Çin xarici işlər naziri Vanq Yi ölkəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini bir daha açıqlayıb.
Öncəliklə deyək ki, Çinin mövqeyi ABŞ-nin sıxışdırılması məsələsindəki Rusiyanın mövqeyinə bənzəyir.
Bənzərlik Çin-Rusiya strateji tərəfdaşlığının birgə mövqeyi deyil, sadəcə olaraq Pekin də Vaşinqtonun birqütblü dünya nizamı təsis etmək cəhdlərinə qarşı fəaliyyət göstərən gücdür. Çinlə Rusiyanı birləşdirən ortaq dəyər eyni məntiqdir, hərçənd ki, Pekin Moskvanı yox, daha çox özünü qorumağı hədəfləyir.
Ona görə də, Pekinin Qərblə yanaşı, Rusiya ilə münasibətlərində də bəzi səs-küyə çevrilən şikayətləri ekspertlərin istinad nöqtəsinə çevrilir (məsələn Çinin Rusiyaya qarşı ərazi iddiaları). Ancaq Çinlə Rusiyanın münasibətləri gərgin deyil, əksinə, iki dövlət strateji müttəfiqlik səviyyəsində irəliləməyi planlaşdırıb Qərbi regiondan sıxışdırmaq niyyətlərini ifadə edir.
Vanq Yinin Çinlə ABŞ arasındakı münasibətlərin kritik olduğunu, Rusiya ilə münasibətlərin daha da möhkəmlənəcəyini deməsi həmin mövqeyə söykənir.
Düzdür, Çin Ukrayna məsələsində obyektiv və qərəzsiz mövqe tutduğunu iddia edərək sülh danışıqlarını təşviq etdiyini açıqlayır. Hətta 2023-cü ilin fevralında Çin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə əlaqədar 12 bəndlik sülh planını açıqlamışdı. Amma bu, diplomatik bitərəflik üslubunda hazırlanmış, lakin siyasi cəhətdən Rusiyaya dəstək xarakterli formul idi.
İndi isə Çinin planı daha çox Rusiya mərkəzli tezislərin inkişafı şəklində qabarıq görünə bilər. Çünki:
- Ukraynanın uduzacağına dair Qərbdən verilən siqnalların səsi getdikcə güclənir,
- Çinin ABŞ-ni Yaxın Şərqdə sıxışdırması Rusiyanın maraqlarının təmininə yol açır və burada Moskva-Pekin sövdələşməsi görünür.
Amma Çin böhrandan çıxış yolunu araşdıran düsturları Rusiya-Qərb qarşıdurmasından yaranan strateji boşluqlara özünün yerləşdirilməsinə şərait yaratmaq rejiminə kökləyir. Buna görə də, Ukraynadakı müharibənin pisləşməyə və kəskinləşməyə meyilli olması Çin üçün alternativ pəncərələr təqdim edir.
Çinin Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətindəki səyləri Pekin mərkəzli “effektiv və davamlı təhlükəsizlik arxitekturası” yaradılması meyarlarına xidmət edir. Çin bununla Avropa qitəsində sülh və sabitliyin qarantı olduğunu göstərməyə çalışaraq kritik rolunu vurğulayır.
NƏTİCƏ
Çinin Rusiya və Ukrayna arasında sülhün yaradılması üçün çağırışları Pekinin geosiyasi ekspansiyasının əlamətlərinə işarə edir.
Çox güman ki, Rusiya bu çağırışları Qərbi güzəştlərə təşviq etmək üçün yönləndirməyə çalışacaq.
Yəni Kreml sülh danışıqları haqqında məlumat əməliyyatlarını təşviq etmək üçün Çinin danışıqlara çağırışları ilə məşğul olmağa davam edəcək.
Aqşin Kərimov