"Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) qitə ölkələri arasında dialoq üçün platforma kimi daha əhəmiyyətli və səmərəli rol oynamağa qadirdir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.
O, sammitin uğurlu təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
"Bugünkü sammitin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə hörmətli İlham Əliyevə minnətdarlığımı bildirirəm. Hazırkı görüşümüz beynəlxalq vəziyyətin mürəkkəb və həssas olduğu, geosiyasi rəqabətin, münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlərin sabitliyinə ciddi təsir göstərdiyi şəraitdə keçirilir", - Rahmon deyib.
Tacikistan prezidenti, həmçinin Laosu AQEM-ə tamhüquqlu üzv kimi qoşulması münasibətilə təbrik edib.
Onun sözlərinə görə, mövcud şəraitdə uzunmüddətli sülh və sabitlik üçün möhkəm təməl yalnız suverenliyə hörmət, etimad və qarşılıqlı anlaşma, beynəlxalq hüquq prinsiplərinə riayət, eləcə də mübahisələrin və fikir ayrılıqlarının dinc yolla həlli əsasında yaradıla bilər.
"Tacikistan beynəlxalq münasibətlərin çoxqütblü sisteminin möhkəmləndirilməsini və dövlətlər arasında yaradıcı əməkdaşlığın inkişafını dəyişməz şəkildə dəstəkləyir. Əminik ki, AQEM qitə ölkələri arasında dialoq platforması kimi daha da effektiv rol oynamağa qadirdir", - Emoməli Rəhmon vurğulayıb.