Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Gəncləşmək istəyənlər özlərini aldadırlar" - Dermatoloqdan DƏRİ ilə bağlı suallara cavablar
"Prosedur peşəkar həkim tərəfindən yerinə yetirildiyi və keyfiyyətli botoksdan istifadə olunduğu halda orqanizmə heç bir ziyanı yoxdur".
Bu sözləri Oxu.Az-a müsahibəsində Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinin dekanı, dermatoveneroloq Elşad Novruzov deyib. Onunla müsahibəni təqdim edirik:
- Yaz-yay mövsümüdür. Bilirik ki, Günəş şüaları həm xeyirlidir, həm də ziyanlı. Hansı məqamda xeyirlidir, hansında ziyanlı?
- Günəş bizim üçün həyat mənbəyidir və onun insan orqanizminə sonsuz faydaları var. Əvvəllər Yer səthinə A və B ultrabənövşəyi şüaları çatırdı, indi onlara S şüası da əlavə olunub. A şüaları dərinin dərin qatına, B şüaları isə səthinə nüfuz edir. S şüaları isə, qeyd edim ki, ozon təbəqəsini dəlib keçən ən zərərli şüa növüdür.
Günəş şüalarının mənfi və müsbət tərəfləri var. Müsbət tərəflərindən danışaq. Günəş şüaları D vitaminin sintezinə yardımçı olur, kalsium tarazlığını təmin edir, insanın psixologiyasına müsbət təsir göstərir, depressiyanın qarşısını alır, gecə yuxusunu yaxşılaşdırır. Bunu da qeyd edim ki, Günəş şüasından alınan D vitamini hər hansı qida və ya dərmanla alınan D vitaminindən daha üstündür. İndi ciddi D vitamini əskikliyi var. Kim analiz versə, D vitamini çatışmazlığı olduğu üzə çıxar. Niyə? Ona görə ki, indi daha çox hamı ofis şəraitində işləyir. Səhər ofisə girir, axşam çıxır, gün üzü görmür. Günəşdən orqanizmə vacib olan D vitaminini ala bilmir.
Günəş şüalarının mənfi təsiri də var. A ultrabənövşəyi şüaları, dediyim kimi, dərinin alt qatına sirayət edir. Yəni dərinin tez qırışmasına, qocalmasına gətirib çıxarır. B şüaları dərinin səthinə təsir edir. Səthdə piqmentləşməyə, ləkələrin əmələ gəlməsinə, çilləşməyə gətirir. Bundan başqa, bədənimizdə sonradan yaranan və anadangəlmə xallar var. B şüaları onlara da mənfi təsir göstərə, qıcıqlandıra bilir. Hətta adi xalı bədxassəli xala da çevirə bilir. Ona görə də bilmək lazımdır ki, Günəş şüalarının xeyri olduğu qədər də zərəri var. Ondan düzgün istifadə etmək, əndazəni aşmamaq lazımdır.
- Bəs bu tarazlığı necə qoruyaq? Əndazəni hansı göstəriciyə görə nəzarətdə saxlayaq və aşmayaq?
- Həddi aşmamaq, orqanizmə ziyan verməmək üçün tibbi ədəbiyyatda verilən vaxta söykənmək lazımdır. Amma bir məsələ də var ki, saat nisbi rəqəmdir. Bəzi ədəbiyyatlarda səhər vaxtı saat 10-a, bəzilərində 11-ə qədər, axşam vaxtı isə 4-dən sonra Günəş altında gəzməyin xeyirli olduğu yazılır. Amma deyim ki, axşamüstü Günəş şüaları daha faydalıdır, nəinki 11-ə qədər. Təəssüf ki, bizdə insanların əksəriyyəti dəniz mövsümündə günortadan gedirlər çimərliyə. Nəticədə dərilərində yanıqlar əmələ gəlir.
- Solyarinin orqanizmə ziyanı varmı?
- Solyari şüalarının təsiri Günəş şüalarının təsirindən təxminən yüz dəfə çoxdur. Bu isə o deməkdir ki, onun mənfi təsiri də yüz dəfə çoxdur. İnsanlar, xüsusilə də xanımlar bədənlərinin rəngini dəyişmək üçün edirlər, amma bu, çox ziyanlıdır. Ən yaxşı halda dəri xərçənginə gətirib çıxarır. Üstəlik də, dəridə olan xalların qıcıqlanmasına səbəb olur.
- Günəşdən qorunmaq üçün müxtəlif SPF (Sun Protection Factor - red.) kremləri var satışda. Onların çeşidləri həddindən artıq çoxdur. Krem seçərkən nəyə diqqət etməliyik?
- Günəş kremləri (SPF) dəri tipinə uyğun olaraq seçilməlidir. Bəzən insanları üz dərisində olan qabıq yanıldır. Dəridə qabığın olması onun quru tip olması demək deyil. O qabıq yağlı dəridə də ola bilər. Ona görə də dərinin tipi həkim tərəfindən müəyyən edilməlidir. Çünki əgər dəri yağlıdırsa, ona su əsaslı SPF, əgər quru dəridirsə, ona yağ əsaslı SPF lazımdır. Bundan başqa, SPF kremlərinin bəziləri ancaq B, bəziləri ancaq A, bəziləri isə A və B şüalarından qoruyur. Bunların da fərqi var. İnsanlar, təəssüf ki, aptekdəki satıcının verdiyi SPF-i alırlar. Amma bu, əslində, həkim məsləhəti ilə olmalıdır.
- Dəridə müxtəlif rəngdə, ölçüdə və formada xallar olur. Hansı xallar bizi narahat etməli, həkim qəbuluna aparmalıdır?
- Xal dəri törəməsidir. Onun forması, rəngi və s. narahat olmaq üçün əsas ola bilər. Onlardan bir neçəsini qeyd edim. Qısa müddət ərzində böyüyən xaldan şübhələnmək lazımdır. Məsələn, on ildir, bir xal var, doqquz il olduğu kimi qalıb, amma son bir ildə qəfil böyüyüb. O zaman həkimə müraciət etmək vacibdir. Bundan başqa, xal var, simmetrikdir, xal da var, ulduzvaridir, guşəlidir qırağı. Bu da narahatlıq üçün əlamətdir. Həmçinin, xalda qanaxmaya meyillilik varsa, qaşınma, göynəmə varsa, müayinə olunmağa ehtiyac var. Qeyd edim ki, xal bir rəngdə olmalıdır. Fərqi yoxdur hansı rəngdədir (qara, qəhvəyi, qırmızı, göy), əsas odur ki, bir rəngdə olsun. Amma xalın rəngində başqa rəngin çalarları varsa, bu artıq şübhə doğurmalıdır. Belə olan hallarda həkimə müraciət etmək lazımdır.
- Bəzi insanların dərisi ala-taladır. Bu nə ilə bağlıdır?
- Bu, autoimmun xəstəliyidir və vitiliqo adlanır. Buna el arasında "ala-tala xəstəliyi" də deyilir. Dəriyə rəng verən melanin hüceyrələridir. Onlar dəridə eyni nisbətdə yayılır. Amma bəzi insanlarda dərinin məhdud yerlərində görürsən ki, rəng itir. Müayinə etsək, həmin yerdə melanin hüceyrələrinin olmadığını və ya öldüyünü görəcəyik. Sual çıxır: Niyə? İzah edirəm. Bizim bədənimizin həm ümumi immuniteti, həm də yerli immuniteti var. Baxın, vitiliqoda bədən həmin yerdə elə bilir ki, melanin onun deyil. Və o, öz yerli immunitetinin gücü hesabına o melanini uzaqlaşdırır. Nəticədə həmin yerdə dərinin rəngi ağarır. Vitiliqonun universal, məhdud, yayılmış kimi formaları var. Məhdud forma istənilən yerdə və istənilən ölçüdə, yayılmış növü üz nahiyəsində olur. Universal forması isə tükdən tutmuş bütün bədəni əhatə edir və dərinin hər yerində ağarma baş verir. Məsələn, dünya pop kralı Maykl Ceksonda da vitiliqonun universal forması olub. O vaxt deyirdilər ki, guya o, qaradərili olduğu üçün ağ dəri köçürüb. Xeyr, onda vitiliqo xəstəliyi vardı.
Eyni şeyi bədənin müəyyən nöqtələrində tökülən tüklər barədə də deyə bilərik. Bədənin məhz həmin nöqtəsi elə bilir, tük ona aid deyil və atır. Biz bunu həmin yerdə immuniteti azaltmaqla müalicə edirik. Yəni immunitet azalır və onun tükü bədəndən atmağa gücü çatmır.
- Son dövrlərdə xanımlar, elə bəylər də gəncləşmək, üz dərilərinin hamar və gözəl görünməsi üçün botoksdan geniş şəkildə istifadə edirlər. Bu zaman hansı nüanslara diqqət yetirilməlidir?
- Təəssüflə bildirmək istəyirəm ki, bizdə əksər insanlar qiymətə fikir verirlər. Yəni daha ucuz olan yerə üstünlük verir və özlərini müəyyən yalanlarla aldadırlar (məsələn, filan yerdə kampaniya idi, ancaq məhsulun pulunu ödədim, filankəs mənim tanışımdır, mənə endirim etdi və s.). Bunu bilmək lazımdır ki, botulinum toksin və ya hamının tanıdığı botoksun qalıcılıq müddəti beş aydan başlayır və mütəmadi edilərsə, arta-arta gedir. Amma birinci istifadədə 12 ay qalıbsa, deməli, bu botoksun qatqısı var və o, keyfiyyətsizdir. Lakin bu cür halda pasiyentlər şübhələnmirlər. Əksinə, həkimin daha yaxşı və peşəkar olduğunu, digərlərindən daha keyfiyyətli məhsullar istifadə etdiyindən vurduğu botoksun daha qalıcı olduğunu düşünürlər.
- Botoksun dəriyə, orqanizmə ziyanı varmı?
- Prosedur peşəkar həkim tərəfindən yerinə yetirildiyi və keyfiyyətli botoksdan istifadə olunduğu halda onun heç bir ziyanı yoxdur. Onun işi müvəqqəti olaraq həmin yerin innervasiyasını dondurmaqdır. Bir müddətdən sonra açılır və öz işini davam etdirir. Amma yenə də deyirəm, bunu peşəkar həkim etməlidir. Və belə olduğu halda botoksun heç bir ziyanı yoxdur. Botoks təkcə gözəl görünmək üçün deyil, həm də miqren ağrılarında geniş istifadə olunur. Nəticəsi də yaxşıdır. Bilirik ki, miqren bərk başağrısı verir və ağrını götürmək üçün heç bir dərman kömək etmir. Həmin vaxtda sinirə botoks vurulur. Botoks oradakı vəziyyəti dondurur. Bunu mütəmadi istifadə etdikcə ağrılar daha əvvəlki kimi şiddətli olmur.
- Lazer epilyasiyasının orqanizmə mənfi təsiri varmı?
- Lazer epilyasiyasının dəriyə heç bir ziyanı yoxdur. Amma burada da bir məqam var. Epilyasiya avadanlığının keyfiyyətsiz olması, düzgün istifadə olunmaması dərini yandıra, ləkə sala bilər. Bu işdə də peşəkarlara müraciət etmək lazımdır.
- Nə edək ki, dərimiz gec qocalsın? Ümumiyyətlə, dərini qocaldan nədir?
- Dərini tez qocaldan, sıradan çıxaran səbəblər zamanla su mübadiləsinin azalması, kallogen sintezinin zəifləməsidir. Cənubi Qafqaz günəşli yerdir. Deyilən saatlara Günəşdən qorunmalıyıq. Dəriyə qulluq düzgün olmalıdır. Həmçinin, kosmetik vasitələr düzgün - yaşa, dəriyə, orqanizmə uyğun olaraq seçilməlidir. Qida rasionumuza, yuxumuza fikir verməliyik. Bütün bunlar dəriyə birbaşa təsir edən vacib faktorlardır.
- Dermatologiya sahəsində də özünümüalicə geniş yayılıb?
- Dəri xəstəliklərində insanlar yaranan problemin ilkin mərhələsində müraciət etmirlər. Bizim sahədə özünümüalicə halları o birilərindən daha çoxdur. Əgər dəridə nə isə bir problem varsa - qaşınma, qızarma və s. - dərhal qonum-qonşuya, tanış-bilişə müraciət edirlər. Və başlayırlar eksperiment aparmağa. Kim nə məlhəm çəkibsə, ondan çəkirlər və s. Nəticədə problemi aradan qaldıra bilməyib, klinik mənzərəni dəyişirlər. Ondan sonra vəziyyətin pisləşdiyini görüb həkimə müraciət edirlər. Çox pisdir ki, aptekdə satıcılar xəstələrə məsləhət verirlər. Xəstələr də həkimə getmək əvəzinə, onlara qulaq asırlar. Bu da mənfi nəticələrə gətirib çıxarır. Bunu demək istəyirəm ki, sonradan peşman olmamaq üçün hər bir işdə işin peşəkarına müraciət etmək lazımdır.
Daha çox foto burada: PhotoStock.az
Xanım Aydın
Rəylər