"Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqhlərin müqaviməti və BMT" adlı beynəlxalq konfransın Yekun Bəyanatı qəbul olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.
Qeyd olunub ki, iştirakçılar, müxtəlif ölkələrdə fəaliyyət göstərən siqh icmasının fəallarına, insan hüquqları müdafiəçilərinə və siqh diasporunun üzvlərinə qarşı yönəlmiş transmilli repressiya halları və tendensiyaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər. İştirakçılar, xarici ölkələrdə fəaliyyət göstərən siqh fərdləri və təşkilatlarına qarşı repressiya hallarının müxtəlif formaları - gizli müşahidə, qorxutma və təhdid, təqib və təzyiq, dezinformasiya kampaniyaları və zorakılıq aktları vasitəsilə həyata keçirildiyini əks etdirən sənədləşdirilmiş nümunələrin mövcudluğunu dərin narahatlıqla qeyd edirlər. Bu cür praktikalar sərhədlərdən kənarda həyata keçirildiyi zaman, fundamental insan hüquq və azadlıqlarının ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, beynəlxalq hüququn əsas prinsiplərini və diaspor icmalarının məskunlaşdığı dövlətlərin suverenliyini də əhəmiyyətli dərəcədə zəiflədir.
İştirakçılar, habelə siqh fəalı Bhai Hardeep Singh Nijjarın qətlə yetirilməsindən sonra yayılan məlumatlar fonunda Hindistan hökuməti tərəfindən zikh fəallarına qarşı təzyiq, qorxutma və digər təqib formalarının davam etdirildiyi barədə xəbərləri ciddi narahatlıqla qeyd ediblər. Bildirilib ki, bu cür hallar xüsusilə ABŞ, Böyük Britaniya, Kanada və Avstraliya ilə yanaşı, İtaliya, Belçika və Almaniya kimi bir sıra Avropa ölkələrində də müşahidə olunur. Sözügedən pozuntular siqh diaspor icmalarının təhlükəsizliyi, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması baxımından ciddi narahatlıq doğurur.
"Bakı Təşəbbüs Qrupu (BTQ) siqh xalqının fundamental hüquq və azadlıqlarını, eləcə də milli və mədəni kimliyini qorumaq istiqamətində apardığı legitim və hüquqa əsaslanan mübarizəyə dəstəyini bir daha təsdiq edir. Bununla yanaşı, Bakı Təşəbbüs Qrupu transmilli repressiya halları ilə bağlı məsələlərin beynəlxalq institutların gündəliyində prioritet mövzu kimi qaldırılmasının və bu cür fəaliyyətlərin müvafiq beynəlxalq nəzarət və araşdırma mexanizmləri çərçivəsində hərtərəfli şəkildə araşdırılmasının zəruriliyini vurğulayır.
Bugünkü konfransın iştirakçıları Birləşmiş Millətlər Təşkilatını (BMT), onun müvafiq insan hüquqları mexanizmlərini, eləcə də beynəlxalq ictimaiyyəti aşağıdakı tədbirləri görməyə çağırıb: Siqh fəalları və diaspor icmalarını hədəf alan transmilli repressiya halları ilə bağlı məlumatların sistemli şəkildə monitorinqini aparmaq və bu halların hərtərəfli araşdırılmasını təmin etmək; milli sərhədlərdən kənarda həyata keçirilən qorxutma, təhdid, təqib və ya zorakılıq halları ilə bağlı işlərdə hesabatlılıq və şəffaflıq prinsiplərinin təmin edilməsini təşviq etmək; diaspor icmaları, insan hüquqları müdafiəçiləri və siyasi fəallar üçün beynəlxalq müdafiə və təminat mexanizmlərini daha da gücləndirmək.
Xüsusilə, BTQ və Sinq Federasiyası beynəlxalq ictimaiyyəti, eləcə də BMT və onun aidiyyəti qurumlarını, o cümlədən BMT-nin İnsan Hüquqları Şurasını, insan hüquqları müdafiəçiləri və azlıqlar üzrə BMT-nin xüsusi məruzəçilərini və digər beynəlxalq mexanizmləri zorakılıq aktlarını törədən şəxslərə qarşı konkret və təsirli addımlar atmağa çağırırlar. Bu əməliyyatların arxasında duran komanda və idarəetmə zəncirini aydınlaşdırmaq, beynəlxalq hüquq pozuntularını qiymətləndirmək və müvafiq hesabatlılıq və hücumların qarşısının alınması mexanizmlərini müəyyən etmək məqsədilə Hindistan hökumətinin hücumları ilə bağlı müstəqil araşdırmanın başlanması üçün BMT-yə çağırış edirlər.
İştirakçılar, qeyd edilən məsələlərə diqqət çəkmək və Hindistandakı zikh və digər icmaların hüquqlarının təmin olunmasına töhfə vermək məqsədilə beynəlxalq forumlarda davamlı iştirak və əlaqələrin davam etdirilməsinə olan öhdəliklərini bir daha təsdiqləyirlər", - bəyanatda deyilir.
İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Hindistan Hökumətinin siqh icması və digər etnik qruplara qarşı bütün dünya boyu təqiblərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Oxu.Az xəbər verir ki, Bakı Təşəbbüs Qrupu (BTQ) və Siqh Federasiyasının birgə təşkilatçılığı ilə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində "Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə: Siqhlərin müqaviməti və BMT" mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu konfrans siqh icmasının üzləşdiyi problemlərin beynəlxalq müstəvidə, xüsusilə BMT platformasında gündəmə gətirilməsi baxımından əlamətdar hadisədir. Konfransda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsinin iştirakı BMT sisteminin məsələni diqqətlə izlədiyini və mövzunun beynəlxalq insan hüquqları institutları tərəfindən ciddi maraq doğurduğunu göstərən mühüm göstəricidir.
Tədbirdə Kanada, Böyük Britaniya, Avstraliya, ABŞ, İsveçrə və digər ölkələrdə fəaliyyət göstərən siqh diasporunun tanınmış nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri, hüquq müdafiəçiləri, həmçinin Hindistan hökumətinin həyata keçirdiyi təqib və repressiv siyasətdən birbaşa zərər çəkmiş şəxslər iştirak ediblər.
Konfransın əsas məqsədi Hindistan hökumətinin etnik və dini azlıqlara qarşı həyata keçirdiyi siyasətin, xüsusilə siqh icmasına qarşı yönəlmiş təqib və təzyiqlərin beynəlxalq müstəviyə çıxarılması, həmçinin bu halların insan hüquqları və fundamental azadlıqlar baxımından yaratdığı risklərə beynəlxalq təşkilatların diqqətini çəkməkdir.
Tədbir çərçivəsində çıxış edən BTQ-nin İcraçı direktoru Abbas Abbasov, Siqh Federasiyasının rəhbəri Bual Moninder, təşkilatın Birləşmiş Krallıq üzrə icraçı direktoru Dabindercit Sinqh, "Singh Network" media platformasının sədri Xatkar Casuinder Sinqh və digərləri Hindistan hökumətinin müxtəlif ölkələrdə yaşayan siqh fəallarına və diaspor nümayəndələrinə qarşı həyata keçirdiyi transmilli təzyiq və təhdidlər barədə danışaraq, belə halların getdikcə daha da artdığını vurğulayıblar. Bildirilib ki, Hindistanda aparılan repressiv siyasət nəticəsində bir çox siqh fəalları və etnik azlıqların nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalıb və hazırda müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirirlər.
Qeyd olunub ki, xaricdə fəaliyyət göstərən siqh təşkilatlarının rəhbərlərinə, ictimai fəallara və onların ailə üzvlərinə qarşı yönəlmiş təhdidlər, təqiblər və hücumlar fundamental hüquq və azadlıqlar üçün ciddi təhlükə yaradır. Konfrans iştirakçıları vurğulayıblar ki, bu cür halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət məsələyə daha diqqətlə yanaşmalı, beynəlxalq təşkilatlar və insan hüquqları institutları Hindistan hökumətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməsi üçün təzyiqləri gücləndirilməlidir.
Tədbirdə BMT və onun müvafiq qurumlarının siqh mövzusunu gündəliyinə çıxarması, habelə Hindistandakı müxtəlif etnik və dini xalqların hüquqlarının tanınmaması və kobud pozuntu hallarının sistemli şəkildə sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə xüsusi məruzəçilərin təyin edilməsi istiqamətində işlərin başlanmasına dair razılığa gəlindi.
Bildirilib ki, beynəlxalq səviyyədə hesabatlılıq və monitorinq mexanizmlərinin gücləndirilməsi, eləcə də bu məsələlərin beynəlxalq təşkilatların gündəliyində daha geniş yer alması siqh icmasının və digər etnik xalqların hüquqlarının qorunmasına töhfə verəcək.