İlqar Safatın “İçəri şəhər” və Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filmləri Türkiyənin 5-ci Van gölü Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 28 oktyabr - 1 noyabr tarixlərində Van şəhərində keçiriləcək.
“İçəri şəhər” və “Qırmızı bağ” bədii filmləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.
“İçəri şəhər” filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.
“Qırmızı bağ” filminin ssenari müəllifi Mirbala Səlimli, quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.
Qeyd edək ki, Filmlər həmçinin 15-24 noyabr tarixlərində Misirdə baş tutacaq 35-ci Qahirə Beynəlxalq Film Festivalına da dəvət alıb.
“Qırmızı bağ” filminin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film Almaniyanın 65-ci Mannheym-Heidelberg Beynəlxalq Film Festivalının müsabiqə proqramına və Bakıda keçiriləcək 7-ci Avropa Film Festivalına dəvət alıb.
A.S.
www.oxu.az