"Kahramanmaraşda yeni bir məhəllə salmışıq. Bu il Azərbaycan dövlətinin dəstəyi ilə burada 1 223 mənzil və 1 789 ticarət obyekti inşa etmişik. Eyni zamanda, mədəniyyət mərkəzi və ibtidai məktəb tikilib".
Oxu.Az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayret deyib.
O bildirib ki, layihə yalnız yaşayış binalarından ibarət deyil:
"Burada ticarət obyektləri, ofislər, idman zalı, mədəniyyət mərkəzi və alış-veriş mərkəzi də fəaliyyət göstərəcək. Hazırda bu ərazi Kahramanmaraşın ən gözəl və ən müasir yaşayış məhəllələrindən birinə çevrilib.
Bu layihənin həyata keçirilməsində Azərbaycan hökumətinin böyük dəstəyi olub. Demək olar ki, layihəni birlikdə reallaşdırmışıq. Bu, zəlzələ bölgəsində həyata keçirdiyimiz və nümunə göstərilən ən uğurlu layihələrdən biridir.
Məhəllədə əlavə olaraq üzgüçülük hovuzu olan idman kompleksi də tikilir. Burada yerləşən Heydər Əliyev adına ibtidai məktəb də layihənin vacib hissələrindən biridir.
Bu dəstəyə görə Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik. Türk xalqı bu yardımı yüksək qiymətləndirir. Bu layihə zəlzələdən zərər çəkmiş ərazilərdə inşa olunan yaşayış və sosial infrastruktur layihələri arasında xüsusi yer tutur".