"Moskva və Tehran amerikalıların "Tramp marşrutu" (TRIPP) layihəsi çərçivəsində regionda olması ilə bağlı narahatlıqlarını ifadə etməyiblər".
Oxu.Az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Orbeli" analitik mərkəzinin təşkil etdiyi "Sülh haqqında kviz: Ermənistan xarici işlər naziri ilə söhbət" adlı konfransda deyib.
O xatırladıb ki, Ermənistanda ABŞ-nin iştirakı ilə şirkətlər, eləcə də digər xarici kapitalla işləyən çoxsaylı müəssisələr, o cümlədən Argentina, Çin və s. ölkələrin şirkətləri fəaliyyət göstərirlər. Mirzoyan bununla razılaşıb ki, layihə siyasi baxımdan böyük diqqət mərkəzindədir.
"Deyə bilmərəm ki, bu layihə su ehtiyatlarının idarə edilməsi və ya hava limanı ilə müqayisə oluna bilər, lakin o, siyasi əhəmiyyət daşıyır və sülhə zəmanət verən vasitələrdən biridir", - deyə o bildirib.
Mirzoyanın sözlərinə görə, hazırda ABŞ ilə danışıqlar aparılır.
"Məncə, bu, Ermənistan-ABŞ şirkəti olmalıdır və o, inşaat və gündəlik idarəetmə işləri ilə məşğul olmalıdır. Bu, infrastruktura ABŞ-nin nəzarət etməsi demək deyil. Suverenliklə və səlahiyyətlərlə bağlı bütün məsələlər artıq həll olunub, imzalanmış və dərc olunmuş sənədlərdə öz əksini tapıb. Söhbət yalnız idarəetmədən gedir", - deyə Mirzoyan vurğulayıb.
O əlavə edib ki, Moskva və Tehran rəsmi olaraq narahatlıqlarını ifadə etməyiblər. "Əksinə, İran və Rusiya layihədə maraqlıdırlar, ələlxüsus da Rusiya Ermənistanda başqa bir şirkətin - Cənubi Qafqaz Dəmir Yolunun operatorudur.