Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rusiyanın Azərbaycan mediası haqqında ədalətsiz qərarı – ŞƏRH
Rusiya Ukrayna müharibəsində istifadə etdiyi informasiya bombalarının nişangahını Azərbaycan mətbuatına da tuşlayır.
Rusiya Ukraynadakı müharibə barədə xəbərlər verən, mövzu ilə bağlı analitik yazılarla çıxış edən Azərbaycanın üç saytına (Oxu.Az, minval.az, haqqin.az) öz ərazisində girişi bloklayıb.
Özü də görün bunu kim edir – Rusiya, o Rusiya ki, həmişə informasiyanı öz mahiyyətindən qoparıb imperialist təbliğatın mahiyyətində itirərək jurnalistikanın prinsiplərinə tüpürüb.
Rusiya mətbuatı təbliğat metodlarına görə, əlahiddə funksiyaların daşıyıcısıdır, bunu illərdir müşahidə edirik. Elə 44 günlük Vətən müharibəsində Azərbaycana çirkin münasibəti ifadə edən materiallar Kremlin təbliğat vasitəsinə çevrilən media orqanlarında xüsusi canfəşanlıqla verilib.
Həmin saytların və ya televiziya kanallarının adlarını belə çəkmək istəmirik, həyasızlıq kriteriyalarına görə, onlar məşhurdur. Bununla belə Azərbaycan Vətən müharibəsində özünə qarşı ideoloji silahlanmış həmin media qurumlarına girişi bloklamadı. Çünki haqlı idi və bu haqqın qarşısında çeynənmiş yalanlar çox aciz görünürdü.
Bəs Azərbaycan mediası, eləcə də Rusiyanın blokladığı saytlar nə edir? Sadə həqiqətlərin dərc edilməsində iştirak edir, daha çox rəsmi məlumatlara istinad edir və Rusiyaya qarşı təbliğata qoşulmadan jurnalistikanın və analitik soyuqqanlılığın prinsipləri əsasında materiallar yayımlayır.
Ancaq bu, Rusiyanın siyasi sancılarını artırır. Rusiya tərəfi Qərbə informasiya müharibəsində uduzmasının acığını Azərbaycan mətbuatından çıxmaq istəyir, bununla isə biz yox, Rusiya özü itirir.
Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar, Azərbaycana məxsus bu atalar sözünün mahiyyəti rəsmi Moskva üçün necə də yerinə düşür.
Yaxşı olar ki, Rusiya tündlüyünü azaldaraq mətbuatla düzgün işləmək mexanizmini yaratsın, media resurslarının səsini boğmaqdansa, açıqlamalarının sayını artırsın və Ukraynaya görə verdiyi iqtisadi və hərbi itkilərin hirsini Azərbaycanın üzərinə tökməsin.
Azərbaycanın isə belə hallara qarşı immuniteti var, onsuz da Rusiya özü bu immunitet qarşısında duruş gətirə bilməyəcək. Ona görə də Moskva verdiyi ədalətsiz qərarı ləğv etməlidir.
Aqşin Kərimov
"Ukrayna" teqi üzrə xəbərlər
- Zelenski müharibəni dondurmayacaqlarını dedi: "Tramp hələ çox şeydən məlumatlı deyil"
- Mixail Mudrikin futboldan uzaqlaşdırılmasının səbəbkarı kimdir?
- Belarus Ukrayna üzrə sülh danışıqları masasına oturmaqda iddialıdır - XİN rəsmisindən açıqlama
- Tramp Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib
- Viktor Orban: "Rusiya-Ukrayna müharibəsinin ən təhlükəli həftələridir"