Ukraynada humanitar vəziyyət pisləşməkdə davam edir. Müxtəlif mənbələrə görə, artıq 2,5 milyona qədər ukraynalı qaçqın ölkəni tərk edib. Daha çox insan ölkə daxilində məcburi köçkünə çevrilib - Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, təkcə Kiyevi iki milyona yaxın insan tərk edib.
Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin üzvü, xaricdəki ukraynalıların hüquq və maraqlarının müdafiəsi məsələləri üzrə alt komitənin sədri Svyatoslav Yuraş vəziyyəti Oxu.Az-a şərh edib.
- Bir çox xarici ekspertlər Ukraynada artıq humanitar fəlakətin baş verdiyi, ya da bu fəlakətin astanasında olduğu qənaətindədir...
- Ukraynanın, təbii ki, çoxlu resursları var, hər şey bir saniyədə yox olmur. İnsanlar bir-birinə əl uzadır, orduya kömək edirlər. Amma bəli, bizdə artıq humanitar fəlakət var. Milyonlarla qaçqın Ukraynadan Avropaya üz tutur. Mühasirədə olan şəhərləri tərk etməyə məcbur olan köçkünlər, dinc əhali ilə bağlı vəziyyət daha gərgindir. Bunlar isə əsasən uşaqlar və qocalardır.
Adi məhsul tədarük zəncirləri işləmir, bu, bütün səviyyələrdə problemlər yaradır. Mən Kiyev vilayətini, vəziyyətin ən gərgin olduğu yerləri gəzirəm. Biz məhsulların, zəruri malların tədarükünü təşkil etməyə çalışırıq.
- Ukraynalı qaçqınlar həqiqətən də çoxdur, lakin onları qəbul etməyə hazır olanların sayı da çoxdur. Məsələn, Azərbaycanda insanlar necə kömək edə biləcəkləri, müharibə səbəbindən evlərini tərk etmiş ukraynalılara necə sığınacaq verə biləcəkləri ilə maraqlanırlar.
- İlk növbədə onu deyim ki, biz Azərbaycan xalqına göstərdiyi mövqeyə və Ukrayna xalqına verdiyi dəstəyə görə çox minnətdarıq.
İndi bütün humanitar yollar, necə deyərlər, “anında” formalaşır. Azərbaycana hansısa logistik marşrutun necə təşkil oluna biləcəyini söyləmək çətindir. Bizdə axı genişmiqyaslı müharibə gedir. Amma bir daha deyirəm ki, biz çətin vəziyyətdə olan ukraynalılara kömək etməyə hazır olan azərbaycanlılara çox minnətdarıq.
- Mövzuya davam edək. İki milyondan çox ukraynalı (onların sayı, bütün proqnozlara görə, daha da artacaq) ölkədən kənarda qaldı. Onların hüquqlarını kim qoruyur?
- Səfirliklərimiz işləyir, nəhəng Ukrayna diasporu da var ki, kömək etməyə hazırdır və edir.
- Sizcə, Qərbin Ukraynada baş verənlərə reaksiyası kifayət qədər adekvatdırmı? Yardım gəlir, lakin tam dəstəkdən danışmaq çətindir.
- Aydındır ki, Qərb Rusiya ilə genişmiqyaslı müharibədən ehtiyatlanır. Bəs öldürülən ukraynalı uşaqlarla bağlı daha nə qədər kadr lazımdır?! Qərbin düzgün qərar verməsi üçün ölkəmiz daha nə dərəcədə məhv olmalıdır?!
Biz fəaliyyətdəyik və ümid edirik ki, Qərb ölkələri dünyanın ikinci ordusunu məğlub etmək, həmçinin yaşamağa çalışdığımız dünya nizamının normalarını qorumaq üçün Ukraynanın nə qədər dəstəyə ehtiyacı olduğunu anlayacaqlar.
Rusiya prezidenti Vladimir Putin ukraynalıların xalq adlandırılmaq hüququnu rədd edərək, ukraynalıların və rusların bir xalq olduğunu, Ukraynanın isə səhvən yaradılmış dövlət olduğunu bəyan edib.
Amma ukraynalılar həmişə öz dövlətçiliyini, müstəqilliyini müdafiə ediblər. Biz özünü məhv etməyə imkan verməyəcək bir xalqıq. İndi bunu həm Rusiya, həm də bütün dünya görür.
Nair Əliyev