Pakistan hakimiyyəti müxalifətin kütləvi etirazları fonunda fövqəladə vəziyyət rejiminin elan edildiyi Xayber-Paxtunxva əyalətində silahlı qüvvələrin bölmələrini yerləşdirmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Dunya News" telekanalı Pakistan Daxili İşlər Nazirliyinin bildirişinə istinadən məlumat yayıb.
Bildirilib ki, Pakistan Konstitusiyasının 245-ci maddəsinə əsasən, hərbçilər hüquq-mühafizə orqanlarına və yerli administrasiyaya ictimai asayişin qorunmasında, vətəndaşların, eləcə də dövlət və ictimai obyektlərin mühafizəsində kömək göstərəcəklər.
Hərbi qüvvələrin əyalətdə yerləşdirilməsi oktyabrın 11-dən qüvvəyə minən fövqəladə vəziyyət rejiminin bütün müddəti ərzində davam edəcək.
Xatırladaq ki, Pakistan hakimiyyəti daha əvvəl Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət elan edib və vali idarəçiliyi tətbiq edib. Bu qərar yerli hökumətin terrorizmlə effektiv mübarizə apara bilməməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, əyalətə müxalif Pakistan Ədalət Hərəkatı (PTI) partiyası rəhbərlik edir. Partiyanın tərəfdarları oktyabrın 4-dən həbsdə olan təşkilatın təsisçisi, Pakistanın keçmiş baş naziri İmran Xanın azadlığa buraxılması tələbi ilə paytaxt İslamabada doğru etiraz yürüşü keçirirlər.
İmran Xan 2018-2022-ci illərdə Pakistanın baş naziri olub. O, 2022-ci il aprelin 10-da vəzifəsindən kənarlaşdırılıb.
2023-cü ildən həbsdə olan siyasətçi korrupsiya ittihamı üzrə 14 il müddətinə azadlıqdan məhrum edilib.