Bakıda Qlobal Cənub QHT-ləri Platformasının I Baş Assambleyasının yekun bəyannaməsi qəbul edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, sənədi Baş Assambleyada baş katib Fuad Kərimli oxuyub.
Bəyannamədə qeyd olunub ki, 2025-ci ildə yaradıldığı vaxtdan bəri təşəbbüs beynəlxalq arenada Qlobal Cənubun maraqlarının əlaqələndirilməsi üçün mühüm mexanizmə çevrilib.
"Platformanın formalaşması ortaq tarixi zərurətin və dərinləşən qlobal həmrəyliyin məntiqi nəticəsidir. Bu mühüm mərhələnin kökləri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və COP29 zamanı yaradılmış əməkdaşlıq ənənələrinə dayanır", - sənəddə bildirilib.
Qeyd edilib ki, bu əməkdaşlıq nəticəsində 120-dən çox ölkədən mindən artıq nümayəndəni birləşdirən beynəlxalq şəbəkə formalaşıb.
Bəyannamədə vurğulanıb ki, I Assambleyanın keçirilməsi Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkili ilə eyni vaxta təsadüf edib.
"Biz tədbirin keçirilməsinə görə Azərbaycana dərin minnətdarlığımızı və dəstəyə, həmçinin platformamız üçün ayrıca pavilyon təqdim etdiyinə görə "BMT-Habitat"a təşəkkürümüzü bildiririk", - mətndə qeyd olunub.
Qlobal Cənub QHT Platformasında (Global South NGO Platform - GSNP) katiblik Azərbaycana keçib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Platformanın I Baş Assambleyasının toplantısında açıqlanıb.
Bildirilib ki, seçkiyə əsasən, Fuad Kərimli GSNP-nin Baş katib seçilib. Bununla da Azərbaycan GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək. Həmçinin onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə dörd müavini seçilib.
Toplantıda dünya əhalisinin 80%-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.
"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Gülüstan" sarayında Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform - GSNP) Birinci Baş Assambleyası keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, toplantıda Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsi regionlarında yerləşən 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edirlər.
GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcəklər.