Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Niyaməddin Paşayev: Döyüşə başlayanda düşündüm ki, sağ qalmayacam – MÜSAHİBƏ
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı taekvondo üzrə dünya və Avropa çempionu, “Tərəqqi” medalı mükafatçısı, Taekvondo Federasiyası Yığma Komandalarla iş üzrə vitse-prezident Niyaməddin Paşayevdir.
- Paşayev, bizə bir az özündən danış.
- Mən 1980-ci il mayın 1-də Qubadlıda anadan olmuşam. Uşaqlığım orda keçib. 1986-cı ildə Muğanlı kəndində birinci sinfə getmişəm. 1993-cü ildə məlum səbəblərdən bura gəldik. Daha sonra Sumqayıtda məskunlaşdıq, burda 8 saylı məktəbə getdim. Bilirsiz də idmanla məşğul oldunsa həm dərs, həm də idmana çətin olsa da vaxt ayırmalısan.
- Qubadlı yadındadırmı?
- 9 yaşımdan nə olubsa hamısı yadımdadır – havası, suyu, təbiəti. Ən çox da yay tətili maraqlı keçirdi. Orada Həkəri çayı var, daha çox bunlar yadımda qalıb. İnanıram ki, bu hissləri yaşadığımız o günləri yenidən yaşayacağıq.
- O dövrdə daha çox karate dəbdə idi. Necə oldu taekvondoya maraq göstərdin?
- O vaxtı uşaqlara nəzarət daha ciddi idi. Vəziyyət yaxşı deyildi, həyətdə dostlarımızla oynamağa icazə vermirdilər, hər yerə rahat çıxmaq olmurdu. Ona görə də valideynlərim mənim idmanla məşğul olmağımı istədi, buna özümün də marağı vardı.
1993-cü il idi. Atamın dostlarından biri taekvondoyla məşğul idi. Tərənnüm Bayramovun döyüşünə baxmağa getmişdik və elə o bizə Sumqayıtda Ələkbər İmaməliyevi məsləhət gördü. Beləliklə, 1994-cü ildə mən ilk dəfə bu idmana başladım.
- İlk elə bu idmanla məşğul olmusan?
- İlk dəfə taekvondoyla başlamışam, indiyənə kimi də davam edirəm. Seçdiyim idman növünə xəyanət etməmişəm. Bu idman növünü çox bəyənirəm və seçdiyimə görə də peşman deyiləm.
- Futbolumuza baxırsan? Kimlərlə dostluq münasibətin var?
- Baxıram. “Qarabağ”, “Qəbələ” futbol klublarına azarkeşlik edirəm. Mahir Şükürov, Kamran Ağayev, Rəşad Sadıxovla münasibətim yaxşıdır.
- 1990-2000-ci illərdə məşqlər necə idi və indi necədir?
- O vaxtı bu qədər, yəni indiki kimi inkişaf etməmişdi. Öz zalımız var idi, orda məşq edib beynəlxalq yarışlara gedirdik, nəticələrimiz də yaxşı olurdu. 2000-ci ildən sonra daha çox inkişaf elədi. Kəmaləddin Heydərovun rəhbərliyi altında Taekvondo Federasiyasının işləri bu gün də göz qabağındadır. Vitse-prezident Aydın müəllim, Nağı müəllim, Səməd müəllim, yəni hər kəsin işi göz qabağındadır. İnanıram ki, irəlidəki illərdə Taekvondo Federasiyası öz fəaliyyəti ilə daha çox işlər görəcək.
İndi isə 2015-2016-ci illərdə baş tutacaq Olimpiadaya hazırlaşırıq.
- Hazırlaşırıq deyirsiz, məsələn, nələri nəzərdə tutursuz?
- Bu hazırlıq gündəlik deyil, 3-6 aylıq proqramlardır. İdmançılarımız hazırlaşırlar, inanırıq ki, taekvondo özünü göstərə biləcək. Artıq bir müddətdir ki, Olimpiadada medalımız yoxdu, inanıram ki, bu dəfə olacaq.
- Azərbaycanda taekvondoçu deyəndə kimlərin adları çəkilməlidir?
- Rəşad Əhmədov, Elnur Amalov, Təvəkkül Bayramov, Zahid – taekvondoda öz sözünü demiş idmançılardır. Hamısı həm yaxşı dost, həm yaxşı idmançıdır.
- Taekvondoda nəyə diqqət etmək vacibdir?
- Qidaya mütləq fikir verməliyik. Səhər gimnastika daha sonra səhər yeməyi olmalıdır. Səhər yeməyində bal, qaymaq, yağ, kürü – bunlar mütləqdir. Yeməyimizə fikir verməliyik.
- Dostlarım deyirsən. Yaxşı, dost necə olur? Dosta çoxmu ehtiyac var?
- Yaxşı dost dayaqdı, insanın dostu mütləq olmalıdır. Mənim dostlarım var, amma çox deyil. Dost çox yox, az olmalıdır ki, üzünü çevirəndə onu görə biləsən.
- İdmanla məşğul olmaq çətindi, ya rəsmilərlə işləmək?
- Məncə, idman çətindir, onu əvəz edə biləcək və yaxud onunla bərabər çətin olacaq bir peşəni deyə bilmərəm. İdman qədər həssas, çətin bir peşə tanımıram.
- Səni nə əsəbiləşdirir?
- Haqsızlıq çox əsəbiləşdirir məni, çox pis reaksiya verirəm.
Daha sonra, məsələn, bir idmançı illərlə çalışır, hazırlaşır, əziyyət çəkir gedir yarışa və bir balaca məsuliyyətsizlik bütün əziyyətini vurur yerə. Bax onda əsəbimi heç kəs görməsin, çox pis oluram, özümdən çıxıram. Belə olmaz, belə etməyin. Özünüz öz əziyyətinizi dəyərsiz etməyin.
- Başqa ölkələrdə Azərbaycan deyəndə səncə, ağıla ilk kim və ya nə gəlir?
- Əvvəllər çox yerdə Azərbaycan deyəndə çoxu tanımırdı, çalışırdıq nəsə deyək, başa salaq, amma indi Azərbaycan deyəndə artıq Avropa, Asiya – dünya tanıyır. Əsas da idmançılarımızı tanıyırlar, ən çox da neft ölkəsi olaraq tanıyırlar.
- Hansı döyüşdə həm təəccüblənmisən, həm çəkinmisən, həm də narahat olmusan?
- Deməli, döyüşdə idik, fasilə olur. Hakim mənə dedi ki, sənin vaxtına var, mən də getdim uzandım bir az. Elə oldu ki, yatıb qalmışam. Bir də gördüm məni oyadırlar, tez çıxdım ki, gedim yarışa. Mənlə döyüşəcək idmançını görəndə isə məşqçimə sakitcə dedim ki, bu axı mənə görə çox böyükdü. Bu neçə kq ilə çıxış edir ki?! Məşqçim dedi ki, alınacaq, çəkinmə. Keçdik döyüşməyə, fikirləşirdim ki, sağ qalmayacam (gülür). Çünki mənə görə çox böyük idi və döyüşün ortasında hakim döyüşü saxladı ki, bəs yanlışlıq olub, həmin bu idmançının çəkisi çoxdu, sən başqası ilə döyüşməlisən. Bilirdim ki, nəsə yanlışlıq var. Həmin döyüşdə həm çəkinmişdim, həm də təəccüblənmişdim, amma axırı yaxşı bitdi (gülür).
- Azərbaycan idmanına nə lazımdır?
- Güləş, cüdo, taekvondo – bütün bu idman növləri Azərbaycanda inkişaf edib və edir də. Cənab prezidentin diqqəti göz qabağındadır. Bir idmançının əziyyətinə diqqət varsa, deməli, orda inkişaf da olacaq, həvəs də. Öz adımdan Cənab Prezidentə, daha sonra Kəmaləddin Heydərova təşəkkür edirəm. Onların diqqəti bizə hər zaman lazımdır.
P.S. Çəkilişdə göstərdiyi köməyə görə “Erto” mebel şirkətinə təşəkkürümüzü bildiririk.
Nərmin Kazımova
Foto: Asif Əliyev
www.oxu.az
"Kəmaləddin Heydərov" teqi üzrə xəbərlər
- Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - YENİ TƏYİNATLAR
- Kəmaləddin Heydərov: "2024-cü ildə respublika üzrə 13 545 yanğın hadisəsi qeydə alınıb"
- Nazir rəisi işdən çıxardı - YENİ TƏYİNAT
- Kəmaləddin Heydərov polkovnik Şəmsəddin Əmrahovu vəzifəsindən AZAD ETDİ
- Kəmaləddin Heydərov rəisi işdən çıxardı
Rəylər