Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiya XİN rəsmisi Dağlıq Qarabağ münaqişəsi barədə
Rusiyanın xarici işlər nazirinin müavini Georgi Karasin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini Ermənistan XİN rəhbəri Zöhrab Mnasakanyanla keçirdiyi görüşdə müzakirə edib.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə G.Karasin jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, tərəflər Azərbaycan və Ermənistan liderlərinin görüşünü təqdir edib, belə görüşlərin davam etdirilməsini istədiklərini bildirib.
“ATƏT Minsk qrupu həmsədrləri bunun üzərində çalışır. Ancaq düşünürəm ki, qarşıda müxtəlif səviyyələrdə - ölkə liderləri səviyyəsində və xarici işlər nazirləri səviyyəsində yeni görüşlər var. Görüşlərin substantiv olması, real nəticələr gətirməsi və irəliləyişə yol açması üçün onların hazırlığı yaxşı təşkil olunmalıdır”, - deyə rusiyalı diplomat diqqətə çatdırıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi ətrafında beynəlxalq şəraitin sakit və gözlənilən olması vacibdir.
Dağlıq-Qarabağ münaqişəsinin nizamlanmasında hər hansı irəliləyişin gözlənilib-gözlənilmədiyi sualına rusiyalı XİN rəhbəri müavini “bunun çətin sual olduğunu” söyləyib.
“Hamı istərdi ki, irəliləyiş tez əldə olunsun. Ancaq realist olmaq, sağlam düşüncəyə və beynəlxalq ictimaiyyətin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılan danışıqlara etibar etmək lazımdır”, – deyə diplomat qeyd edib.