Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Federasiyanın vitse-prezidenti: “Biz küçəyə çıxanda kimsə qulağını çəkir və ya pul verir” - MÜSAHİBƏ + FOTO
“Əsas odur ki, insanın ruhu qüsurlu olmasın. Fiziki məhdudiyyət əngəl deyil”.
Bunu Oxu.Az-a müsahibəsində Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov deyib.
Müsahibəni təqdim edirik:
- İlham bəy, müsahibəni qəbul etdiyiniz üçün təşəkkür edirik. Öncə özünüz haqqında məlumat verməyinizi istərdim.
- 1971-ci il aprel ayının 10-da Şirvan şəhərində anadan olmuşam. Orta məktəbə də yaşadığım şəhərdə getmişəm. Səkkizinci sinfi bitirib, peşə məktəbində təhsil aldım. Daha sonra sovet ordusunda xidmətə yollandım. Hərbi xidmətdən qayıtdıqdan sonra fikrim var idi ki, Daxili Qoşunlarda xidmət edim. Zaman elə gətirdi ki, torpaqlarımız ermənilər tərəfindən işğal olundu.
Mən də könüllü orduya yazıldım. Öz doğma torpaqlarından didərgin düşənlər hər zaman yaşadıqları ağrı-acıdan bəhs edirdilər. İbad Hüseynov və qardaşlarının məharəti məni heyran etdi. Orduya könüllü yazıldım. Dedim ki, gedib, Hüseynovlara dəstək olacağam.
- Hansı döyüşdə yaralandınız?
- 1992-ci ildə orduya qoşuldum. Kəlbəcər, Murovdağ, Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etdim. Ağdərə və Tərtər istiqamətində gedən döyüşdə yaralandım. Ağrını kəsmək üçün mənə morfin vurublar. Yolda gözlərim qapanırdı. Öləcəyimi zənn edib, kəlmeyi-şəhadəti üç dəfə təkrar etdim.
Birdən səsə ayıldım. Dedilər ki, azmışıq. Yoldaşlarıma dedim ki, xərəyi qaldırın. Qaldırdılar. Dedim ki, biz ermənilər tərəfə gedirik. Yolu da mən göstərdim. Oradan sonra huşumu itirdim. Məni Tərtərə, oradan da Bakıya gətirdilər. Mən bir həftə reanimasiyada yatdım. Mənə deyirdilər ki, ad və ev ünvanını de . Mən də düşündüm ki, iki-üç günə sağalaram. Harada yaşadığımı demədim. Ailəmin bilməsini istəmədim. Lakin təsadüf elə gətirdi ki, hərbi hospitalda Şirvan şəhərində xidmət edən baş həkimin sürücüsü məni tanıyırdı. Ailəmə xəbər veriblər. Əməliyyata gedəndə dəhlizdə ailəmlə rastlaşdım. 40 yerdən qəlpə yarası almışdım. Özümdə deyildim.
- Hüseynovlar ailəsinə dəstək çıxmaq istəyirdiniz...
- Mən orduya Hüseynovlar ailəsinə dəstək üçün yollandım. Lakin İbad Hüseynova xəstəxanada rast gəldim. Mənimlə üzbəüz çarpayıda İbad Hüseynov yatırdı. Ona dedim ki, mən ora gəlib, sizə qoşulmaq istəyirdim. Lakin gəlib hərbi hospitalda qarşılaşdım.
Çox insan Qarabağ qazisi olduğumu bilmir. Hər zaman əldə şüar etməyə ehtiyac yoxdur. Gənc qazilərimizə demək istəyirəm ki, müharibədən qurtulmağın ən düzgün yolu formanı çıxarıb, evdə gizlətməkdir. Onlar müharibə sindromundan qurtulmalıdırlar.
- Boccia idman növünə nə zaman başladınız?
- Yaralanan zaman bədənimdə 40-a yaxın qəlpə var idi. Onlardan 7-si onurğamdadır. Biri boyun fəqərəmdədir. Çıxarsaydılar, əllərim də işləməzdi. 7 ay əllərimi heç işlətmədim. Heç vaxt deməmişəm qalxım ayağa, gəzim. Həmişə demişəm ki, Allahım heç olmasa əllərim işləsin. Bir gün hospitalda almanı yedim. Dedim ki, əgər bunu vedrəyə atsam, əllərim açılacaq. Alma vedrəyə düşdü. Yavaş-yavaş əllərim açıldı.
Daha sonra həyata adaptasiya oldum. Mən paralimpiya ilə məşğul olurdum. Kamandan ox atma üzrə Azərbaycan çempionu olmuşam. 2013-cü ildə Krımdan qayıtdım. 2014-cü ildə bocciaya başladım. Boccia əlləri zəif olan insanlar üçündür.
“YouTube”da izlədim, öyrəndim. Baş məşqçi olaraq ilk federasiya yaradan insan mənəm. Əvvəlcə buna əyləncə kimi baxdıq. 2018-ci ildə paralimpiyaya daxil olduq. Baş məşqçi, katib oldum. Hazırda da vitse-prezidentəm. 7 dəfə Azərbaycan çempionatı keçirmişik. Beynəlxalq yarışlarda iştirak etmişik. 19 medalımız var - 11 qızıl, 1 gümüş, 6 bürünc.
- Boccia ilə məşğul olan neçə idmançı var?
- Hazırda milli komandada 16 nəfər var. Azərbaycan çempionatında 100-dən artıq idmançı iştirak edib. Son üç ildir ki, uşaqları da yığırıq. Uşaq paralimpiyası başlayır. 7 yaşdan 15 yaşa qədər. Bocciaya tələbat var.
- Məşq prosesindən danışmağınızı istərdim.
- Boccianı inkişaf etdirmək üçün bilyard masasını yerə qoydum. Topları bilyard oyunu kimi quraşdırmağa başladım. Öz bildiyim kimi çertyoj çəkdim. İslandiyanın baş məşqçisi bir gün bizə yazdı ki, sizi izləyirəm, tanış olmaq istəyirəm. Daha sonra dedi ki, hansı kitabla edirsən. Özüm yaratdığımı dedim. Biz İtaliyada qızıl medal qazandıq. Boccia İtaliyada yaranıb. Onlar etiraf etdilər ki, yarış başlayanda Azərbaycanın adı gələndə gülüblər, lakin sonra ilk qarşılaşma bitəndən sonra qorxulu rəqiblərinin olacağını görüblər.
- Məqsədiniz nədir?
- Məqsəd əlilliyi olan insanları yenidən həyata qaytarmaqdır. Onlar işləməli və öz üzərilərində çalışmalıdırlar. Kimsəyə möhtac deyillər. Düzdür, bəzən biz küçəyə çıxanda kimsə qulağını çəkir və ya pul verir. Hər zaman uşaqlar deyirəm ki, yumor qatın.
Bir dəfə ziyarətgahda bir uşaq mənə pul verdi. Uşağın başını sığallayıb. Dedim ki, atana de ki, fiziki məhdudiyyətli insanlar dilənçi deyillər. Valideyni sonra gəlib, üzr istədi. Dedi ki, sağ olun, bu, mənim üçün həyat dönüşü oldu.
- Sosial şəbəkə hesabınızda bir paylaşımınıza rast gəldik və çox bəyəndik. Paylaşımda qeyd olunmuşdu ki, insanın qüsuru olmasa, istedadı üzə çıxmaz.
- O bir fransız aliminin fikri idi. Həmin alim çox qısa ömür yaşasa da, müdrik sözləri var. Əsas odur ki, insanın ruhu qüsurlu olmasın. Fiziki məhdudiyyət əngəl deyil.
Mən ola bilərdi ki, evə qapanım. Yüzlərlə insan var ki, o vəziyyətdədir. Lakin stimul tapdım. Sırf fiziki məhdudiyyətimə görə çalışdım. Bu yerlərə gəlib çıxdım. Yüzlərlə əlilliyi olan insana cığır açmağa çalışdıq. Fiziki məhdudiyyət istedadı üzə çıxardı. Həyata düzgün tutunmaq lazımdır.
- Əlilliyi olan insanlara nə tövsiyə edərdiniz?
- Əlilliyi olan insanlara tövsiyə edirəm ki, birinci təhsil alın. Mən gəlmişdim təhsil almağa, təhsilim yarımçıq qaldı. 2019-cu ildə Bakı Humanitar Kollecinə qəbul oldum. Hazırda da Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbəsiyəm. Sosial iş üzrə təhsil alıram.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər