Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Belarus Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Sazişin imzalanma mərasimi keçirilib.
Komitədən verilən məlumata görə, sənədi Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev və ölkəmizdə səfərdə olan Belarus Dövlət Gömrük Komitəsinin sədri Yuri Senko imzalayıblar.
S.Mehdiyev Azərbaycan-Belarus münasibətlərinin inkişaf etdirilməsində hər iki ölkə prezidentlərinin fəaliyyətini xüsusilə qeyd edib və bildirib ki, Azərbaycanla Belarus arasındakı iqtisadi-ticari əlaqələr hər iki dövlətin iqtisadiyyatına mühüm töhfə verir.
Azərbaycan gömrüyündə geniş islahatlar proqramının həyata keçirildiyi barədə məlumat verən DGK sədri, həmçinin, elektron xidmətlərin səviyyəsinin yüksəldilməsi, ticarətin daha da asanlaşdırılması istiqamətində yeni qaydaların tətbiqindən bəhs edib, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə xüsusi önəm verildiyini bildirib.
Y.Senko Azərbaycana səfərindən, ölkəmizin inkişafından, eləcə də gömrük orqanlarındakı islahatlardan məmnunluğunu bildirib, iki ölkənin gömrük orqanları arasında əlaqələrin gələcək perspektivlərinə toxunub.
