Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.
“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.
Dinc aksiyaya qoşulan ekofəallar hazırda yüksək əhval-ruhiyyədədirlər.
Bu dəqiqələrdə etirazçılar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edirlər və milli rəqslər oynayırlar.
Eyni zamanda ekofəallar və gənc könüllülər dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
