25 
Yan
2023
01:47
858
13
3313
Virtual karabakh

Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür - FOTO

25 Yan, 2023
01:47
3313

Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür - FOTO

Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür. Ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü ilin bu günü Bakıda anadan olub.

Oxu.Az sevilən xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.

O, bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəst-xəti hiss edilir.

Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də sınamaq qərarına gəlir. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan biri idi.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı, o sonradan “Hacı Zeynalabdin” şirkətini yaradır. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınır və burada neft buruqları ucaldılırdı. Bu, Hacını da maraqlandırır və o, podratçılığı buraxaraq neft işinə başlayır.

Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı “H.Z.Tağıyev” adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verir və ən yeni avadanlıq quraşdırır.


(Hacı Zeynalabdin Tağıyev və uşaqları)

Nəticədə onun gəlirləri sürətlə artmağa başlayır. Bundan sonra o, neft zavodları alır. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.

Bu bütün Qafqazda yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Qeyd edək ki, xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb.


(Şollar su kəmərinin çəkilişi, rəssam: Çingiz Mehbalıyev)

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülklərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında (bəzi mənbələrə görə, 86 yaşında) vəfat edib və sentyabrın 4-də dəfn edilib. 

Xatırladaq ki, yanvarın 18-i xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan heykəlinin açılışı olub. Açılışda Azərbaycan Respublikasını Prezidenti İlham Əliyev də iştirak edib. 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri