Ermənistan indi addım ata bilmir, ona görə ki, hələ Kremlin əli altındadır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Təkəlidə Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri, Təkəli Assosiasiyasının sədri Georgi Vanyan açıqlamasında bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə Təkəlidə keçirilən tədbirlər pilot layihələrdir:
“Vaxt gələcək bu torpaqda azad ticarət zonası olacaq və Təkəli Cənubi Qafqazda siyasi mərkəzə çevriləcək. Bu kənddə gedən proseslər bizim respublikaların suverenliyidir. Təkəli prosesi Sovetlər Birliyindən, KQB-dən, FSB-dən çıxışdır. Bizim vətəndaşlarımız öz talelərini özləri həll edəcəklər. Ermənistanla Gürcüstan arasında olan sərhəd xəttində yerləşdirilmiş minaların yerində azad iqtisadi zona olacaq və bu real inteqrasiyaya təsir edəcək”.
G.Vanyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də münasibət bildirib:
“Qarabağ məsələsini Ermənistan və Azərbaycan birlikdə həll edəcəklər. Mən dəfələrlə demişəm ki, ilk addımı Ermənistan atmalıdır. Ermənistan indi addım ata bilmir, ona görə ki, hələ Kremlin əli altındadır. Onun addım atmağına Təkəli prosesi təsir edəcək. Biz qonşular problemlərimizi özümüz həll etməliyik. Üçüncü tərəf bizə lazım deyil. Azərbaycan və Ermənistan ləyaqətlə yaşamalıdır”.
G.Vanyan Təkəli Assosiasiyasının 2010-cu ildən fəaliyyət göstərdiyini bildirib:
“Bizim ilk dəfə müzakirə etdiyimiz məsələ Gürcüstanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub”.