Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rusiyalı ekspert: Putin və Ərdoğan Qarabağı müzakirə edəcək
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu gün Moskva vilayətinin Jukovsk şəhərində Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanması üzrə danışıqlar prosesində formalaşan vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
Bunu Oxu.Az-a beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.
Onun sözlərinə görə, iki prezidentin "MAKS-2019" Beynəlxalq Aviakosmik Salonunda gözlənilən görüşünün məzmunu ümumilikdə bütün dünya ictimaiyyəti üçün bir çox intriqalardan ibarətdir.
Ekspert qeyd edib ki, Rusiya və Türkiyə liderləri iqtisadi əməkdaşlığın və hərbi-strateji tərəfdaşlığın detallarını müzakirə edəcəklər:
"İdlibdəki vəziyyət də müzakirələrin mövzusu olacaq. Türkiyənin Suriya ordusu və hökumətinə qarşı mübarizə aparmaq üçün barışmaz və mülayim silahlı müxalifətin dəstələrinin təchizatı üzrə fəaliyyəti ilə bağlı Moskva və Ankara arasında müəyyən anlaşılmazlıqlar var. Rəsmi Ankara qarşılıqlı razılaşmalar əsasında bu əraziyə görə cavabdehlik daşımalıdır. Bununla belə, düşünmürəm ki, sözügedən məsələ ilə bağlı danışıqlar sərt keçsin. Çünki Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iki liderin görüşü ərəfəsində bəyan edib ki, Türkiyə və onun lideri bir çox istiqamət üzrə Rusiyanın mühüm dostu və müttəfiqidir".
Y.Mixaylov əlavə edib ki, iki lider Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də toxunacaq:
"Qarabağ məsələsinə gəlincə, fikrimcə, bu mövzu da Putin və Ərdoğan arasında müzakirə olunacaq, amma hazırda dialoq çox güman ki, fikir mübadiləsi xarakteri daşıyacaq. Bundan başqa, daha vacib dünya problemləri var. Onlara, o cümlədən, Azərbaycanı cəlb etmək yolu ilə birgə səylərlə nəzarət etmək lazımdır. Mən, həmçinin radikal erməni ekstremistlərdən ibarət terror qruplarının Dağlıq Qarabağ ərazisində qanunsuz hərbi birləşmələrin möhkəmləndirilməsi məqsədilə Suriyadan Azərbaycanın işğal olunmuş torpaqlarına daxil olmasının qarşısının alınmasını nəzərdə tuturam".
Onun fikrincə, son vaxtlar Azərbaycan və Ermənistanın rəsmi nümayəndələri arasında müxtəlif səviyyədə keçirilmiş görüşlər “bir qədər birtərəfli xarakter” daşıyır:
"Bir tərəfdən, Bakı danışıqlar prosesini davam etdirmək və Yerevanla hansısa konsesusa gəlmək istəyir, digər tərəfdən isə Yerevanın heç bir razılığa gəlməmək istəyi göz qabağındadır. Baş nazir Nikol Paşinyanın "miatsum"la bağlı cəfəng bəyanatları da Ermənistanın destruktiv mövqeyini gücləndirir".
Ekspert diqqətə çatdırıb ki, hazırda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə danışıqlar prosesində pat vəziyyət formalaşır:
"Çox güman ki, daha sərt və üçüncü ölkələrlə razılaşdırılmış üsullardan istifadə etməklə bu vəziyyətdən çıxmaq lazım olacaq".
Rasim Babayev
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"