Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rəsulzadə oğlunun adını niyə dəyişib? - Nəvəsi ilə MÜSAHİBƏ + FOTO
Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur. 105 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində, Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Onun nəvəsi Rais Rəsulzadə Oxu.Az-ın suallarını cavablandırıb.
- Qazaxıstanın Karaqanda vilayətinin çöllərində sürgün həyatı yaşamısınız. Amma yenidən Bakıya gəlmisiniz. Sizi oradan Azərbaycana qaytaran amil yalnız rəssam olmaq istəyimi olub?
- 1937-ci ildə atamın ailəsi Bakıdan, anamın ailəsi isə Naxçıvandan Qazaxıstana sürgün olunublar. Onlar da Naxçıvanda tanınmış ailə olublar. Sürgün zamanı əmim Rəsul Rəsulzadə güllələnib. Atam, nənəm Banuxanım, bibilərim və babamın analığı Maral xanımı vaqonlara mindirib, Qazaxıstana, Çolak-Kurqana sürgün ediblər. Onları ekoloji baxımdan çox əlverişsiz olan Aral gölünün ətrafına aparıblar.
Maral xanım vaqonda natəmizlikdən yemək yemirmiş. Yalnız qəndi suya batırıb, su içirmiş. Oraya çatanda nənəm qızıl üzüyünü satıb, ailəyə yemək hazırlayıb. Maral xanım uzun müddət ac qaldığı üçün yemək yeyəndən sonra halı pisləşib və rəhmətə gedib. Elə sürgün yerində də məzar qazılıb və dəfn olunub. Daha sonra nənəm də Rəsul əmimin adını deyə-deyə vəfat edib.
Atam və anam orada tanış olub, ailə qurublar.
Mən ikinci övlad olaraq 1946-cı ildə elə sürgündə anadan olmuşam. Məşhur rəssam, yazıçı Salvador Dalinin bir sözü var: “Anamın bətnində olmaq da yadıma gəlir” (gülür). Elə mənim də körpə vaxtından xalçanın üzərində iməkləyə-iməkləyə ilmələri qurdaladığım, qırmızı rənglər yadımda qalıb.
Bilmirəm, məktəbə meylim vardı, yoxsa yox. Amma sürgün edildiyimiz yerdə məktəb vardı. Hava isti olduğu üçün qapıları açıq qoyurdular. Mən də hər dəfə içəri boylanırdım. Müəllimlər məni çağırır, dəftər, qələm verirdilər ki, yazım. Daha sonra məktəbə getdim və özüm üçün rəsm əsərləri çəkirdim. Harada ağ divar görürdümsə, boyayırdım.
Evdə mənə dondurma almaq üçün pul verilsə də, rəngli boyalar alırdım. Məktəbi qurtaran zaman Moskvadakı qiyabi universitetə sənədlərimi verdim və qəbul olundum. Hətta məşhur rəssamlar oradan mənə məktub yolladılar və bildirdilər ki, ancaq rəsm çəkməliyəm. Mən orada olsam da, hər zaman Vətən eşqi məni buraya çəkirdi.
Mən atama bildirdim ki, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə getmək istəyirəm. “Yaxşı, oğlum, mən öyrənərəm və sənədlərini verərik”, - dedi. Mən də rəsm çəkirəm, gözləyirəm. Daha sonra atam dedi ki, gec oldu, imtahanlar bitib. Çox pis oldum, amma fikrimi dəyişmədim və dedim ki, gedəcəyəm. Dedi, getmə, foto çıxır, kimə lazımdır rəsm?!
Bir müddət sonra atam özü: “Mən səni sınayırdım, get”, - dedi. Sənədlərimi verdim və Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə çağırıldım. Əşyalarımı topladım və Bakıya gəldim. Sənəd göndəriləndə yataqxana ilə təmin olunma qeyd olunsa da, yer yox idi. Üç ay çətinlik çəkdim. Məktəbdə sənədlərimi götürəndə qiymətlərimi görüb dedilər ki, burada oxumaq üçün ağlımı itirmişəm. Mən isə burada oxuyacağımı dedim və qəbul etdilər.
- Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alan zaman sizin Rəsulzadənin nəvəsi olduğunuzu bilirdilərmi?
- Yox, heç kim bilmirdi. O vaxt babamın adını da çəkmirdilər. Babam siyasi fəaliyyətə 1905-ci ildən başlayıb. Bütün ömrünü Azərbaycanın istiqlalına sərf edib deyə ona ayrı-ayrı dövrlərdə çoxlu təzyiqlər olub. Bilmədilər də.
- Rəssamlıq məktəbini bitirəndən sonra hərbi xidmətə də Azərbaycanda getmisiniz...
- 1969-cu ildə məktəbi bitirsəm də, Bakıdan geriyə, Qazaxıstana qayıtmadım. Elə əsgərliyə də burada getdim. Əsgərlikdən qayıtdıqdan sonra da Qazaxıstana getmədim. Əsgərlikdə mozaika düzəldib, pul yığmışdım. O da bitdi və çətinlik yarandı. Bir gün eşitdim ki, birdəfəlik sifarişi yerinə yetirmək üçün rəssamlara qeyri-yaşayış yerləri verilir. Uzun axtarışdan sonra bir yer tapdım. Həmin yerdə harasa gedəndə qapıları da açıq qoyurdum ki, rütubət olmasın. Həmin vaxt SSRİ Rəssamlar İttifaqının üzvü seçilmişdim.
Rusiyadan komissiya gəldi, əsərlər üçün müqavilə bağlayırdılar. Mən də eskizimi apardım və təsdiqlədilər. Bir nəfər mənə baxıb, güldü. “Səni tanıyıram. Rəsulzadənin nəvəsisən”, - dedi. “Bu niyə belə deyir ki, haradan tanıya bilər?” - deyə öz-özümə fikirləşdim. Sonra babamın şəklini göstərdi. Mən onun nəvəsi olmağımla hər zaman fəxr edirəm. Mənim babamı xalq sevir.
- Atanız, Azər Rəsulzadə sürgün vaxtı Bakıya gəlib. Sizə nələri tapşırdı?
- O vaxt Bakıya gəlmək təhlükəli idi. 1987 və 1991-ci illərdə gəlib. Elə sonuncu dəfə gələndə özünü yaxşı hiss etmədi və xəstəxanada özünü yoxlatdırdı. Analiz verdi və qaraciyər sirrozundan əziyyət çəkdiyini öyrəndik. Atam Abşeron rayonunun Novxanı qəsəbəsində babasının qəbrinə baş çəkmək istədi.
Sizə deyim ki, mən Bakıda olan zaman ulu babam, Məhəmməd Əmin Rəsulzadənin atası Axund Ələkbərin məzarını tapmışdım. Bilirdim ki, Novxanıdadır və bir gün qəbri axtarmağa başladım. Gördüm ki, bir qəbir var və ətrafı tikanlı məftillə hasarlanıb, baxımsız vəziyyətdədir. Təmizlədim və gördüm ki, sinə daşının üstü ərəb əlifbası ilə yazılıb. Sərdar adında bir dostumun atası fars dilini bilirdi.
Onu çağırdım, oxudu, “Axund Ələkbər Rəsulzadə, 1926-cı ildə rəhmətə gedib”, - dedi. Elə atam da gələndə istədim ki, babasının qəbrini görsün. Onunla qəbiristanlığa getdik. Xeyli məzara baxdı və dedi ki, məni burada dəfn edərsiniz. Dedim, ata, belə şeylər danışma. Daha sonra Novxanı sahilinə getdik, xeyli gəzdik. Onda Novxanı indiki kimi deyildi. Sahilboyu boşluq idi. İndi isə ancaq tikilidir. Mənə xatirələrini danışdı. Sonra atamı Qazaxıstana yola saldım.
İki il sonra xəbər gəldi ki, atamın vəziyyəti yaxşı deyil. Üç ay orada qaldım. Bakıya gəlmək istədi, sonra fikrini dəyişdi və: “İstəmirəm düşmənlər məni belə görsünlər”, - dedi. Amma mənə tapşırdı ki, onu Vətəndə dəfn edək. Daha sonra uzandı və öz-özünə: “Nə böyük xoşbəxtlikdir ki, Vətəndə dəfn olunacağam”, - dedi (kövrəlir). Hər gün xeyli söhbət edirdik. Həkim yoxlayırdı. Atamın əhvalı yaxşı olan vaxt həkim məni çağırdı ki, bu gün hər şeyə hazır olun. Elə həmin gün, 1993-cü il iyulun 8-də gecə saat 03:30-da rəhmətə getdi.
- Atanızın nəşini də Bakıya gətirmək çətin olub...
- Atam yay ayında vəfat etdi. Onun nəşi Vətənə gələcəyi üçün mollalar iynələdilər. Bakıya məlumat verildi ki, Rəsulzadənin oğlu rəhmətə gedib və Bakıya gətirilir. Dedilər, hökumətə deyərik, amma səs çıxmadı. Mən hirsləndim, “hə” və ya “yox” deyilməsini tələb etdim. Məlum oldu ki, təyyarənin gecikmə səbəbi Heydər Əliyevə məlumat verilməməsi olub.
Onun göstərişindən sonra gecə ilə təyyarə gəldi və nəşi Bakıya gətirdik. Dövlət komissiyası yaradıldı və onu Fəxri xiyabanda dəfn etməyi təklif etdilər. Amma vəsiyyət etdiyi kimi, Novxanıda, babasının yanında dəfn etdik. 56 il sürgündən sonra Məhəmməd Əmin Rəsulzadə ailəsindən yalnız atam Vətəndə torpağa tapşırıldı.
- Atanızın adını da babanız dəyişib...
- Atamın ilk adı Əliheydər olub. Atam Azərbaycanın ilk Azəriydi. Bunu mənə həmişə belə deyirdi. Düzü, heç fikir vermədim o sözə. Amma sonra gördüm ki, ondan qabaq “Azər” adına heç yerdə rast gəlinmir. Ailədə danışırdılar ki, o vaxt babamı həbs ediblər və oradan qurtulduqdan sonra Moskvaya aparıb. Babam ailəsini də aparmaq istəsə də, mümkün olmayıb. Daha sonra Bakıdakı evinə gəlib. Atam onda ikiaylıq körpə olub. Onu başının üstünə qaldırıb, sonra “adın Azərdir” deyə qulağına pıçıldayıb.
- Atanız Vətənə gələndə birlikdə Heydər Əliyevlə də görüşünüz olub. Nələr danışıldı?
- Həmin il atamın Bakıya son gəlişi idi... Məktəb dostlarından biri ilə zəngləşdilər və görüş üçün vaxt təyin edildi. Atam mənə dedi ki, gəl o vaxta kimi Şəhidlər xiyabanını ziyarət edək. Elə orada gəzən vaxt atam qoluma toxundu ki, bax, o, Heydər Əliyevdir. Jurnalistlərə müsahibə verirdi. O da atamı gördü və yanımıza gəldi. “Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?” - dedi. Atam da təsdiqlədi.
Uzun müddət söhbətləşdik. Atam da dedi ki, “xalq düşməni” damğasını alandan sonra üç evimizi aldılar, dağıtdılar. Heydər Əliyev dedi ki, hazırda Naxçıvanda fəaliyyət göstərir və Bakıda heç bir səlahiyyəti yoxdur. “Naxçıvana gəlin, orada nə şərait istəsəniz, sizə yarada bilərəm”, - dedi. Bizi Naxçıvana dəvət etdi və sağollaşdıq.
- 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli film çəkildi. Necə oldu ki, bu filmdə çəkildiniz? Orada babanızın obrazını canlandırmaq necə bir duyğu idi?
- Bu, çox maraqlı bir hadisə idi. Bir gün Media Mərkəzindən mənə zəng etdilər ki, belə bir film var və məni də çəkmək istəyirlər. Əvvəlcə filmin ssenarisini oxudum, sonra isə razılaşdım. Daha sonra çəkiliş üçün dörd günlük İstanbula getdik. İşlədiyim yerdə qrafikim elə idi ki, elə dörd gün çalışmırdım. Orada da Türkiyə getdiyimi bildirmədim (gülür). Rejissor bizdən iki gün qabaq gedib oranı gəzdi, çəkilişə uyğun yerlər tapdı.
Təsəvvür edin, bazar günü səhər saat 8-də çəkilişə gəlmişik, görürük ki, küçədə maşınlar park edilib. Çəkiliş qrupunun uşaqları bir-bir qapıları döyüb xahiş edirdilər ki, babam haqqında film çəkilir, maşını ərazidən çıxarsınlar. Dərhal gəlib maşınları çəkirdilər. Əvvəl çəkilən səhnələr istənilən kimi təsirli alınmırdı.
Sonra babamın hisslərini istədiyim şəkildə canlandırmaq istədim və razılaşdılar. Mən onun o vaxt mühacirətdə olanda yazdığı məktubları oxumuşdum. Onları gözümün qarşısına gətirdim və obrazı canlandırdım. Alındı. Media Mərkəzinin prezidenti Arzu Əliyeva da bəyəndiyini bildirdi.
Rais Rəsulzadə ilə söhbətləşən zaman gözüm onun Şuşa haqqında çəkdiyi rəsmə dəyir.
- Səhv etmirəmsə, 1986-cı ildə Şuşa səfərinizdən sonra bu əsəri çəkmisiniz.
- Düzdür. Mən o vaxt Şuşa haqqında çox oxumuşdum və 1986-cı ildə Fuad adlı rəssam dostumla Şuşaya getdik. Həmin vaxt əvvəlcə Xankəndiyə gəlirdin, sonra avtobusla Şuşaya qalxırdın. Xankəndini gəzməyə başlayanda küçədə hər yerdə erməni və rus dilində yazıları gördüm. Polisi çağırıb soruşdum ki, bu nədir?
Bura Azərbaycandır, niyə rus və erməni dilindədir yazılar? Heç nə demədi və getdi. Daha sonra Şuşaya getdik və oranı gəzdik. Ora cənnət idi. Daşaltını, Cıdır düzünü gəzdik, Bülbülün evinə getdik. Eyni zamanda, Xurşidbanu Natəvanın, Üzeyir bəyin ev-muzeylərinə baş çəkdik. Evə gələndən sonra əzəmətli qayalar olan “Şuşa”nı çəkdim. Ümid edirəm ki, yenidən Şuşaya səfər edəcəyəm və yeni mənzərə çəkəcəyəm.
- Bir neçə il əvvəl Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşının məzarlarının Azərbaycana gətirilməsi barədə təkliflər vardı. Bununla bağlı dövlət qurumlarından sizə hər hansı bir məlumat verilibmi?
- Bununla bağlı real bir şey yoxdur.
Daha çox foto burada: PhotoStock.az
İlhamə Əbülfət