23 oktyabrda “Park Cinema” kinoteatrının “Lazer” zalında Aleksey Uçitelin böyük marağa səbəb olmuş “Matilda” filminin media nümayişi baş tutub. Tədbirdə Opera və Balet tearından qonaqlar, Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin media xidməti, tanınmış kinorejissor, bloqer, müğənni, digər tanınmış simalar və mədəniyyət xadimləri iştirak ediblər.
Oxu.Az xəbər verir ki, filmin süjet xətti xeyirxah şahzadə ilə gözəl balerinadan, onların ehtiraslı məhəbbəti və bu məhəbbəti sındıran ictimai təbəqə maneələrindən, vətənə olan borcun iki gənc üçün təbii olan ehtrası məğlub etməsindən bəhs edən bir nağıl üzərində qurulub. Adətən bu cür filmləri izləyərkən tamaşaçılar göz yaşlarına qərq olur: hər iki qəhrəmanı sevir, onların puç olmuş sevgilərinə üzülür, lakin öz borclarına olan sadiqliklərinə də rəğbət bəsləyirlər – “Roma tətilləri” filminin son səhnəsini xatırlayın, şəhzadə öz sevdiyi ilə baxışları ilə vidalaşaraq öhdəliklərinə qayıdır.
Bu, tarixi həqiqətə iddia etməyən, klassik balet ənənələrini hər zaman qoruyub saxlayan görkəmli balerina, eyni zamanda, rus taxtının son vəliəhdi Nikolaya II aşiq olmuş sıradan bir həssas qız olan Matildanın həyatından bəhs edən gözəl bədii filmdir.
Tarixdən isə yalnız növbəti kinomifə keçmişə aparan reallıq oxşarlığını verəcək faktlar götürülüb: çar qatarının Borki stansiaysındakı qəzasının effektli şəkildə əks olunması, Xodınka faciəsinin təsirli şəkildə musiqi ilə uyğunlaşdırılması, gələcək imperatorun qəlbində qopan fırtınanın kulminasiyası kimi təqdim olunan təntənəli tacqoyma mərasimi. Tarixin də təsdiqlədiyi kimi, bu fırtınadan sonra dövlət qayğıları və ailə səadəti ilə birgə sərt imperiya quruluşuna qayıdışla onun qəlbinə sakitlik çökür, ta ki, final yazıların bizə xatırlatdığı tragik sonluğa dək.
Quruluşçu rejissor Aleksey Uçitel, prodüsserlər Aleksey Uçitel, Aleksandr Dostman, ssenari müəllifi Аleksandr Terexovdur.
Baş rollarda Danila Kozlovskiy, Yevgeniy Mironov, Qriqoriy Dobrigin, İngeborqa Dapkunayte, Lars Eydinger, Tomas Ostermayer, Luiza Volfram, Sara Şteyn, Qalina Tünina və digərləri çəkilib.
2 gündən sonra isə Bakı tamaşaçıları “Park Cinema” kinoteatrının böyük ekranlarında “Matilda” filmini izləyəcək və Rusiya kinosu tarixində ən qalmaqallı filmi haqda öz fikirlərini formalaşdıra biləcəklər.
Balerina Matilda Kşesinskayanın həyatından bəhs edən “Matilda” filmi Rusiyada olduğu kimi, Azərbaycanda da 26 oktyabr tarixində rus dilində Azərbaycan dilində altyazı ilə ekranlara çıxacaq.
“Park Cinema” – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə “Park Bulvar”, “Metro Park”, “Zagulba Mall” ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə “IMAX” formatlı zalın yerləşdiyi “Flame Towers”, həmçinin Masallı rayonundakı “ASAN Həyat”da yerləşən kinoteatrlar və “Amburan Beach Club”da yerləşən yay kinoteatrı daxildir.
Qalmaqallı “Matilda” filmi “Park Cinema”nın “Lazer” zalında nümayiş olundu - VİDEO + FOTO
A.S.
www.oxu.az