Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Vətən müharibəsinə özü ilə apardığı Türkiyə bayrağını Ərdoğana təqdim edən 11 medallı XTQ zabiti ilə MÜSAHİBƏ
Vətən müharibəsində doqquz, ümumilikdə xidmətlərinə görə 11 medalla təltif olunmuş XTQ-nin ehtiyatda olan baş leytenantı Şəmsəddin Qurbanov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Oxu.Az-ın əməkdaşı əfsanəvi Şuşa döyüşlərinin real iştirakçısı, düşməni məhv etmək üçün əlindəki bütün şansları istifadə edən, güllə, mərmi bitdikdə belə, bıçaq və əlbəyaxa mübarizə ilə düşməni məhv edən qəhrəmanımız Şəmsəddin Qurbanovla həmsöhbət olub.
Əslən Zaqatala rayonunun Muxax kəndindən olan, ehtiyatda olan XTQ baş leytenantı məhz Şuşa uğrunda döyüşlərdə yaralanıb:
“Biz çox çətin və qürurlu döyüş yolu keçdik. Sizə deyim ki, döyüşə girərkən yalnız qələbəni düşünürdük. O yüksəkliklərə çıxmaq çox təhlükəli idi, hər an ayağımızın altından qaya parçaları sürüşə bilərdi. Biz o cür şəraitdə, düşmənin hava zərbələri altında, noyabrın 6-da Şuşaya daxil olduq. Şuşa döyüşlərində sağ ayağımdan yaralandım. Ayağımı hiss etmirdim, o qədər qəlpə dolmuşdu ki, elə bilirdim, ayağım daha yoxdur. 20 dəqiqə yaralı halda qaldıqdan sonra özümdə güc tapıb ayağa qalxdım. Yaxın məsafədə də olsa yoldaşlarıma imkan vermədim ki, gəlib məni çıxarsınlar. Döyüş meydanından çıxdım. İcazə vermədim ki, kimsə mənə görə yaralansın. Həmin dəqiqələr içərisində düşmən 20 “Qrad” mərmisi atdı. Çox ağır döyüş idi”.
- On bir medalla təltif olunmusunuz, onların doqquzu Vətən müharibəsi ilə bağlıdır, doğrudurmu?
- Bəli, “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azal olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Qüsursuz xidmətlərə görə 3-cü dərəcəli” medalları ilə təltif edilmişəm.
- Necə oldu Türkiyə səfəriniz, müalicə ilə bağlı idi, yoxsa necə?
- Xeyr, Türkiyə dövlətinin təşkil etdiyi səfər çərçivəsində bir qrup Vətən müharibəsi qazilərindən ibarət heyətlə səfərə getdik. Səfər çərçivəsində dövlət rəsmiləri ilə görüşdük. İstanbul, İzmir, Ankara, Konya şəhərlərində olduq. Şəhərlərin rəsmi qurumlarının nümayəndələri, valilər ilə birlikdə Mustafa Kamal Atatürkün məzarını ziyarət etdik.
- Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırılırdı, yoxsa necə?
- Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşümüz mayın 18-də baş tutdu. Görüşümüz planlaşdırılmışdı və protokola uyğun hərəkət etdiyimiz üçün hər şey ardıcıllıqla aparıldı. Türkiyə bayrağını əvvəlcədən ütüləyib, qablaşdırmışdım.
Türkiyə Böyük Millət Məclisinin binasında baş tutan görüş zamanı mən ona 44 günlük Vətən müharibəsi zamanı öz şanlı, üçrəngli bayrağımızla birlikdə ürəyimin üzərində gəzdirdiyim şanlı Türkiyə bayrağını təqdim etdim. Bu bayraq da ən az bizim kimi Zəfərə, qələbəyə aparan Vətən müharibəsi yolunu keçib. Prezidentlə görüşdə bu bayrağı Şuşaya qədər Azərbaycan bayrağı ilə birgə apardığımı bildirdim.
- Mətbuatda yazılıb ki, Vətən müharibəsində üzərinizdə olan Azərbaycan bayrağını Hulusi Akara hədiyyə etmisiniz.
- Bu məsələ ilə bağlı mətbuatda bir qədər yanlış informasiya dərc edilib. Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Azərbaycanın “Tək Vətən Hərəkatı”nın qaziləri arasında bir görüş keçirilmişdi. Biz də orada iştirak etmişdik. Döyüş zamanı mənim üzərimdə həm Türkiyə, həm də Azərbaycan bayrağı olub. Türkiyə bayrağını Prezident Ərdoğana təqdim etdim, öz bayrağımız isə bu gün də mənim üzərimdədir.
“44 gün üzərimdə gəzdirdiyim bayrağımızda üç güllə izi var”
- Bizim bayraqla şəhid general-mayor Polad Həşimovun nəşinin gətirildiyi gün izdihamın arasında olmusunuz. Elə həmin bayraqdırmı?
- Bəli, həmin bayrağı o gün aldım. General-mayor Polad Həşimovun şəhadətə ucaldığı gün aldığım bayraq ilə onun nəşi gətiriləndə qarşılamağa getdim. Döyüşlərin başlayacağını bilirdim, o bayrağı da özümlə cəbhəyə apardım. Bayrağımda üç güllə izi var.
- Necə oldu bu hadisə, danışa bilərsiniz?
- Oktyabrın dördündə bizim rütbəli zabit heyətimiz pusquya düşdü. Mən heyətimizi pusqudan çıxarmağa çalışırdım. Bu niyyətlə bayrağımızı sol əlimdə tutub, sağ əlimlə isə silahla düşmənə atəş açırdım. Döyüş yoldaşlarımıza çatana qədər bu şəkildə 500 metrə yaxın məsafə qət etdim. Yanıma minaatan mərmiləri düşürdü, lakin xoşbəxtlikdən, mənə dəymədi. Üstəlik, snayper atırdı. Sonradan bayrağa baxanda güllə izlərini gördüm.
- Hər iki bayrağı Şuşada dalğalandırdınız?
- Əhd etmişdim ki, Şuşaya qalxanda hər iki bayrağı dalğalandırım. Lakin qismət olmadı. Şuşa döyüşlərində 70 yaralı, 20-yə yaxın şəhid verdik. Komandir kimi mənim vəzifəm onlar idi. Əhd etsəm də, əsgərlərimlə məşğul olduğumdan əhdimi yerinə yetirə bilmədim. Şükür ki, Türkiyə bayrağını rəhbər şəxslərə verməyi əhd etsəm də, birbaşa Rəcəb Tayyib Ərdoğana təqdim etmək nəsib oldu.
- Bəs bizim bayrağımızla bağlı planınız nədir?
- Qismət olarsa, döyüşdə üzərimdə olan bayrağı Ali Baş Komandan, Prezident İlham Əliyevə təqdim etmək istəyirəm. Bizim Türkiyədəki fəaliyyətimizlə bağlı Ali Baş Komandan da məlumatlıdır. Ümid edirəm ki, dövlət başçımıza bu şanlı bayrağımızı təqdim etmək mənə nəsib olacaq.
Bu gönderiyi Instagram'da görKönül Cəfərli
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 12.11.2024-ün ən mühüm hadisələri
- Cəbrayıl şəhərində ilk dəfə Zəfər Günü qeyd olunub
- Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb, sakinlərə evlərinin açarları təqdim olunub
- Emin Məmmədov: "Düşmənin Cəbrayılda hansı vandallıqları törətdiyinin canlı şahidiyəm"
- Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Ən çox oxunanlarDigər xəbərlər