Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bolton 907-ci düzəlişin ləğvinin anonsunu verdi - YENİLƏNİB
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Yerevanda keçirilən mətbuat konfransı zamanı 907-ci düzəlişin ləğv edilməsindən sonra ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə silah satması ilə bağlı məsələni şərh edib.
Oxu.Az bununla bağlı Ermənistan KİV-ə istinadla məlumat yayıb.
“Bununla bağlı qərar hələ qəbul edilməyib. Deyə bilmərəm ki, Azərbaycan və Ermənistana silah satılması məsələsi necə olacaq”, - Con Bolton deyib.
ABŞ prezidentinin müşaviri ölkələrin Rusiyadan silah almasına diqqət yetirib və qeyd edib ki, ABŞ silahları Rusiya silahlarından daha yaxşıdır.
10:24
ABŞ Cənubi Qafqazı strateji baxımdan özü üçün çox mühüm region hesab edir.
Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri “Amerikanın səsi” teleradio şirkətinə müsahibəsində dünən Azərbaycana səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
“Biz Cənubi Qafqazı strateji baxımdan özümüz üçün çox mühüm region hesab edirik. Söhbət, xüsusilə, Rusiya və İranla sərhəddə yerləşən Azərbaycandan gedir”, - o deyib.
Boltonun sözlərinə görə, səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla İrana qarşı sanksiyalar və onların Azərbaycana təsirlərini müzakirə edib.
“Biz İranın nüvə proqramı ilə bağlı bağlanan sazişlə razılaşmadığımız üçün sanksiya siyasətini fəal şəkildə davam etdirmək niyyətindəyik. Yeni sanksiyaların tətbiqini gözləyirik, ancaq istəmirik ki, bu, bizim Azərbaycandakı dostlarımıza zərər yetirsin”, - ABŞ prezidentinin müşaviri bildirib.
“Əminəm ki, hər iki tərəf üçün qəbuledilən olan variant tapacağıq və bununla Azərbaycana zərər vermədən İrana qarşı maksimum təzyiq həyata keçirə biləcəyik”, - o əlavə edib.
Bolton qeyd edib ki, Dağlıq Qarabağ problemini də müzakirə edib.
“Hesab edirik ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq, hər iki tərəfi qane edəcək nəticə əldə olunması xüsusilə vacibdir”, - o bildirib.
ABŞ prezidentinin müşaviri istisna etməyib ki, Donald Tramp səlahiyyətlərindən istifadə edərək, dövlət səviyyəsində ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsini məhdudlaşdıran akta 907-ci düzəlişi dayandıra bilər.
“Bu, Konqres tərəfindən təsdiqlənib. Hakimiyyətin icra qolu eyni siyasi xəttə sadiq olmaya bilər və bizim konstitusiyamıza əsasən, xarici siyasəti məhz prezident müəyyən edib. Bir çox hallarda müxtəlif prezidentlər alışlar həyata keçirmək üçün bu düzəlişin qarşısını alıblar və biz daim bunu müzakirə edirik”, - o deyib.
1992-ci ildə Konqresdə qəbul edilmiş düzəlişlərə əsasən, ABŞ administrasiyası tərəfindən dövlət səviyyəsində Bakıya yardım göstərilməsi qadağan edilib. Uzun illərdir, Azərbaycan diplomatları bu düzəlişin ləğvinə çalışır.
Oxu.Az yeniləndi!