Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qərbin Azərbaycana qarşı qərəzinin əsas səbəbləri - "Ermənilərdən alət kimi istifadə edirlər"
"Əslində, biz Qərbin ikili standart nümayiş etdirməsinə artıq vərdiş etmişik. Son hadisələr də bir daha göstərir ki, Qərbdə müəyyən dairələr var ki, Azərbaycan əleyhinə bu və ya digər müstəvilərdə öz siyasətlərini yürütməkdədirlər".
Bunu Oxu.Az-a müsahibəsində Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Onun sözlərinə görə, bəzi hallarda Qərb təsisatlarının digər ölkələrə qarşı merkantil (maddi, ticari) maraqları olur ki, Azərbaycan həmin maraqların təmin olunmasına maneçilik edir:
- Digər hallarda isə bu maraqlar erməni lobbisinin təzyiqləri altında olur. Xüsusən də həmin ölkələrdə keçiriləcək seçkilərdən əvvəl bu kimi münasibətlərin açıq şəkildə büruzə verdiyinin şahidi oluruq. Bu da bilavasitə erməni diasporunun səsini qazanmaq üçündür ki, onların maraqlarına cavab verə bilən bəyanatlar, şüarlar həyata keçirilir.
- Hətta bu kontekstdə Azərbaycanı həqiqətə uyğun olmayan məsələlərdə də ittiham edirlər...
- Burada isə Qarabağı könüllü tərk edən ermənilərdən istifadə edir, onların Qarabağdan guya məcburi şəkildə çıxarıldığını deyirlər. Halbuki, Azərbaycan separatçı rejimin qalıqlarına son qoymaqla öz ərazisində separatçılığa son qoymuş oldu. Həmin ərazilərdə yaşayan erməniəsilli sakinlər o rejimin əsiri idilər. Faktiki olaraq Azərbaycan onları bu əsarətdən qurtardı. Ümumiyyətlə, Azərbaycan yeganə dövlətlərdən biri hesab oluna bilər ki, son bir neçə onillik ərzində öz ərazisində separatizmə son qoyub, qondarma rejimin fəaliyyətini darmadağın edib. Ona görə də Azərbaycan bu mövzuda özü ilə öyünə bilər. Amma bunu həzm etmək istəməyən dairələr var ki, onlar güclənən və söz sahibi olan Azərbaycanın mövqeyinin daha qətiyyətli olmasını qəbul edə bilmir və buna görə də müxtəlif vasitələrlə dövlətimizə qarşı təhdid və şər dolu kampaniya aparmağa çalışırlar.
- Maraqlıdır ki, erməniəsilli şəxsləri Qarabağdan çıxmağa qondarma rejimin rəhbərləri məcbur ediblər. Amma Qərb dairələrinin səsi ermənilərdən daha çox çıxır. Bu, absurd deyil?
- Azərbaycan həmin ermənilərə vətəndaşlıq alaraq ölkədə qalmalarını təklif etmiş və bunun üçün bütün zəruri şəraiti yaratmışdı. Eyni zamanda, onların təhlükəsizliyinə tam zəmanət verirdi. Hətta Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyasını təmin etmək məqsədilə Reintegration.gov.az portalı istifadəyə verilmişdi ki, ərazilərimiz tərk edən şəxslər sonradan həmin portalda qeydiyyatdan keçərək təhlükəsiz şəkildə geri qayıda bilsinlər. Amma onlar bu imkandan da istifadə etmədilər.
Nəticə etibarilə bu onu göstərdi ki, Ermənistan əhalisi arasında Azərbaycan xalqı ilə birgə yaşamaq istəyi yüksək deyil. İndi Qərb ölkələri həmin faktdan tamamilə başqa bir kontekstdə istifadə edir və Azərbaycanı tamamilə başqa şəkildə qələmə verməyə çalışırlar. Bununla da Azərbaycanın nüfuzuna zərbə vurmaq məqsədi güdürlər. Lakin bütün bu cəhdlər mənasızdır. Çünki Azərbaycanın istinad etdiyi beynəlxalq hüquq var. Azərbaycanın riayət etdiyi ümumbəşəri və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan normalar var.
- O zaman deyə bilərikmi ki, Qərbin bu tipli cəhdləri hər zaman fiaskoya məhkum olacaq?
- Təbii ki, bu ikili standartların heç bir mənası olmayacaq. Çünki 30 ildən çox müddətdə etnik təmizləməyə məruz qalan Azərbaycan olduğu halda, ittiham olunan tərəf də Azərbaycandır. Birincisi, Qərbi Azərbaycan ərazisindən yüzminlərlə soydaşımız məcburi şəkildə çıxarılıb, işgəncələrə, qətllərə və amansız davranışa məruz qalıb, həmçinin işğal dönəmində Qarabağ ərazisindən qaçqın düşən vətəndaşlarımız eyni aqibəti yaşayıblar. Bütün bu hadisələr məhz azərbaycanlı olduğumuz üçün başımıza gətirilmişdi. Bu gün də bu hüquqlarımız pozulmağa davam edir, soydaşlarımızın Qərbi Azərbaycan torpaqlarına qayıdışı təmin olunmur, Ermənistan, Azərbaycandan fərqli olaraq, etnik mənsubiyyəti olan şəxslərin geri qayıdışına təhlükəsizlik zəmanəti vermir. Bu gün Azərbaycana qarşı mina terroru hələ də davam edir. İşğala məruz qalan ərazilərdə zaman-zaman minaların partlaması nəticəsində mülki şəxslərin bu və ya digər formada yaralanması və ölməsi barədə biz xəbərlər alırıq. Hətta mina xəritələri də dəqiqliklə bizə təqdim edilmir.
- Bəs nə üçün həmin Qərb olmayan bir hadisəyə görə bu gün Azərbaycanı ittiham etməyə cəhd edir, lakin bir milyondan çox işgəncələrə məruz qalan, hüquqları kütləvi şəkildə pozulan soydaşlarımız üçün səsini çıxarmır?
- Çünki Azərbaycana qarşı sərgilənən düşmənçilik qəsdən davam edir. Baxmayaraq ki, masada müzakirə olunan sülh müqaviləsi var, iki dövlət arasında 13 kilometrlik dövlət sərhədinin müəyyən olunması və onunla bağlı delimitasiya və demarkasiya işlərinin yerinə yetirilməsi müzakirə edilib. Bütün bunlara baxmayaraq, yenə də Ermənistan hökuməti, onun rəsmiləri müxtəlif tribunalardan Azərbaycana qarşı irqçi şüarlar səsləndirirlər. Bu yaxınlarda Ermənistan parlamentinin sədri Alen Simonyan azərbaycanlıların Qərbi Azərbaycan torpaqlarına qayıdışı ilə bağlı şərh bildirərkən tam irqçi bir cavab vermişdi. Lakin bu kimi məsələlər nədənsə özünü demokratiyanın carçısı sayan mərkəzlər tərəfindən şərh olunmur, amma olmayan bir hadisədə Azərbaycanı ittiham edirlər. Bütün bunlar Qərbin riyakarlığını və Azərbaycana qarşı həmişə qərəzli mövqedə olduğunu göstərir.
- Bu ikili standartların və qərəzli yanaşmanın Azərbaycana hansısa təsirləri var və ya ola bilər?
- Əksinə, Azərbaycan bütün bu xüsusları bir kənara qoyaraq inkişaf etməkdə davam edir. Azərbaycan yenə də Cənubi Qafqazın flaqman dövlətidir. Azərbaycan yenə də Cənubi Qafqazda reallaşan bir çox transmilli beynəlxalq layihələrin təşəbbüskarıdır. Azərbaycansız bu layihələr mümkünsüzdür. Bu gün dünyanın nəhəng dövlətləri Azərbaycan üzərindən keçən bir çox logistika və enerji layihələrini reallaşdırır, yaşıl enerji məsələləri ilə bağlı yeni strateji xətləri müəyyən edir. Həmçinin, Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən böyük layihələrin reallaşmasında bilavasitə iştirak edir və Azərbaycanın zəmanəti sayəsində həmin layihələr uğurla icra olunmaqdadır.
Azərbaycanın Avropaya ixrac edilən qazı hesabına bu gün Avropanın 10 dövləti enerji təhlükəsindən sığortalanıb. Yəni Azərbaycan, bütün çətinliklərə baxmayaraq, bu və ya digər formada, həm də həmin dövlətlərin enerji təhlükəsizliyinə zəmanət verən bir dövlət qismində beynəlxalq münasibətlər sistemində iştirak edən bir dövlətə çevrilib. Təbii ki, bu kimi məsələlərdən narahat olan həmin anti- Azərbaycan qüvvələr müxtəlif üsullar vasitəsilə, Ermənistan kimi ölkələri alət etməklə Azərbaycanın günü-gündən artan imicini və güclənən mövqeyini qəbul edə bilmirlər. Ona görə də hər vəchlə bu prosesin qarşısını almaq istəyirlər.
- Türk dünyasının institusional inkişafı, Azərbaycanın isə burada aparıcı ölkə qismində iştirak etməsi Qərbi bu istiqamətdə də narahat edən məsələlərdən sayıla bilərmi?
- Bu gün böyük türk dünyasının müxtəlif sahələr üzrə əlaqələrinin gücləndirilməsi, ortaq bir ideologiya ətrafında 300 milyondan çox əhalini özündə birləşdirən yeni siyasi mərkəzin güclənməsi həm də Azərbaycanın iştirakı ilə baş verir ki, Qərbin bir çox türkofob əhvali-ruhiyyəsində olan siyasi dairələri və güc mərkəzləri bu prosesin qarşısını almağa cəhd edirlər. Lakin bütün bunların da hamısı əbəsdir. Çünki artıq dünyanın mütərəqqi qüvvələri, xüsusilə də dünyada gedən yeni geosiyasi prosesləri praqmatik dəyərləndirən güclər Azərbaycanın bu artan rolu və imkanlarından öz maraqları naminə istifadə etmək istəyirlər.
Mərahim Nəsib
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
- ABŞ Konqresi hökumətin maliyyələşdirilməsinə dair qanun layihəsini qəbul etdi: "Şatdaun" olmayacaq?
- İŞİD-in lideri məhv edildi
- ABŞ Budapeştə "Qazprombank"la bağlı güzəştə gedib
- ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə sanksiyaların ləğvini müzakirə edib