Bu günlərdə müğənni Elza Seyidcahan mətbuata özünün növbəti qalmaqallı açıqlamasını verib. Müğənni deyib ki, bəzi icra başçıları, rayon rəhbərləri ona deputatlıq təklif edirlər:
“Rəhbər şəxslər mənə bildirdilər ki, Elza xanım, siz musiqiçi, bəstəkar kimi fəaliyyətinizdən əlavə, sanki hansısa diplomat sahəsi ilə də bağlı təhsil almısınız. Onlar mənim natiqliyimə, danışığıma, hərəkətlərimə heyran qalırlar, məndə deputata xas xüsusiyyətlər görürlər. Bu səbəbdən onlar mənim deputat olmağımı istəyirlər”.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a açıqlama verən keçmiş deputat, hazırda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Elza Seyidcahan bu sözü özündən uydurub.
“İcra başçısı deputat seçdirmir, deputatı xalq, seçicilər seçir. Həm də axı Elza deputatlığa layiq namizəd deyil. O, getsin heyvanlara mahnı bəstələsin, dovşanlarla söhbət etsin, onun siyasətdə nə işi var?!”.
“Elza Seyidcahanla şəxsi tanışlığınız varmı?” sualına Ə.Abıyev belə cavab verdi:
“Mənim onunla heç bir tanışlığım yoxdur, ola da bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram. Bir daha deyirəm, bu qadın o sözü özündən uydurub, çünki heç bir özünə hörmət qoyan icra başçısı o cür söz deməz”.