Bu gün Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədlinin doğulduğu gündür.
Sənətçi 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. Bəstəkar 2007-ci ildə daha iki böyük itki yaşayıb: həyat yoldaşı, özü kimi bəstəkar Hikmət Mirməmmədli və anası vəfat ediblər. Onların ardınca isə böyük qardaşı dünyasını dəyişib. 2021-ci il yanvarın 4-də isə özü qəfil dünyasını dəyişərək sevənlərini üzdü.
Bir sözlə, dillər əzbəri bəstələri ilə yanaşı, acı taleyi ilə də yadda qaldı Nailə Mirməmmədli.
Sənət dostları bəstəkarla bağlı fikirlərini Oxu.Az-la bölüşüblər.
“Nailə xanımın sənətinin həmişə vurğunu olmuşam. Ömrünün son dörd ili biz tanış idik. Mənə mahnı yazdı. Ancaq bizim mahnımız hazır olmadı, yarımçıq qaldı, biz Nailə xanımı itirdik. Bu hadisədən sonra onun xatirəsini yaşatmaq üçün mahnıya klip çəkdirdim, təqdim etdim. Əslində hələ çıxmalı deyildi mahnı, bir neçə il sonra təqdim etməli idik. Nailə xanımı itirməklə böyük bir itki yaşadıq”.
Bu sözləri mərhum bəstəkarın son mahnısını ifa edən müğənni Günay İbrahimli bildirib. İbrahimli “Darıxmışam” adlı mahnının onun üçün qiymətli olduğunu vurğulayıb.



Dilşad Bəhruzqızı