Müğənni Nurlan Növrəsli yeni layihə hazırlayır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ifaçı “Sevgililər günü”nə xüsusi olaraq hazırlaşır. Heydər Əliyev Sarayından ANS PRESS-ə verilən məlumata görə, Nurlan Növrəslinin bu hədiyyəsi “Sən ki....” adlı solo konsert proqramıdır.
Konsert proqramı fevral ayının 14-ü Heydər Əliyev Sarayında keçiriləcək. Müğənni karyerasının ilk solo konsertində öz mahnıları ilə yanaşı, dünya şöhrəti qazanmış kompozisiyaları da səsləndirəcək. Biletlər artıq şəhərin bütün mərkəzləşdirilmiş kassalarında satışa buraxılıb.
Qeyd edək ki, biletlərin qiyməti 10-100 AZN arasında dəyişir.
Xatırladaq ki, Nurlan Növrəsli 1984-cü ildə Bakı şəhərində anadan olub. O, məşhur caz ifaçısı Şahin Növrəslinin qardaşıdır. Nurlan 2006-cı ildə Qazaxıstanda keçirilən “CAHAN DALA” IX populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibi olub.