Rusiya mətbuatında yayılan iddialara görə, məşhur reper Ciqan Moskva ətrafındakı evində xidmətçi heyətini on saat ərzində girov saxlayıb və onlara atəş açıb. Bəzi nəşrlərin məlumatına əsasən, sənətçinin mühafizəçisi qolundan və ayağından yaralanıb. Bildirilir ki, hadisə baş verən zaman reperin bloqer Oksana Samoylova ilə evliliyindən olan dörd övladı da evdə olub və mənbələrin sözlərinə görə, uşaqlar həmin vaxt şkaflarda gizləniblər.
Oxu.Az xəbər verir ki, 41 yaşlı sənətçi "Super" "Telegram" kanalına açıqlamasında bu məlumatı qəti şəkildə təkzib edərək, yayılan xəbərləri təxribat və açıq-aşkar yalan adlandırıb.
Ciqan bildirib ki, internetdə yayılan video və fotoşəkillər yeni musiqi layihəsinin - hazırlanan trekin qısa tanıtım çarxının (snippet) çəkilişləri zamanı qeydə alınıb. Reperin sözlərinə görə, bədxahlar kadrları bilərəkdən kontekstdən çıxararaq cinayət sübutu kimi təqdim ediblər.
"Bu, təxribatdır. Qoy nə istəyirlər, onu da yazsınlar. Snippet çəkirdim, heyterlər isə hər şeyi təhrif etdilər", - deyə ifaçı vurğulayıb.
Ciqan hazırda İsraildəki reabilitasiya mərkəzlərinin birində olduğunu təsdiqləyib, lakin bunda pis heç nə görmədiyini bildirib. "Reabilitasiya pis bir şey deyil. Mən İsraildə, müqəddəs torpaqdayam, buraya mənəvi cəhətdən zənginləşmək üçün gəlmişəm. Məndə hər şey qaydasındadır", - deyə reper bildirib.
Sənətçi həmçinin yayılan məlumatlar əsasında valideynlik hüquqlarından məhrum edilə biləcəyindən qorxmadığını, çünki yalan məlumatların məhkəmədə sübut kimi istifadə oluna bilməyəcəyinə əmin olduğunu qeyd edib.
"Yalanı kiməsə qarşı necə istifadə etmək olar?" - deyə musiqiçi ritorik sual verib. Ciqanın nümayəndəsi də məsələyə münasibət bildirərək öz adından hər hansı şərh verməkdən imtina edib və sənətçinin özünün hər şeyə aydınlıq gətirəcəyini vurğulayıb.
Diqqətçəkən məqam odur ki, qalmaqallı məlumatın yayılmasından cəmi bir həftə əvvəl woman.ru portalının redaktorları Ciqan və onun kiçik uşaqları ilə birlikdə İsraildə səyahətdə olublar. Onların müşahidələrinə görə, artıq o zaman musiqiçinin davranışında müəyyən qəribəliklər hiss olunurdu: onun əhvali-ruhiyyəsi kəskin şəkildə dəyişir və bəzən qəfildən dua etməyə başlayırdı.
Tanınmış rusiyalı repçi Ciqan (əsl adı - Denis Ustimenko-Vaynşteyn) hazırda İsrailin ən bahalı reabilitasiya mərkəzlərindən birində üç aylıq məcburi müalicə kursu keçir. Proqramın dəyəri 5 milyon rubl (100 min manatdan çox) təşkil edir. Buna səbəb sarsıdıcı bir hadisə - Moskva ətrafındakı kottec qəsəbəsində sənətçinin öz xidmətçilərinə və mühafizəçilərinə qarşı təşkil etdiyi 10 saatlıq silahlı "ov" olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hadisə iyulun 4-nə keçən gecə musiqiçinin Moskva ətrafındakı elit "Şato Soveren" kottec qəsəbəsində yerləşən keçmiş ailə malikanəsində baş verib. Mənbələrin məlumatına görə, Ciqan tamamilə qeyri-adekvat vəziyyətdə olub: "Sayqa-9" karabini ilə silahlanaraq və "Rembo" üslubunda taktik geyim geyinərək o, bütün xidməti heyəti qonaq otağına çağırıb və əsl linç məhkəməsi qurub.
"Mash" yazır: "Ciqan özündə deyildi. O, insanları cinayətlərdə ittiham edir və həyatlarını xilas etmək üçün etiraf etmələrini tələb edirdi. O qərara gəlib ki, ətrafdakı hər kəs düşməndir, onu öldürmək istəyir, buna görə də birinci hərəkətə keçmək lazımdır".
Repçi işçilərə absurd ittihamlar irəli sürüb - pedofiliya, xəyanət və casusluq. O, mühafizəçilərdən birinin başına silah tuşlayaraq, uşaqlara qarşı zorakılıq etdiyinə dair "etiraf" etməyə məcbur edib. Daha sonra ifaçı həmin şəxsə qaçmaq üçün beş saniyə vaxt verib. Vaxt bitdikdən sonra Ciqan atəş açaraq mühafizəçini qolundan və ayağından yaralayıb. O, digər işçilərə də "alicənablıqla" qaçmaq şansı verib və arxalarından atəş açıb. Bu dəhşətli anlar təxminən on saat davam edib. Bütün bu müddət ərzində Ciqanın uşaqları otaqlarda və şkaflarda gizlənərək, atalarının törətdikləri barədə dəhşət içində analarına xəbər veriblər. Silah səslərini eşidən qonşular polisə və qəsəbənin mühafizə xidmətinə zəng ediblər. Hadisə yerinə sənətçinin dostları da gəlib. Lakin repçi təslim olmaq niyyətində deyildi və onu sakitləşdirməyə çalışan hər kəsi döyürdü. Yalnız polisin, mühafizəçilərin və musiqiçinin tanışlarının birgə səyləri nəticəsində onu zərərsizləşdirmək mümkün olub. Həmin vaxt Milanda olan repçinin həyat yoldaşı Oksana Samoylova təcili olaraq Moskvaya qayıdıb və uşaqları oradan götürüb. İnsidentdən sonra o, şəxsi mühafizəsini üç nəfərə qədər artırıb. "Mash" jurnalistləri ilə söhbətində Oksana hadisənin baş verdiyini təsdiqləyib.
Saxlanıldıqdan dərhal sonra qohumları Ciqanın İsrailin Rişon-le-Sion şəhərindəki reabilitasiya mərkəzinə birbaşa təcili transferini təşkil ediblər. Çatdıqdan sonra repçini bunlar gözləyirdi: hərtərəfli axtarış, üç aylıq müalicə üçün 5 milyon rubl dəyərində klinika ilə müqavilənin imzalanması və sərt qaydalar toplusu ilə tanışlıq. İlk həftələr detoksikasiyaya həsr olunub. Antipsixotik preparatlar və yuxu dərmanlarının köməyi ilə sənətçini sanki həyata və ayıqlığa qaytarıblar. Bu cür medikamentoz terapiya xəstənin reallıqla əlaqəsini tamamilə itirdiyi ağır psixotik vəziyyətlərdə tətbiq edilir.
Qeyd olunur ki, musiqiçinin azadlığı ciddi şəkildə məhdudlaşdırılıb. Ciqanın bank kartları yoxdur. Telefondan yalnız cihazın içindəkiləri mütəmadi yoxlayan işçilərin nəzarəti altında istifadə etmək mümkündür. Ərazi boyu hərəkət etməyə yalnız müşayiət altında icazə verilir. Hətta idman zalına belə repçini tək buraxmırlar. Siqaret əldə etmək üçün isə yazılı sorğu rəsmiləşdirmək lazımdır. Bununla belə, məişət şəraiti VIP müəssisənin statusuna uyğundur: Ciqan çarpayı, şkaf, kondisioner və duşla təchiz edilmiş təkadamlıq palatada yaşayır. Onun ixtiyarında olimpiya hovuzu, sauna, idman zalı və qrup məşqləri var. Məhz idmanla sənətçi bütün boş vaxtını doldurmağa çalışır. Qidalanmanı şef-aşpaz təmin edir - üçdəfəlik menyu, qəlyanaltılar üçün isə ərzaq dolu üç soyuducu mövcuddur. Rəsmi olaraq Ciqana ailəsi ilə istənilən vaxt görüşməyə icazə verilib. Lakin təcrübədə qohumları hələ ki, görüşlərə hazır deyillər. Yaşadıqları dəhşətdən sonra şokdan çıxmaq üçün onlar özləri psixoloqlarla işləyirlər.
Xatırladaq ki, Oksana Samoylova ilə nikahdan Ciqanın dörd övladı var, onların ən böyüyü olan qızı Arielenin 15 yaşı var.