Məşhur italiyalı aktrisa və model, milyonlarla kişinin qəlbini fəth edən Monika Belluççinin 60 yaşı tamam olur.
Məlumata görə, "Malena" filminin baş qəhrəmanının hekayəsi Monika Belluççinin özünün tərcümeyi-halına bənzəyir. Aktrisa kiçik Çita-di-Kastello şəhərində kasıb ailədə anadan olub. Hüquqşünas olmaq istəyən Monika təhsil üçün pul yığmaq məqsədilə ofisiant işləyib. Lakin şəhəri tərk etmək məcburiyyətində qalıb.
Oxu.Az xatırladır ki, Monika Belluççi əvvəlcə Perucaya, sonra Milana gedib və orada model olub. Parlaq görünüşü sayəsində tez bir zamanda uğur qazanıb. "Valentino", "Dolce and Gabana" və "Cartier" kimi moda evləri onunla müqavilə bağlayıblar. Belluççinin yer aldığı reklam çarxları sensasiya yaradıb.
O, 1990-cı ildə kinoda debüt edib. Üstəlik, o, italyan, ingilis, fransız dillərini mükəmməl bilir. Aktrisaya ilk kino mükafatlarını "Mənzil" melodramı gətirib.
Elə orada, çəkiliş meydançasında Monika Belluççi gələcək həyat yoldaşı, aktyor Vinsent Kassellə tanış olub. Sonra onlar bir çox filmlərdə birlikdə rol alıblar.
Eyni zamanda, yaşa dolduqca onun "füsunkar qadın" ampluası dəyişməyib. Təxminən 40 yaşında Monika Belluççi "Asteriks və Obeliks" filmində Kleopatra obrazını canlandırıb. "Matriks" kult trilogiyasında rol alır. 50 yaşında isə ona Ceyms Bondun sevgilisini oynamaq təklif edilib. Halbuki aktrisa gəncliyində heç fitneslə belə məşğul olmayıb.
60 yaşında olan Monika Belluççinin bütün dünyada milyonlarla pərəstişkarı var və onu hələ də dünyanın ən gözəl qadını hesab edirlər.
Rəylər