ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan-Amerika Alyansı tərəfindən təntənəli ziyafət mərasimi təşkil olunacaq.
Azərbaycan-Amerika Alyansından Oxu.Az-a verilən məlumata görə, əsas məqsədi iki ölkə arasındakı sosial, iqtisadi əlaqələrin, eləcə də dostluq münasibətlərinin mühümlüyünü nəzərə çatdırmaq olan möhtəşəm tədbirdə həmçinin Azərbaycan mədəniyyəti, adət ənənələri, mətbəxi geniş auditoriyaya təqdim olunacaq.
500 nəfərin qatılacağı ziyafət oktyabrın 30-da, Vaşinqtondakı Milli Memarlıq Muzeyinin (National Building Museum) binasında baş tutacaq.
Qeyd edək ki, bu tədbir sayca ikincidir. Belə ki, ötən ilin noyabr ayında da ABŞ-da Azərbaycanın tanıdılmasına yönəlmiş möhtəşəm bir tədbir təşkil olunmuşdu.
Alyansdan verilən məlumata görə, builki ziyafətdə ABŞ Senatının, Nümayəndələr Palatasının, diplomatik korpusun, düşüncə mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak edəcəklər.
Ziyafətin açılışını Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov edəcək. Tədbirdə Azərbaycan musiqisi səslənəcək, rəqs nümunələri nümayiş etdiriləcək, milli Azərbaycan yeməkləri təqdim olunacaq.
Ziyafətə dəvət alanlar arasında senator Riçard Barr, Saksbi Çamblis, Ted Koqan, Roger Uiker, konqresmenlərdən Geyn Grin, Rendy Haltgrin, Robert Aderholt, Korrin Braun, Ualter Cons, Adam Kinzinger, Tim Rayan, Fred Upton, “The Washington Times” qəzetinin redaktoru və prezidenti Larri Bisli, “The Washington Diplomat” qəzetinin baş redaktoru Viktor Çibli, Corc Vaşinqton Universitetinin prezidenti Stiven Knapp, digər biznes və media liderləri yer alır.
Qeyd edək ki, Azərbaycan-Amerika Alyansı Anar Məmmədov tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olub ABŞ-da fəaliyyət göstərir və bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.
Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.