"Tarixi və mədəni filmlər hazırlanarkən mütləq şəkildə bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmalıdır. Çünki bu, yalnız bir şəxsin həyatı deyil, bütöv bir xalqın tarixi və mədəni irsinin təqdimatıdır. Bu baxımdan bu sahədə peşəkarlara güvənilməlidir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Vüqar İskəndərov sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti" adlı qısametrajlı filmlə bağlı deyib.
Onun sözlərinə görə, bu sahədə qardaş Türkiyənin təcrübəsindən istifadə etmək lazımdır:
"Azərbaycanın dünyada tanıdılmasında əsas amillərdən biri onun zəngin mədəniyyətidir. Milli-mənəvi dəyərlərimiz içərisində miniatür sənətimiz, musiqimiz, tarixi şəxsiyyətlərimiz, şair və yazıçılarımız, qədim tarixdən süzülüb gələn mədəni irsimiz bizim eyni zamanda milli sərvətimizdir.
Biz bu kimi dəyərlərlə bağlı filmlər çəkərkən, kitablar yazarkən düşünürük ki, ən vacib məsələ - tarixi faktların təhrif olunmadan, paralel olaraq bədii yaradıcılıqla, maraqlı formada təqdim olunmasıdır. Belə olan halda həm baxımlı məhsul ortaya çıxır, həm də əsər dərin məna daşıyır və xalqımızın dəyərlərinin təbliğinə xidmət edir.
Bu sahədə qardaş Türkiyənin çox uğurlu nümunələri var. Seriallar vasitəsilə Osmanlı tarixini və ümumiyyətlə keçmişlərini bütün dünyaya tanıdırlar. Hazırda dünyada ən çox izlənilən seriallar sırasında Türkiyə lider mövqedədir. Onlar tarixi faktları bədii formada təqdim edərək maraqlı və təsirli məhsullar ortaya qoyurlar.
Bu yanaşma bizim də tarixi şəxsiyyətlərə münasibətimizdə əks olunmalıdır. Məsələn, Məhsəti Gəncəvi haqqında çəkilən filmdə onun bədii yaradıcılığı, mədəniyyətə və ədəbiyyata verdiyi töhfələr əks olunmalı olduğu halda, şəxsi həyatı ön plana çəkilərək, az qala "iş qadını" obrazında təqdim olunması Azərbaycan mədəniyyətinə hörmətsizlikdir. Bu, naşılıqdır və mənfi mənada "qara piar"dır.
Müqayisə üçün qeyd edək ki, Ermənistanda bir qadın film qəhrəmanı var. O, BMT və digər beynəlxalq platformalarda saxta qəhrəman obrazında təqdim olunur. Amma erməni ictimaiyyəti onu humanitar dəyərlərə verdiyi töhfələrlə tanıdır, az qala milli qəhrəmana çevirirlər. Bu, absurd olsa da, onların öz şəxsiyyətlərinə münasibətini göstərir.
Biz isə Məhsəti Gəncəvi haqqında qısametrajlı film çəkirik (hansı ki, insanlar bu gün uzun filmlərə maraq göstərmirlər), amma bu obraz təhrif olunmuş şəkildə təqdim olunur. Bu, milli dəyərlərimizə və mədəniyyətimizə ciddi zərbədir və yolverilməzdir.
Fikrimizcə, tarixi və mədəni filmlər hazırlanarkən mütləq şəkildə bu sahənin mütəxəssisləri ilə məsləhətləşmələr aparılmalıdır. Çünki bu, yalnız bir şəxsin həyatı deyil, bütöv bir xalqın tarixi və mədəni irsinin təqdimatıdır. Bu baxımdan bu sahədə peşəkarlara güvənilməlidir.
Belə məsələlərdə hər kəs özfəaliyyətlə məşğul olmamalıdır. Tarixi şəxsiyyətlər haqqında film çəkmək ciddi məsuliyyət tələb edir və bu, bizim tariximizə, mədəniyyətimizə və milli dəyərlərimizə hörmətin göstəricisidir".
Aqil Vəlili