ATV telekanalında canlı yayımlanan “Möhtəşəm maşın” şou tam sürətilə davam edir.
Oxu.Az xəbər verir ki, “Parni iz Baku” KVN teatrının aktyorları Cabir və Tahir İmanov qardaşları da gecədə qonaq qismində iştirak ediblər.
Onlar “Möhtəşəm maşın” realti-şouda məğlub olan şəxsə hədiyyə olaraq konsertlərinə bilet təqdim edəcəklərini deyiblər.
İştirakçılar jurnalist Vüqar Vüqarlını oyundan uzaqlaşdırmaq istəyiblər.
Verilişin əvvəlindən aparıcı Aydan Axundovanı çıxaracağını deyən Vüqar bu addımına görə, dicey Çina və stilist Anar Ağakişiyev tərəfindən tənqid olunub. Onlar yeganə xanım iştirakçını oyundan uzaqlaşdırmağın alicənablığa sığmadığını söyləyiblər.
V.Vüqarlı isə canlı efirdən əvvəl onun bu addımını dəstəklədiyini deyərək diceyi və stilisti yalan danışmaqda ittiham edib. Dicey Çina isə A.Axundova çıxarsa, əlini maşından çəkə biləcəyini deyib.
Səsvermə nəticəsində V.Vüqarlı 76,69 faiz səs toplayaraq oyunu davam etdirmək şansı qazanıb. O, verilişin əvvəlində söylədiyi kimi Aydanı deyil, stilist Anar Ağakişiyevi yarışmadan uzaqlaşdırıb. Jurnalist buna səbəb kimi Anarın yalan danışmasını göstərib.
Xatırladaq ki, hazırda müğənni Samir Piriyev, jurnalist Vüqar Vüqarlı, aparıcı Aydan Axundova, dicey Çina və klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu maşın uğrunda mübarizəni davam etdirir.
Aytən Sadıqzadə
www.oxu.az