10 
Dek
2018
20:00
70
272
16331
Virtual karabakh

Əhməd Əhmədzadə: Heydər Əliyev dedi ki, bu sözün xoşuma gəldi

10 Dek, 2018
20:00
16331

Əhməd Əhmədzadə: Heydər Əliyev dedi ki, bu sözün xoşuma gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabiq dövlət başçısı, mərhum Heydər Əliyevin vəfatından 15 il ötür.

Azərbaycanın  34 illik ictimai-siyasi həyatı (1969-2003-cü illər) onun adı ilə bağlıdır.

Bu müddətdə Heydər Əliyev Azərbaycana uğurla rəhbərlik etməklə (fasilələrlə) yanaşı, həm də dövlət idarəetməsində iştirak edən və bu prosesdə fəal rolu olan yüzlərlə, bəlkə də, minlərlə kadr yetişdirib. Həmin kadrlardan biri də uzun müddət partiya-sovet orqanlarında yüksək vəzifələrdə işləmiş, hazırda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadədir.

Əhməd müəllimlə söhbətimiz məhz Heydər Əliyevlə arasında olmuş bir hadisə ilə bağlıdır.

O, söhbətə belə başlayır:

- Günlərin bir günü rayonumuzun - Qaxın birinci katibi işləyən Səfiyyə xanım Dibirova məni kabinetinə çağırdı, dedi ki, bir məktub var, onu aparıb Mərkəzi Komitəyə vermək lazımdır. O,  mənə ya yoldaş Əhmədzadə, ya selloid deyirdi, sel-su işləri ilə məşğul olduğuma görə (gülür).

Dedi, selloid, bir məktub var, bunu çatdırmaq lazımdır Mərkəzi Komitəyə, amma Bakıya getməyini Qaxda heç kim bilməməlidir.

Bu yerdə xatırladım ki, bizim onunla həm də müəyyən ailə söhbətlərimiz olmuşdu.

- Nəyə görə?

- Çünki mənim həyat yoldaşım Qaxda komsomol işçisi idi. Özü bizi çağırıb ayrı-ayrılıqda söhbət etmişdi ki, ikiniz də perspektivlisiniz, amma bu rayonda biriniz qabağa gedə bilərsiniz. Mən də demişdim ki, istəyirsiniz, məsləhətdirsə, yoldaşımı komsomola birinci katib qoyun, mənə yeni vəzifə lazım deyil. Məndən sonra yoldaşımı da çağırmışdı ki, vəziyyət belədir, o da demişdi ki, yox, mən qadınam, ev işlərim var, evin kişisidir, qoy, o getsin qabağa, qoy o olsun.

Dediyim odur ki, aramızda belə səmimi söhbətlər olmuşdu. Çox incə, çox diqqətli adam idi, hər şeyi ölçürdü-biçirdi. Bir də ailə məsələsini başa düşürdü ki, nə ola bilər... Yəni, o, tarazlığı gözləyirdi. Sonra dedi ki, bunu heç kəs bilməsin. Dedim ki, evli adamam, ailə sahibiyəm, heç kəs bilməsə də, yoldaşım bilməlidir hara getdiyimi. Bilməlidir ki, olmayacağam, axşam evə gəlməyəcəyəm.

Güldü, dedi, yaxşı, ona de, amma get, burada heç kəs bilməsin, o da heç bilməsin ki, Bakıya niyə gedirsən.

O vaxt Gürcüstanda elmi rəhbərim var idi. Dedim, yaxşı, onda deyərəm, gedirəm Tiflisə. Beləliklə, məktubu da götürüb Zaqataladan təyyarə ilə gəldim Bakıya. Ancaq düzünü desəm, bilmirdim məktubun içində nə var. O vaxt bəzi gürcü şovinistləri var idi ki, Gürcüstandan gələrək, Qaxda yaşayan gürcülər arasında Azərbaycanın əleyhinə anti-təbliğat aparırdılar. Dedim, yəqin məktub onunla bağlıdır, birinci katib də istəmir ki, kimsə bilsin, birdən məktub itər, ona görə məndən göndərir.

Gəldim Mərkəzi Komitəyə, çünki məktubu kuratora təhvil verməli idim. Kurator dedi ki, sənin buraxılışın var, gəl buraya.  Buraxılış vərəqəsini də  götürüb çıxdım kuratorun kabinetinə,  kurator da aldı məktubu, açdı, oxudu.

- Məktubun içindəkilər barədə Sizə bir söz demədi?

- Heç nə demədi, yenə deyirəm, bilmirəm məktubun içində nə var. Heç məktubun məzmunundan, həcmindən xəbərim yox idi. Amma gördüm ki, bir vərəqdir. Fikirləşdim ki, bir vərəqdə böyük şey olmaz, yəqin, arayış olar. Mənim qabağıma anket qoydu, dedi ki, doldur. 

Dedim, bu, nədir? Dedi ki, sən büro üzvüsən?

Dedim ki, bəli. Dedi ki, sənin şəxsi işin olmalıdır, gərək anketi doldurasan. Şəxsi işi doldurandan sonra dedi, səni rəhbərlik qəbul edəcək. Apardılar məni  Mərkəzi Komitənin şöbə müdiri İsmayıl Əsgərovun yanına, onunla da haradasa iki saat danışdıq, söhbət etdik.

- Sizi ondan əvvəlcə kim qəbul etmişdi?

- Əvvəlcə, Ramiz Hüseynov. O, Mərkəzi Komitədə inspektor idi. İsmayıl Əsgərov mənimlə  söhbət etdi, söhbətimiz iki saata yaxın çəkdi, amma o da mənə heç nə demədi. Bu nədir, nə məsələdir, heç nə demədi. Sadəcə, onu dedi ki, “bala, gözlə, səni rəhbərlik qəbul edəcək”.

Sonra da məni götürdü, apardı bir-iki mərtəbə yuxarıya, oradan da kabinetə daxil oldum.  Mən də bilmirəm, tanımıram bura kimin qəbul otağı, kabinetidir, nə bilim ki, bura haradır. İsmayıl müəllim məni köməkçinin yanına qoydu, özü keçdi içəri. 

Bu şəxsi işi - başqa bir yoldaş var idi, onunla bir yerdə içəri qoydu, çıxdı. İçəridən çıxdı və dedi ki, “səni qəbul edəcəklər, oğul”. Beləliklə, sonradan bildim ki, bura haradır, kimin kabinetidir.

Beləliklə, o zaman Mərkəzi Komitənin birinci katibi işləyən rəhmətlik Ulu Öndər Heydər Əliyev məni qəbul etdi, 10-15 dəqiqə mənimlə söhbət etdi.

- Bu, neçənci ildə oldu?

- 1975-ci ilin iyun ayı idi. Heydər Əliyev dedi ki, səni rayon partiya komitəsi, bir də Mərkəzi Komitənin şöbəsi Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə təqdim edir.

Mən də  bundan sonra nə deyə bilərdim?! (gülür). Dedim ki, bu, mənim üçün çox böyük etimaddır. Heydər Əliyev də qayıdıb dedi ki, “mən də onların təqdimatını müdafiə edirəm, cavansan, çox gəncsən, amma görürəm, işləyə bilərsən. Gəncsən, savadlısan, dünyagörüşün yerindədir, get, işlə”. 

Dedim ki,  xalqın, dövlətin böyük etimadı həm də böyük məsuliyyətdir. Bu söz Heydər Əliyevin çox xoşuna gəldi. “Düz deyirsən, böyük məsuliyyətdir. Etimadı gərək doğruldasan, işini məsuliyyətlə yerinə yetirəsən” dedi. 

Mənim daha “yox gedə bilmərəm, işləyə bilmərəm” deməyimə şərait yox idi. Çıxdım, gəldim şöbəyə. Orada rayona qayıtmağımı məsləhət gördülər, mən də qayıtdım rayona.

Getdim Suvarma Sistemləri İdarəsinə. Bir də gördüm Səfiyyə müəllim zəng edir. Dedi, gəlmisən, dedim, bəli. Dedi, bəs niyə gəlmirsəm yanıma?! Dedim, niyə gəlim ki?! Bir az incik kimi danışdım. “Dur, gəl bura” dedi. Getdim yanına.

Başladı gülməyə. Dedi ki, “hamısından xəbərim var, bilirdim ki, sənə desəm, etiraz edəcəksən,  getməyəcəksən, çünki demişdin ki, elm dalınca gedirəm, elmi işim var, vəzifə istəmirəm, mən də baxdım, gördüm bu rayonda sən daha çox bu vəzifəni haqq edirsən, ona görə məsləhət bildim”.

Dedi, sağ olsun, Heydər Əliyev də səni müdafiə edir, çox xoşu gəlib.

Onu da dedi ki, “indi bilmirəm, sən necə olacaqsan, gələcəkdə məni söyəcəksən ki, məni bu bəlaya salan belə olsun,  elə olsun, amma,  hər halda, bu, hökumət işidir”.  

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri