Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Arif Məlikov dəfn olunub - YENİLƏNİB + FOTO
Görkəmli bəstəkar, Xalq artisti Arif Məlikov torpağa tapşırılıb.
Oxu.Az xəbər verir ki, A. Məlikov I Fəxri xiyabanda dəfn olunub.
Dəfn mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, təhsil naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər, habelə mərhumun yaxınları, mədəniyyət xadimləri iştirak ediblər.
14.50
Xəbər verdiyimiz kimi məşhur bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti Arif Məlikov 85 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, mərhumla vidalaşmaq üçün bir çox incəsənət nümayəndələri və sənətkarlar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına gəliblər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəybəyli dahi bəstəkar haqqında bunları deyib:
“Arif müəllim Azərbaycan bəstəkarlıq məktəbinin, ən parlaq ən istedadlı, ən unikal nümayəndələrindən biridir. Hələ gənc yaşlarında maestro Niyazi ilə birlikdə dahi baletmeyster Qori Qriqoriyeviç, həmçinin Nazim Hikmət kimi dahi insanlarla ünsiyyətdə olmuşdu. Qara Qarayevin tələbəsi idi. Onun ən məşhur əsəri “Məhəbbət əfsanəsi” dünya şöhrəti qazandırıb. Bu əsər dünyanın 62 ölkəsində böyük uğurla tamaşaya qoyulub. Arif müəllim böyük pedaqoq idi. Səhhətində problem yaransa da, son günlərinədək akademiyaya gəlirdi. Bu, Azərbaycan mədəniyyəti üçün ağır itkidir”.
Xalq artisti Faiq Sücəddinov isə bunları deyib: “Arif Məlikovun həyatdan köçməsi məni çox kədərləndirdi. Vaxtı ilə mənim müəllimim olub. Heç inanmaq olmur ki, belə dahi şəxsiyyət artıq həyatda yoxdur. Amma onun dahi musiqiləri bizimlə hər zaman yaşayacaq. Tələbələri ilə hər zaman gözək ünsiyyətdə olurdu. Allah ona rəhmət eləsin”.
Mədəniyyət naziri Əbülfəs Qarayev isə bildirib ki, A. Məlikovun adı daim Azərbaycan xalqının yaddaşında və mədəniyyət səlnaməsində qalacaq:
“Bizim aramızdan böyük bir şəxsiyyət ayrıldı, Arif Məlikov haqq dünyasına qovuşdu. Amma onun adı daim Azərbaycan xalqının yaddaşında və mədəniyyət səlnaməsində qalacaq. Düşünürəm ki, onun sənət əsərləri musiqiçilərin, orkestrlərin repertuarından silinməyəcək. Çünki bu musiqi Azərbaycan xalqınının zəngin mədəniyyətinin parlaq nümumələrindən biridir. Allah ona rəhmət eləsin. Əminəm ki, Azərbaycan xalqı Arif Məlikovun əziz xatirəsini daima ürəyində yaşadacaq”.
Əməkdar artist Elza Seyidcahan isə bunları deyib:
“Bizim dahi müəllimimiz idi Arif Məlikov. Gözəl xususiyyətlərə, keyfiyyətlərə malik bir dahi şəxsiyyət idi. Yumşaq qəlbli, eyni zamanda gözəl insan, xalqımıza şərəflə, son nəfəsinə kimi xidmət göstərən dahi bəstəkar idi. Əsərləri və musiqiləri ilə o, böyük mədəniyyətə böyük bir iz qoydu. Onun çoxlu istedadlı tələbələri arasında mən də varam. Çox xoşbəxtəm ki, Arif müəllimin tələbəsi olmuşam. Mədəniyyət üçün çox böyük bir itkidir. Allah rəhmət eləsin!”.
Rəşad Əliyev
Foto Ramil Zeynalov