Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
Minskdə Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclası keçirilib.
Oxu.Az xəbər verir ki, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov qonaq qismində iştirak edib.
İclasda çıxış edən Ə.Əsədov bildirib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə tərəfdaş dövlətlərlə ikitərəfli formatda sıx əlaqələri mövcuddur.
"Ən yüksək səviyyədə etibarlı və intensiv siyasi dialoq bunun bariz sübutudur. Bu ilin əvvəlindən Qazaxıstan, Qırğızıstan və Belarus prezidentləri Azərbaycana dövlət səfərinə gəliblər, Azərbaycan Prezidenti isə Rusiyaya işgüzar səfər edib", - deyə Baş nazir bildirib.
Vurğulanıb ki, Azərbaycanın tərəfdaş ölkələrinin hər biri ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün spektri üzrə qarşılıqlı münasibətlərin mütərəqqi inkişafını təmin edən çox möhkəm ikitərəfli müqavilə-hüquq bazası yaradılıb.
İqtisadi-ticari əməkdaşlıq sahəsini qarşılıqlı fəaliyyətin prioritet istiqaməti adlandıran Ə.Əsədov qeyd edib ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanın Aİİ üzrə tərəfdaşlarla ticarət dövriyyəsi təxminən 9% artıb.
Bildirilib ki, dövlət başçılarının tapşırıqlarını yerinə yetirmək üçün hökumətlərin xətti üzrə ikitərəfli formatda iqtisadi-ticari əməkdaşlığın hələ istifadə olunmamış potensialının həyata keçirilməsi üçün müxtəlif variantlar işlənib-hazırlanır.
Qarşılıqlı investisiya fəaliyyətinin müsbət dinamikasına diqqət çəkən Baş nazir qeyd edib ki, gündəmdə uzunmüddətli perspektivə yönəlmiş bir sıra yeni ikitərəfli investisiya layihələri var.
Nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığa toxunan Ə.Əsədov vurğulayıb ki, bu gün Azərbaycanın səyləri ölkənin tranzit potensialının gücləndirilməsinə və onun ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yük axınının artırılmasına yönəlib.
Etibarlı və müasir nəqliyyat infrastrukturu sayəsində Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin (BND), xüsusilə Şimal-Cənub və Şərq-Qərb BND-lərin inkişafına öz töhfəsini verir.
Yaşıl enerji sahəsində əməkdaşlığın və iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizənin aktuallığını vurğulayan Baş nazir iclas iştirakçılarına Azərbaycanın bərpaolunan enerji resursları sahəsində uğurla həyata keçirdiyi layihələr barədə məlumat verib.
Qeyd olunub ki, Azərbaycan Aİİ üzrə tərəfdaşlarla regional və beynəlxalq təşkilatlar çərçivəsində də çoxtərəfli formatda əməkdaşlıq edir.
"Hesab edirəm ki, ölkələrimizin üzv olduğu və genişspektrli istiqamətlər üzrə səmərəli qarşılıqlı fəaliyyət göstərdiyi Müstəqil Dövlətlər Birliyi platformasını qeyd etmək yerinə düşər", - Ə.Əsədov əlavə edib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Əli Əsədov: "Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir"