Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “TRT World”də 12 iyul tarixindən Ermənistan ordusunun Tovuz rayonu istiqamətində Azərbaycan ordusunu ağır silahlardan atəşə tutmasına dair “Ermənistanla Azərbaycan arasında sonuncu toqquşma təsadüfi deyil” adlı məqaləsi https://www.trtworld.com/opinion/the-latest-armenia-azerbaijan-clashes-are-no-coincidence-38166 dərc olunub.
Mərkəzdən verilən məlumata görə, məqalədə gərginliyin əsas səbəbinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin apardığı diplomatik danışıqların nəticəsiz qalması olduğu vurğulanır.
Qeyd olunur ki, Ermənistanın hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərindən çıxarmaqdan imtina etməsi və diplomatik danışıqların formatını dəyişdirmək səyləri danışıqlar prosesinin uğursuzluğunun əsas səbəbidir.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin danışıqların mənasız olduğu və ATƏT-in Minsk Qrupunun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə son qoyması üçün təzyiq göstərməli olduğuna dair çıxışı vurğulanır:
“Ermənistan 2016-cı ilin aprel döyüşlərindən fərqli olaraq bu dəfə müttəfiqlərinin dəstəyini alacağını düşünürdü. Bu da yeni hökumətin xalq arasında nüfuzunu artıracaqdı. Lakin Ermənistan yenə müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmədi. Bu, qismən Azərbaycanın KTMT üzv dövlətləri - Rusiya, Belorus, Qazaxıstan, Qırğızıstan ilə münasibətləri yaxşılaşdırması ilə əlaqədardır”.
Həmçinin “Modern Diplomacy” portalında BMTM-in əməkdaşı Nağı Əhmədovun “Ermənistan-Azərbaycan münaqişəsində yeni qaynar nöqtə” adlı məqaləsi https://moderndiplomacy.eu/2020/07/16/new-hotspot-in-the-conflict-between-armenia-and-azerbaijan/ dərc olunub.
Müəllif yazır ki, iyulun 12-də bütün dünyanın COVID-19 böhranı ilə mübarizə apardığı bir vaxtda Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində yeni əraziləri ələ keçirmək üçün hücum edib. Məqalədə bildirilir ki, bununla yanaşı, Yerevan Azərbaycanı ilk hücum etməkdə ittiham edir. Qeyd edilir ki, son hadisələr Yerevanın Madrid Prinsiplərindən imtina etmək istədiyini və hərbi işğalın nəticələrini möhkəmləndirməyə cəhd etdiyini göstərir.
Azərbaycan sərhədində gərginliyi ilk kimin başlatdığına dair müəllif əsaslandırma irəli sürərək bildirir ki, danışıqlar nəticəsiz olduqdan sonra gərginliyin başlaması qaçılmaz idi. Bu xüsusda Nağı Əhmədov Ermənistan baş naziri Nikol Paşinyanın bu ilin mayında Azərbaycanın tarixi Şuşa şəhərinə səfərinin Azərbaycan xalqı arasında ciddi narazılığa səbəb olduğunu qeyd edir.
Həmçinin müəllif bildirir ki, münaqişənin alovlanması xalqın diqqətini koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərdən yayındıracaq və bu baxımdan Ermənistanda vəziyyət daha pisdir: “Aydındır ki, sərhəddə baş verən əsas toqquşmanın səbəbi həll olunmamış münaqişədir. İşğal olunmuş Azərbaycan torpaqlarında status-kvonun möhkəmləndirilməsi cəhdi həll yolu deyil”.