Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qurama rejimlə hər hansı qeyri-qanuni xarakter daşıyan təmaslar, qeyri-qanuni iqtisadi fəaliyyət yolverilməzdir.
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qeyri-qanuni fəaliyyət göstərən “Qarabağ Telecom” mobil operator şirkətinin dünyanın müxtəlif mobil operatorları ilə “rominq sazişləri” imzalaması birbaşa Azərbaycanın telekommunikasiya məkanına müdaxilədir.
Bu baxımdan xüsusi canfəşanlıq göstərən, Azərbaycanın məsul orqanları tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, əməkdaşlıq şəbəkəsini genişləndirən şirkətlərdən biri də Rusiyanın VimpelCom qrupuna daxil olan Beeline mobil operatorudur.
Əsası 1992-ci ildə qoyulan, Rusiyanın ikinci ən böyük mobil operatoru olan və Nyu York Birjasına daxil olmuş ilk rus kompaniyası olan VimpelCom-un həmtəsisçiləri Dmirti Zimin və ABŞ vətəndaşı olan Augie Fabeladır. Hazırda kampaniya Rusiya Federasiyasının 97 faiz əhalisinin məskunlaşdığı əraziləri əhatə edir. MDB məkanında isə VimpelCom kompaniyasının 6 dövlətdə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Gürcüstan, Qırğızıstan və Ermənistanda ofisləri fəaliyyət göstərir. Kompaniya 2006-ci ildə ArmenTel mobil şirkətinin səhmlərinin 90 faizini almışdır.
Beeline mobil operatoru Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz olaraq fəaliyyət göstərən “Qarabağ Telecom” ilə əməkdaşlıq edərək, abonentlərinə rominq xidmətləri təklif edir. Bu yaxınlarda Beeline-nin Ermənistandakı ofisinin baş direktoru Andrey Pyataxin “Ryadom” proqramı çərçivəsində “Qarabağ Telecom” la əlaqələrini daha da genişləndirmək barəsində niyyətlərini ifadə etmişdir.
“Ryadom” adlı yeni bir proqrama başlamışlar ki, bu da işğal olunmuş ərazilərlə daha sərfəli danışıqlara imkan yaradır.
Belə şirkətlərdən biri də İsveçrədə fəaliyyət göstərən “Comfone”-dur. Comfone-da Beeline kimi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü pozaraq, işğal olunmuş ərazilərdə rominq fəaliyyətini dayandırmır.
Bir çox belə şirkətlər olub ki, diplomatik kanallar vasitəsilə müraciətlər nəticəsində işğal olunmuş ərazilərdəki rominq fəaliyyətini dayandırıblar və hətta Azərbaycandan üzr istəyiblər.
Bu kimi halların qarşısının alınmasında diplomatik vasitələrlə yanaşı, ictimai tənqid, qınaq və konkret mövqeyin ortaya qoyulması labüddür. İqtisadi nəzəriyyədə istifadə edilən “iqtisadi millətçilik/vətənpərvərlik” terminin praktik nəticələrinə dünyanın müxtəlif dövlətlərinin təcrübələrində rast gəlmək olar. Yəni, Rusiya və ya İsveçrədə yaşayan həmvətənlərimizin bu şirkətlərin xidmətlərindən imtina etmələri və ya bu ölkələrə səfər edən azərbaycanlıların rominq istifadə edərkən bu şirkətlərin xidmətlərini seçməməsi “iqtisadi vətənpərvərlik” və “#BoycottBeeline”-nın praktiki nümunəsidir. Büdcə kəsirini bu şirkətlər dərhal hiss edəcəklər.
Bu cür davranış tərzi nümayiş etdirən şirkətlərlə siyasi, iqtisadi, psixoloji təzyiq və təsir vasitəsi kimi Azərbaycan Respublikasında fəaliyyət göstərən mobil operatorların rominq razılaşmalarının dayandırılması məsələsinə də baxıla bilər. İlkin mərhələdə bu şirkətlərlə rominq sahəsində daha çox dövriyyəyə malik olan Azərbaycan mobil operatoru tərəfindən xəbərdarlıq xarakterli məktub göndərilə bilər. Bu halda da adekvat münasibət göstərilmədiyi təqdirdə, birtərəfli qaydada razılaşmaya xitam verilə bilər. Azərbaycanın mobil rabitə, o cümlədən rominq xidməti istifadəçilərinin sayının Ermənistandan artıq olduğunu nəzərə alaraq, rominq razılaşmalarının dayandırıldığı şirkətlərin büdcəsində bu fakt dərhal özünü büruzə verəcəkdir.
Təbii ki bu səpkidə olan geniş miqyaslı tədbirlər öz nəticəsini verir. İlk növbədə, “informasiya əsri”nin tələblərinə uyğun olaraq twitter (#BoycottBeeline haştəqi ilə) və facebook kimi qlobal sosial şəbəkələrdə geniş təbliğat kampaniyasının başladılması məlumatlandırma, maarifləndirmə, həqiqətlərin çatdırılması və etirazların bildirilməsi baxımından çox vacibdir.
Necə deyərlər #BoycottBeeline #BoycottComfone. Uğurlar!
Rauf Babayev
www.oxu.az