunun da ustadı olmaq lazımdır. Gözəl səs tembri, təmiz diktə etmə bacarığı, qulaq yormayan səs olmalıdır, lakin ləhcə olmamalıdır. Bunun qəti əlehinəyəm.
– Sosial şəbəkələrdə ən çox tərcüməni qınayırlar. Mətnlərə müdaxilə edirsiniz?
– Əlbəttə, istəyirik ki, el içində ən çox işlənən, tamaşaçının qəbul etdiyi sözlər olsun. Daha səmimi, daha sadə sözlərdən istifadə edirik.
– Bir dəfə “Azad Azərbaycan” telekanalında bir hind filminə baxırdım. İki dost telefonla danışarkən biri o birinə dedi ki, “Eşitdim işdən çıxmısan?”, dostu isə cavabında “Çıxmadım, dalımdan təpiklə vurub çıxardılar” deyə cavab verdi. Bu cür ifadənin efirdə səsləndirilməsi nə dərəcədə düzgündür?
– Görürsünüz, adi bir ifadəni qəbul etmirsiniz. Ancaq yazırlar ki, “Orada belə söyürlər, siz niyə belə söymürsünüz?” Görün, biz söysək, nə olar? Əslində, o səhnədə həmin sözü demək lazım olub.
O cür də tərcümə ediblər. Amma qəbul etmirsiniz. Bizə deyirlər, çox mədənisiniz. Onu efirdə deyə bilmərik axı. Ruslar, türklər, iranlılar deyir, biz onu edə bilmərik. Biz də çox pis alınır. Tamaşaçılar bizi qınamasın (gülür).
– İlk dublyaj etdiyiniz film hansı olub?
– “Beşinci element” filmini dublyaj etmişəm. Baş rolu səsləndirmişəm. 1999-cu ildə dublyaja başlamışam.
– Dublyaj sahəsinə gəlməyinizi kim təklif etdi?
– Mənim səsimi “VVS” şirkəti üzə çıxarıb. Onlar dəvət etdi. Bakı Bələdiyyə Teatrının aktyoru Kazım Abdullayev bizi apardı. Həmin vaxtı mobil telefonum da yox idi. Kazım telefonunu həmin şirkətə verdi, hər dəfə reklam səsləndirmək lazım olanda onu yığırdılar.
Ən məşhur reklamları vaxtilə mən səsləndirmişəm. ANS-dən film dublyajına dəvət etdilər. Daha sonra AzTV-yə də dəvət aldım. ATV-nin ilk filmini mən səsləndirmişəm. Ona görə ATV mənə doğmadır.
Hazırda “Xəzər” TV-də də dublyaj edirəm. Hamısı da özü dəvət edib. Öz səsimi və dəyərimi bilən insanam. Düşünürəm ki, dəvət etməlidirlər və sağ olsunlar, həmişə mənə hörmət ediblər.
– ANS-də “Qızlar” serialı var idi. Vaxtilə çox səs-küy yaratmışdı. Niyə erkən bitdi?
– Qəşəng PR-ı getmişdi. Əslində, uzunmüddətli nəzərdə tutulsa da, yeddi seriya yayımlandı və sonlandırıldı. Maraqlı və axıcı ssenarisi var idi. Həyat yoldaşı şəhid olan biznesmen qadını canlandırırdım. Vəfa Zeynalova jurnalist idi, Zümrüd Qasımova və Təhminə Məmmədovanın obrazları isə çılğın xarakterli idi.
– Belə çıxır ki, “Umutsuz ev kadınları” və “Ufak Tefek Cinayetler” ilk dəfə Azərbaycanda çəkilib.
– Bəli, elə idi. Çox heyf, yarımçıq qaldı. Şirkət rəhbəri ilə rejissor arasında problem yarandı.
– Sizcə, paslanmış və köhnəlmiş aktyorlar kimlərdir?
– Bizim yaxşı aktyorlarımız çoxdur. Hərdən adamın heyfi gəlir ki, onlar dünyalarını dəyişirlər. Amma daha çox filmlərə çəkilib, tamaşalarda oynaya bilərdilər. Bu, adamın içini ağrıdır.
– Qorxmursunuz?
– Reallıqdır, qəbul edirəm. Sənətimiz çox vəfasızdır. Nə qədər ki, gücüm var, çalışacam ki, məndən asılı nə varsa, onu edim. Özünüz bilirsiniz ki, biz kimdənsə – rejissorlardan, ssenaristlərdən asılıyıq.
Öz qadınlığımla sənətimi bir tuturam. Necə ki, həyatda gözləmə mövqeyindəyik, sənətimiz də belədir. Ancaq fərasətdən də çox şey asılıdır. Fərasətin, pulun, sponsorun varsa, bir aktrisa kimi təklifimi irəli sürüb, peşəkar komanda yığmaq şərtilə sponsoru inandıra bilərəmsə, film çəkdirmək olar. Biz tərəfdən bunu ən çox maddiyyat həll edir. Ancaq haraya qədər?
Aktyorlarımız dünyasını dəyişəndə hər dəfə içimizdə bir şey qırılır. Nə olardı ki, onu yeni çəkilən filmlərdə görərdik. Baxmayaraq ki, vaxtında çox gözəl və qalıcı obrazlar canlandırıblar.
– Deyirlər ki, çətinliyi asan qarşılamağın yolu ya çətinliyi dəyişdirməkdir, ya da özünü dəyişdirmək. Siz hansını seçmisiniz?
– Hamı mənə “dikbaş” deyir. İpə-sapa yatmayan bir xarakterim var. Çalışıram ki, hər kəsə uyğunlaşım. Söz-söhbət həmişə olur.
Ana olmasaydım “dikbaş”lığım həmişə olardı. Fikirləşirəm ki, bu insandan işim keçir, şirindil olmalıyam. Əvvəl bilə-bilə məni qıcıqlandırırdılar. Mən də sonadək gedirdim. Sonra gördüm ki, yox, düz deyil. Bu kimlərisə sevindirmək və başqalarına yol açmaqdır.
Niyə? Elə mən bu yerin yiyəsiyəmsə, qoy elə özüm gedim də. Niyə başqasına yol açmalıyam? Onlar məni itələməsin, özlərinə başqa yerdən yol açsınlar. Məni itələmək çox çətindir. Olub ki, bir qoşuna qarşı getmişəm. Çünki düzünü etmişəm.
Heç kimin çörəyinə bais olub, qarşısını kəsməmişəm. Başımın üstündə həmişə Allahım olub. Həmişə o kişinin ətəyindən yapışmışam. Nə arxamda bir adamım olub, nə irəliyə itələyənim. Əksinə, mane olublar. On altı yaşımdan öz zəhmətimlə çalışmışam. Bunu ətrafımda olan hər kəs bilir.
Öz zəhməti ilə dolanan insanın qarşını kəsmək onların acizliyidir. Əgər insan öz işığına güvənirsə, heç vaxt başqasının parlamasından qorxmaz. Həmişə öz işığıma güvənmişəm. Parlayanlara isə sevinmişəm. Qoy parlasınlar, hərənin öz işığı var. Kimsə qorxub qarşını kəsirsə, deməli, bədbəxt insanlardırlar. Sənət həyatımdan narazı deyiləm. Öz zəhmətimlə buna nail olmuşamsa, böyük şeydir.
– Bildiyim qədərilə, ev probleminiz var...
– Tək problemim evdir. Hələ də həll olunmayıb. Ona görə özümü aciz hiss edirəm və pis oluram. Hər şeyin öz vaxtı var. Düzələcək, yəqin ki...
Bir az da bədxərcliyim var. Yaxşı geyinməyi, yaşamağı sevirəm, amma ona üzülürəm ki, on altı yaşından bu sənətə gəlmişəm, oğlumun on altı yaşı var. Hələ də evim yoxdur.
Üzülürəm ki, oğlumun xəyalında canlandırdığı uşaq otağı olmadı... (kövrəlir)
– Çətindir?
– Ümumiyyətlə, yalnız oğlumdan danışanda kövrəlirəm. Bilmirəm, nəyə görə belə olur... Bəlkə, ananın məhəbbətidir. İstəyirəm, onun üçün hər şey yaxşı olsun. Özümü deyil, onu düşünürəm..
– Oğlanlar analarına qarşı qısqanc olur. Sizdə necədir?
– Onda da olur hərdən. Bir də görürsən, “kişi-kişi” danışır. Ancaq Orxan hələ də uşaqdır. Onunla nəfəs alıram. Özümü unutmuşam, onun arzularını həyata keçirə bilmədiyimə görə üzülürəm.
Mən yenə azdan-çoxdan görmüşəm. Ailəmizdə dördotaqlı evimiz, hər şeyim olub. Oğlum üçün bunları edə bilmədim deyə, Orxana deyirəm ki, oxu, evin-eşiyin olsun, ayaq üstündə durmağı bacar, ondan sonra səni evləndirəcəm. Ailə həyatı üçün birinci ev lazımdır. Bu, çox şeyi həll edir.
– Bəs indi harada yaşayırsınız?
– Atamgillə yaşayıram.
– Oğlunuzun təhsili və evliliklə bağlı seçimlərinə qarışırsınız?
– Orxan hazırda Türkiyədə təhsil almaq üçün hazırlaşır. Hələlik fakültəni tam olaraq seçməyib. Hər gün ayrı-ayrı fikirlər səsləndirir. Mən də istəyirəm, qarşısına bir məqsəd qoyub, ona doğru irəliləsin. Lakin o, universitetə qəbul olub, mən onu oxuduğu yerə təhvil verəndə əmin olacam ki, Orxanın fikri dəqiqləşib.
Evlilik məsələsinə gəldikdə, inanırsınız, oğlum, boşanmaları görüb evlənməkdən qorxur. Deyir ki, mən evlənməyəcəm, evlənsəm də, bu, gec olacaq. Deyirəm, o nə deməkdir? Mənim nəvəm olmayacaq? Ay oğul, sənin qarşına sevdiyin qız çıxsın, elə deyəcəksən ki, məni evləndir. Bəzən deyir, qızı sən alacaqsan, ana.
Hələki uşaqdır, bu, barədə danışmaq tezdir. Əsas təhsilidir.
– Müsahibəyə görə çox sağ olun...
– Məni ağlatdınız, istəməzdim ağlayam. Onu verməyin də...(gülür)
Pərviz Hüseyn
Foto və video : Ehtiram Jabi
Retouch: Teymur Məmmədov
www.oxu.az
Rəylər