Yazıçı, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, Respublika Lenin komsomolu mükafatının fəxri laureatı, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasından 106 il ötür.
Oxu.Az xəbər verir ki, Mir Cəlal Paşayev 1908-ci ildə İranın Əndəbil kəndində doğulub. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçib. 1918-ci ildə atası vəfat edib, böyük qardaşının himayəsində yaşayıb. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub (1924-1928). Tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib (1926-1927).
Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930-1932), Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik edib (1932-1935). “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası (1940), “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası (1947) müdafiə edib.
Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur.
Ədibin “Klassik irs və müasirləri”mizə dair məqalələri, monoqrafik tədqiqatları, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda yazdığı doktorluq dissertasiyası, “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.
1928-ci ildən ədəbi fəaliyyətə başlayıb. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olub (1932-1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).
Yazıçı “Sağlam yollarda”, “Dirilən adam”, “Bostan oğrusu” “Axundun iştəhası”, “Gözün aydın”, “Füzulinin poetik xüsusiyyətləri”, “Bir gəncin manifesti”, “Xalqın ürək sözü” , “Vətən” , “Yeni kəndin adamları” və s. əsərlərin müəllifidir.
Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) olub.
“Qafqazın müdafiəsinə görə”, “Əmək igidliyinə görə” (1944) medalları, “1941-45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1948), “Qırmızı əmək bayrağı” (1967), “Oktyabr inqilabı” (1978) və iki dəfə “Şərəf nişanı” (1950, 1958) ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunub.
1978-ci il sentyabrın 28-də vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn olunub. Bakı küçələrindən birinə onun adı verilib.