Bizim ölkəmiz hər zaman istedadlı insanlarla zəngin olub. Azərbaycan dünyaya çox sayda dahi bəstəkar, aktyor, rəssam, yazıçı və şair bəxş edib.
Bu gün biz oxuculara gözəl rəssam Rauf Canıbəyovu təqdim etmək istərdik. Onun şəkillərindən göz çəkmək qeyri-mümkündür, bu şəkillərə baxarkən eyforiyadan kədərə qədər müxtəlif hisslərə dalırsan.
- Rauf müəllim, lütfən özünüz haqqında danışın, harada doğulmusuz, harada təhsil almısız?
- Hər şeydən öncə icazə verin fürsətdən istifadə edib sizə və sizin Agentliyin kollektivinə mənim yaradıcılığıma göstərdiyiniz maraq və ayırdığınız zaman üçün təşəkkür edim.
Özüm haqqında qısaca danışım.
Bakıda anadan olmuşam. Ailədə yeganə uşaq olmuşam. Orta təhsili 189 saylı məktəbdə almışam. 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşam və 1979-cu ildə bitirmişəm. Sonra isə cərrah işləmişəm, ümumi iş stajım 30 ildir.
- Rəssam olacağınızı nə zaman və necə anladınız?
- Mən bu barədə heç bir zaman xüsusi düşünməmişəm. Sadəcə uşaqlıqdan rəsm çəkməyi xoşlayıram. Heç xatırlamıram nə zamandan başlamışam, amma erkən yaşlarımdan sənətə marağım olub. Dahi rəssamların əsərlərinə baxmağı sevirdim. Əsasən də bu, evimizdə olan açıqçalar olurdu. O zaman Bakıda müəyyən mənada yaxşı kolleksiyası olan yalnız İncəsənət muzeyi idi. Hər dəfə imkan olduqda ora gedirdim. Şəhərdə gəzməyi, köhnə binaları seyr etməyi, İçəri şəhərdə gəzərkən çoxəsrlik tarixi olan daşlara toxunmağı sevirdim.
Mənim bu həvəs və marağımı görən valideynlərim mənə rəssamlıq avadanlığı alırdılar, mən isə çəkirdim. Qələmdən, kömürdən, tuşdan və boyalardan da istifadə edirdim. Sonrdan ağac üzərində oyma, gildən də istifadə etməyə başladım. Bir sözlə əlimin altında olan hər şeydən istifadə edirdim. Amma hər şeydən çox məni boyalar cəlb edirdi. Yağlı boyaların ətri mənim üçün ən arzuolunan ətirlərdən idi. Mən elə indi də bu ətri sevirəm, amma o boyaların ətri fərqli idi.
- Yaradıcılığınıza ən çox nə təsir edib?
- Mənə nəyin daha çox təsir etdiyini söyləmək çətindir. Heç bir “vəhy” və ya “mayak” olmayıb. Mən bu suala qısa cavab verərdim: Məhəbbət. Sənətə olan məhəbbət.
- Əsərlərinizin əksəriyyəti kədər və nostalji hissləri ifadə edir, məsələn “Yayın son günü”, “Mövcud olmayan küçə”, “Ana hardadır?”. Əgər sirr deyilsə bu əhval-ruhiyyə nə ilə əlaqədardır?
- Biz insanlara əsasən itirdiklərimiz çox güclü emosional təsir göstərir. Adətən biz əlimizdə olanların qədrini bilmirik və yalnız itirdikdən sonra onlara çatmağa çalışırıq: sağlamlıq, maddi rifah, dostlar, valideynlər, ötən illər... siyahını uzatmaq olar. Yeri gəlmişkən deyim ki, bu, elə bu rəssamlara da aiddir, onların yaradıcılığına qiymət adətən onların ölümündən sonra verilir. Söhbət təbii ki, əsl rəssamlardan gedir.
Mən də bütün insanlar kimiyəm. Mənim bütün əsərlərim təfəkkürümdə yaranır və hisslərimin nəticəsidir. Yəqin ki, əhval-ruhiyyəmi məhz bu müəyyən edir.
- Sizin yaradıcılığınız əsasən Bakıya – küçələrinə, şəhərətrafına, sakinlərinə aiddir. Niyə məhz Bakı?
- Yəqin ona görə ki, mən bakılıyam.
- Sizin əsərlərinizdən köhnə Bakının atmosferi üçün darıxdığınız və baş verən dəyişikliklərin sizi sevindirmədiyi təəssüratı yaranır. Bu, belədir?
- Tam olaraq elə deyil. Əlbəttə ki, mən köhnə Bakı üçün, onun tıxaclarsız, heç bir etik və mənəvi prinsipləri olmayan kütlənin olmadığı sakit küçələri üçün darıxıram. Onun mehriban və ünsiyyət ənənələri olan sakinləri üçün darıxıram. Çox şey üçün darıxıram.
Amma zamanı dayandırmaq olmaz. Hər şey dəyişir: insanlar dəyişir, dəyərlər dəyişir, şəhər də dəyişir. Müasir Bakıda məni sevindirən çox şey var. Təkcə Bulvarımız nəyə desəniz dəyər. Başqa nailiyyətlər də var. İnkişaf sözsüz ki, lazımdır. Düşünülmüş rekonstruksiya da lazımdır, amma çalışmaq lazımdır ki, bu rekonstruksiya plastik əməliyyatdan sonra bəzi orqanların silikonla doldurulmasına bənzəməsin. Hər şey ahəngə uyğun olmalıdır. Bakı şəhəri hər zaman fərdi və təkrarolunmaz simaya malik olub, onu əsaslı şəkildə dəyişmək olmaz.
Nəyə görə köhnə Avropa şəhərlərinin təcrübəsindən istifadə etməyək? Orada da daima rekonstruksiya işləri aparılır, amma heç kimə ümumi ahəngi pozmağa, şəhərin tarixi obrazını əsaslı şəkildə dəyişməyə icazə verilmir. Məsələn, heç kiminda göydələn tikmək heç kimin ağlına gəlməz.
- Sənətə yeni qədəm qoyan rəssamlara və sizin yaradıcılığınızın pərəstişkarlarına nə arzu etmək istərdiniz?
- Nə arzu etmək olar? Hər kəsə yəqin ki, üç bəsit şey mane olmaz: İnam, yaxşıya Ümid və əlbəttə, Məhəbbət.
Fotolar Rauf Canıbəyovun şəxsi arxivindəndir.
Aliyə İsmayılzadə
www.oxu.az