Keçən ay peşə fəaliyyətinə görə silahlı basqına məruz qalan məşhur teleaparıcı və psixoloq İlham Mirzəyev ailəsi ilə birlikdə qorxu və vahimə içində yaşayır.
Oxu.Az Axşam.az istinadən xəbər verir ki, teleaparıcı açıqlamasında, ona təcavüz edərək ölümlə hədələyən şəxsin hələ də azadlıqda olduğundan narahatlığını bildirdi:
“Mənim ailəm, iki övladım, həyat yoldaşım, anam və özüm bu dəqiqə stress, qorxu və həyəcan içində yaşayırıq. Anam şəkər xəstəsi olduğundan bu yaşananlar üzündən bir neçə dəfə komaya düşüb. Çünki bu insan azadlıqdadır. Qorxmadan 3 nəfərlə maskalanıb silahla mənə təcavüz edən bir insandan hər şey gözləmək olar”.
Hadisə ilə bağlı Yasamal Rayon Baş Polis İdarəsində cinayət işi açılıb. İlham Mirzəyevin şikayəti əsasında qarşı tərəfə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin dələduzluq və ölümə qəsd maddələri ilə iş açılıb. Teleaparıcının sözlərinə görə, təqsirləndirilən şəxs hədələrlə, şantajla ondan şikayətini geri götürməsini tələb edir.
“Hadisədən əvvəl hər gün zəng vurub məni təhqir edib, hədələyirdi. Amma yenə də məni narahat etməyə başlayıb. Məndən şikayətimi geri götürməyimi istəyir. Evimə narkotik və ya silah atmaqla hədələyir” - deyən İlham Mirzəyev nə edəcəyini bilmir.
Çarəsiz halda olan tanınmış teleaparıcı gecə-gündüz xof içində yaşadığını deyir:
“Başa düşə bilmirəm nəyi gözləyirlər. Mən öləndən və övladlarıma bir şey olduqdan sonra polislər onu həbs edəcəklər? Tibbi ekspert öz rəyini verib, şahidlər dindirilib və mən zərərkçəkmiş kimi tanındım. Cinayət işi açılmağına baxmayaraq, o, təqsirkar, mən zərərçəkmiş kimi tanınmağıma baxmayaraq bu adam hələ də azadlıqdadır. Deyir ki, onsuz da mən Rusiyada işlərimi düzüb qoşmuşam. Səni və ya ailəndən birini öldürüb qaçıb gedəcəm ora. Mən biznesmenəm, yetərincə pulum var. Pulum varsa, istədiyimi edə bilərəm.
O, Azərbaycanda mötəbər bir şəxsin adından istifadə edir. İlham Mirzəyev mediaya müraciət edərək, köməyə ehtiyacı olduğunu bildirib. Teleaparıcı hüquq-mühafizə orqanlarına da üz tutaraq sözünü deyib:
“İndi sözüm sizədir, cənab orqan işçiləri, hansınızınsa övladı mənimki kimi sui-qəsdə, təhqirə və təzyiqə məruz qalsaydı, artıq həmin şəxsi həbs etmişdiz. Məni də bir ana dünyaya gətirib, mən də insanam, mən də atayam. Bu yaşımda iki övlad tapmışam, onları əzab-əziyyətlə böyütmüşəm. Sizdən artıq dərəcədə rica edirəm, məni hansısa bir nadanın badına verməyin...”