Xalq artisti Hacı Murad Yagizarov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə mərhumun yaxınları məlumat yayıblar.
Bildirilib ki, 86 yaşlı aktyor bu gün Almaniyada dünyasını dəyişib.

Şamaxı xanı Mahmud ağanın nəticəsi olan Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda doğulub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görüb. 1958-62-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb.
1962-ci ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləməyə başlayıb.
H.M.Yagizarov Azərbaycan kinosunun incilərindən sayılan "Arşın mal alan", "Aygün", "Bağ mövsümü", "Bir cənub şəhərində", "Böyük dayaq", "Ulduz", "Uzaq sahillərdə" və digər məşhur filmlərdə unudulmaz obrazların mahir ifaçısı kimi yadda qalıb.
O, 1982-ci ildə "Xalq artisti" fəxri adına, 1986-cı ildə Dövlət mükafatına layiq görülüb, 2009-cu ildə "Şöhrət", 2019-cu ildə "Şərəf" ordenləri ilə təltif edilib.