May ayının 29-da Moskvada Ostojenkada Emanuil Vitorqa mədəniyyət mərkəzində ictimai xadim, “Parni iz Baku” ŞHK (Şən və hazırcavablar klubu) komandasının əfsanəvi kapitanı, Milli Məclisin birinci, ikinci və üçüncü çağırışının deputatı, Day.Az informasiya portalının və “Ultra production” prodüser mərkəzinin təsisçisi Anar Məmmədxanovun kitabının təqdimatı olub.
Oxu.Az xəbər verir ki, tədbirdə ölkənin ictimai-siyasi və mədəniyyət xadimləri, xarici qonaqlar, eləcə də müəllifin dostları iştirak edib.
Qeyd edək ki, aprel ayının 18-də Bakıda Beynəlxalq Muğam Mərkəzində Anar Məmmədxanovun üç kitabının təqdimatına həsr edilən gecə keçirilib.
“Özünə sadiqlik” kitabına analitik məqalələr, esse, şərhlər, Anar Məmmədxanovun müxtəlif aktual problemlərə toxunan və müxtəlif dövrlərdə dərc edilən açıq məktubları daxil edilib.
“Heç nəyə peşman deyiləm” adlı ikinci kitab 2015-ci ildə dərc edilib. Bu kitabda Anar Məmmədxanovun 1995-ci ildən 2011-ci ilə qədər müxtəlif nəşrlərin jurnalistləri ilə söhbətləri və müsahibələri toplanılıb.
“Özünə sadiqlik” nəşri birinci “Bıt samim soboy” kitabının Azərbaycan dilinə tərcüməsidir.