Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ararat Mirzoyana Moskva şapalağı - ANALİTİK ŞƏRH + FOTO/VİDEO
Cənubi Qafqaz regionunda vəziyyət hər dəfə qaynama nöqtəsinə çatanda hamımıza artıq tanış olan telefon alqoritmini müşahidə etməli oluruq: Ermənistanın baş naziri Nikol Paşinyan dünyada heç olmasa kiminləsə əlaqə saxlaya bilmək üçün telefondan asılı qalır. Sonra Paşinyanın qapı döyərək şikayət etməyə müvəffəq olduğu həmin bəxtsizlər erməni “varçapet”inin narahatlığını Azərbaycan rəhbərliyinə çatdırmaq üçün Bakıya zəng vurmağa başlayırlar. Axırda da ya baş nazirin özünü, ya da xarici işlər nazirini şikayətlərinə qulaq asmaq üçün çağırırlar.
Caliber.az bildirir ki, keçən həftə də belə olub. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı oldu (mətbuatda yumşaq şəkildə “erməni tərəfinin təşəbbüsü ilə” kimi səsləndirilirdi). Daha sonra Kremldən Bakıya zəng vurub Ermənistanın şikayətlərini müzakirə etdilər. Nəhayət, Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan, diplomatik dillə desək, Smolenskaya meydanına, Moskvaya “dəvət olundu”.
İki nazir arasında görüş artıq bu bazar ertəsi baş tutub. İki ölkənin xarici işlər nazirlərinin bağlı qapılar arxasında nələr danışdıqlarının təfərrüatını bilmirik, lakin nazirlərin həm görüşdən əvvəl, həm də görüşdən sonra verdikləri bəyanatlardan, eləcə də onların birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarına verdikləri cavablardan ümumi mənzərəni göz önünə gətirmək mümkündür.
Nazirlərin çıxışlarından aşağıdakı detallar diqqət çəkib: Laçın yolundakı vəziyyətdən danışan Ararat Mirzoyan inadla “blokada” sözünü təkrarlayıb, rusiyalı həmkarı isə öz növbəsində bu sözü heç işlətməyib. Bundan əlavə, sözügedən mövzuya toxunan Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri nəqliyyat kommunikasiyaları açılmasını xatırladıb və açıq şəkildə eyham vurub ki, müzakirələr təkcə Laçın yolu ilə məhdudlaşdırılmamalıdır.
Bundan əlavə, Ermənistan “Telegram” kanalları adətləri üzrə onun nitqini təhrif etməyə və onun çıxışına bu sözü daxil etməyə tələssələr də, Sergey Lavrov heç “dağlıq” sözünü dilinə gətirməyib. Ararat Mirzoyan isə tamamilə ekstravaqant fikir irəli sürüb: guya Üçtərəfli Bəyanatın elə bir bəndi yoxdur ki, Azərbaycan onu pozmasın.
Artıq qeyd etdiyimiz kimi, Sergey Lavrov “dağlıq” sözünü bir dəfə də olsa, səsləndirmədi. Amma Ararat Mirzoyan isə bu qədər illərlə davam edən münaqişədə heç vaxt “Naqornı” sözünü düzgün tələffüz etməyi öyrənə bilməyib.
Əgər tələffüz edə bilmirsənsə, nə vacibdir o sözü deyirsən?!
Yeri gəlmişkən, “əlavə olunmuş” rayonlar haqqında: Üçtərəfli Bəyanatda ermənilərin həmin “əlavə olunmuş” yeddi rayona qayıtması haqqında harada deyilir? Məgər azərbaycanlılar artıq “əlavə olunmuş” Zəngəzura və Göyçəyə qayıdıblar?
Tamamilə reallıqla əlaqəni itirən Mirzoyan Bakını azərbaycanlıların Qarabağın keçmiş erməni yaşayış məntəqələrinə birtərəfli qaydada köçürülməsində ittiham etdi. Bağışlayasınız, bəs indiki Ermənistan ərazisindəki keçmiş Azərbaycan kəndlərinin aqibəti necə olsun? Bu gün orada kim yaşayır? Marslılar? Ermənistandakı Azərbaycan kəndlərini bir kənara qoyaq. Bəs bu gün Xocalıda, Kərkicahanda və Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən onlarla başqa Azərbaycan kəndlərində kimlər yaşayır? Erməni deyillər?
Azərbaycanı “etnik təmizləmə” törətmək niyyətində (diqqət – niyyət!) ittiham edən Mirzoyan Ermənistanın özündə etnik təmizləmənin, həm də ARTIQ tamamilə baş verməsi haqda biabırçılıqla susur!
Məsələ o həddə çatıb ki, Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyevin Talış kəndindəki çıxışını açıq şəkildə təhrif edib: erməni nazir “sülh müqaviləsi olmayacaq” sözlərini Azərbaycan dövlətinin başçısına aid edib, halbuki, Əliyev bunu DEMƏYİB. “YouTube”da Prezidentin çıxışının videoyazısı var! Belə sözü haradasa eşitmisiniz?!
Mirzoyanın çıxışındakı bütün bu təhriflər əsas fikrə yaxınlaşmaq üçün edilib: guya Qarabağda hansısa “soyqırımı”nın qarşısını almaq və bura beynəlxalq missiya göndərmək üçün beynəlxalq iştirak mexanizmi lazımdır.
Alınmayacaq! Rusiya sülhməramlılarının Qarabağda olması müvəqqətidir, çətin ki, onların yerləşdirmə müddəti uzadılsın və onların yerinə də başqa kimsə gələsi deyil. Özünüzü ümidlərlə təsəlli etməyin, qonşular!
Daha sonra mətbuat konfransında jurnalistlər suallarını səsləndiriblər. Beləliklə, onların bəziləri sualdan çox bəyanatlara oxşayıb. Bunlardan biri Sergey Lavrovun diqqətini çəkdi və yumşaq bir şəkildə eyham vuraraq, diplomatik yolla erməni jurnalist Mariya Qriqoryanın qondarma “sualını” “çıxış” adlandırıb.
O, jurnalistin Azərbaycana qarşı sual yığını ilə dolu olan ittihamlarının yersiz olduğuna diplomatik formada eyham vurub. Xüsusilə də o açıq şəkildə bildirib ki, uzun illər ölkəsi işğal həyata keçirən birinin “təcavüz”dən danışması düzgün deyil. Bu düşüncə ilə heç bir problem həll olunmayacaq.
Lavrov xatırladıb ki, müharibə günlərində atəşkəsə bir az əvvəl nail olmaq mümkün idi, lakin bəziləri Moskvanın təkliflərini rədd etdi. O, Ermənistanın adını çəkmədən improvizasiya etməməyə və imzalanmış sənədləri özünəməxsus şəkildə şərh etməməyə çağırıb.
Laçın yolunda baş verənlər mövzusuna gəldikdə isə Lavrov buna ayrılıqda yox, Üçtərəfli Bəyanatın ümumi kontekstində nəzərdən keçirməklə baxmağa çağırıb və digər yolların da açılmasının zəruriliyinə açıq-aydın şəkildə eyham vurub.
Bundan sonra Rusiya XİN rəhbəri artıq açıq şəkildə vurğulayıb ki, təkcə Azərbaycanın deyil, Ermənistanın da kommunikasiyalarla əlaqədar öhdəlikləri var.
Ararat Mirzoyana TASS-ın müxbiri, əslən azərbaycanlı Raminə Zeynalova sual verib. Onda, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşündə guya erməni soyadlı şəxslərin Azərbaycana səfərinə qadağa qoyulması ilə bağlı sualı - bədnam erməni qadın Marqarita Simonyanın verdiyi sualı xatırlasaq (aydın idi ki, bununla o, prezidenti pis vəziyyətə salmağa çalışdı, amma əvəzində əla cavab aldı), Raminə Zeynalovanın erməni nazirə eyniylə erməni soyadlı bəzi şəxslərin Ermənistana səfərinə qadağa qoyulması ilə bağlı sualını ən yüksək səviyyəli trollinq hesab etmək olar.
Ona görə də, çaş-baş qalmış nazirin erməni soyadlı bəzi Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasının səbəbləri ilə bağlı suala cavab verməyə cəsarət etməməsi heç də təəccüblü deyil.
Nəhayət, Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təminatları ilə bağlı sualı cavablandıran Sergey Lavrov bu məsələnin Bakı ilə Qarabağ ermənilərinin özləri arasında həll edilməli olduğunu açıq şəkildə bildirdi və bir daha diplomatik şəkildə eyham vurdu ki, hansısa beynəlxalq qüvvələrin son vaxtlar getdikcə yüksəkdən səslənən təklifləri heç bir yerə aparmır.
Ermənistanın xarici işlər naziri Ararat Mirozyanın Moskvaya çağırışdan sonra hazırkı səfərini uğursuz olmasa da, cəsarətlə səmərəsiz adlandırmaq olar.
Görüşün ev sahibinin sözlərindən gəlinən nəticəyə görə, bağlı qapılar arxasında söhbət heç də Ermənistanda planlaşdırıldığı kimi olmayıb.
İrəvana birbaşa deyiblər: hər hansı iddia irəli sürməzdən və Moskvaya şikayətlərlə zəng vurmazdan əvvəl ilk növbədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməlidir.
Bu isə Ermənistanın yenə tək qalması deməkdir. Həddindən artıq istəkləri ilə təkbaşına.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- İki maddəlik Ermənistan: Müharibədə məğlub olan Paşinyan sülhü də uduzub
- Normallaşma prosesini əngəlləyən üçlük: Dekotinyi, Okampo və katolikos
- Mirzoyan: "Ermənistan və Azərbaycan məhsullarının qarşılıqlı tranzitini təşkil edə bilərik"
- Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər
- Xaosun bir addımlığında: Ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq