Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransa diplomatiyasının süqutu - ŞƏRH
Fransanın stabil vəziyyətdə olması, dünya dövlətləri ilə normal qonşuluq, ticarət və diplomatik əlaqələr qurması, demək olar ki, mümkün deyil. Rəsmi Paris daimi olaraq ya Avropanın, ya da dünya ictimaiyyətinin diqqətini müxtəlif qalmaqallı və səhv siyasi addımları ilə üzərinə cəlb edir. Beşinci Respublikanın prezidenti Emmanuel Makron boğazdan yuxarı bəyanatları və addımları ilə siyasi statusunu artırmağa, qlobal liderlik səviyyəsinə can atsa da, ölkəsinin daxili və xarici problemlərindən qurtula bilmir. Pensiya islahatlarına və maaşlara etirazlar, irqi ayrıseçkilik, kütləvi tətillər, islamofobiya məngənəsində daim sıxılıb qalan Fransa hökuməti son illər xarici siyasət sahəsində də ard-arda uğursuzluğa düçar olur. Diplomatik böhran Yelisey sarayının artıq alışmış olduğu məsələlərdən birinə çevrilib.
Bu arada, dekabrın 21-də ölkəmizdə Fransanın casus şəbəkəsinin üzə çıxması haqqında məlumat yayıldı. Dekabrın 26-da isə Fransa səfiri Ann Buayon Azərbaycan Xarici İşlər Nazirliyinə çağırıldı, səfirliyin iki əməkdaşının “arzuolunmaz şəxs” elan edilməsi faktı onun diqqətinə çatdırıldı. Həmin diplomatların 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri tələb olundu. Səfirliyin əməkdaşlarının casusluq fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Səfirlik əməkdaşı adı altında casus şəbəkəsi quraraq kəşfiyyat materialları toplayan fransızlar Azərbaycan təhlükəsizlik xidməti orqanlarının ayıq-sayıqlığı barədə çox ciddi məqamı deyəsən unudublar. Məhz bu orqanların peşəkarlığı sayəsində xarici kəşfiyyat agentləri ifşa edilib və Yelisey sarayının planı baş tutmayıb.
Məsələ burasındadır ki, fransız diplomatların “persona-non-grata” elan edilməsi ilk hal deyil. Deyəsən, Fransa diplomatiyası artıq buna vərdiş edib. Məsələn, 2022-ci il mayın 18-də Rusiya 34 fransalı diplomatını ölkədən qovub. Rəsmi Paris Ukraynadakı hərbi əməliyyatlara görə, rusiyalı diplomatları ölkədən çıxardığı üçün Kreml bu cavab tədbirinə əl atıb. Baş verən hadisələr son illər Fransa diplomatiyasının fiaskoya uğramasından xəbər verir. İş burasındadır ki, son illər Makron hökuməti Afrikada ciddi uğursuzluqla üzləşib. Afrikadakı sərhədləri ciddi çat verən Yelisey sarayı xarici siyasətdə kəskin böhranla üzləşib. Bu günə qədər Parisi müttəfiq sayan Afrika ölkələri artıq ondan üz çevirməyə başlayıblar. İyul ayının sonunda Nigerdə hərbçilər prezident Məhəmməd Bazumu devirərək hakimiyyəti ələ keçiriblər. Bununla da Fransaya qızıl və uranın ixracı dərhal dayandırılıb. Qeyd edək ki, Niger dünyada uran istehsalına görə yeddinci yeri tutur və Fransa AES-lərinin 75 faiz xammal ehtiyacını ödəyir. Bu qərar isə rəsmi Parisin energetika təhlükəsizliyi üçün ciddi təhdid sayılır. Bu səbəbdən də Emmanuel Makronun tələsik Orta Asiyaya, xüsusən də Qazaxıstana səfəri uran tədarükü ilə bağlı olub.
Ötən ilin sentyabr ayında isə Burkina-Fasoda çevriliş baş tutub, iki il əvvəl isə Mali də eyni aqibətlə üzləşib. Ümumiyyətlə, son illər Afrika ölkələrində Fransaya qarşı etirazlar getdikcə artır. Nigerdən sonra Seneqalda da etirazlara start verildi. Bəzi etiraz aksiyalarında isə Fransa bayrağı yandırılıb. Bu günə qədər hələ də bəzi Afrika ölkələri Liviya məsələsinə, yəni Müəmmar Qəddafinin devrilməsi ilə başa çatan hadisələrə görə Yelisey sarayını günahlandırırlar. Çünki bu hadisədən sonra Liviyada vətəndaş müharibəsi başlayıb. Qonşu Burkina-Faso, Mavritaniya, Mali, Niger və Çadda isə terrorizm aktivləşib. Təbii ki, bütün bu hadisələrin birbaşa günahkarı Fransa siyasi elitası və onların planlarıdır.
Qvineya-Bisau, Mavritaniya və Toqo kimi ölkələr COVID-19 pandemiyası dövründən rəsmi Parisə qarşı mövqeyi dəyişib. Çünki pandemiya dövründə Fransa virusla mübarizədə bu ölkələri kifayət qədər dəstəkləməyib. Eyni zamanda Kamerun, Kot-Divuar və Konqo da cihadçılara qarşı mübarizədə Yelisey sarayının onları dəstəkləmədiyi və təhlükəsizlik tədbirləri ilə bağlı verilən sözə əməl etmədiyi fikri dolaşır. Ekvatorial Qvineya isə ötən ilin payız ayında Fransanı korrupsiya ilə mübarizə üzrə beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham edərək Beynəlxalq Ədalət Məhkəməsində Fransaya qarşı iş başlatdı. Bütün bu ölkələrdə Fransaya qarşı əsas şikayətlər oxşardır - müttəfiqin maraqlarına etinasızlıq və xəsislik.
Cari ilin fevral ayında Afrika səfəri zamanı prezident Emmanuel Makron münasibətləri normallaşdırmağa cəhd etsə də, uğursuzluqla üzləşib. Baş verən hadisələr fonunda Makronun tələsik səfəri və uzun-uzadı nitqləri anlaşılandır. Çünki Afrikadakı koloniyaları itirmək Fransa iqtisadiyyatının məhvi deməkdir. Ölkənin əsas donorlarını itirməsi bu məhvi yaradan səbəbdir. Buna görə də Yelisey sarayı əvvəlki liderlərin siyasətini davam etdirdi. Bu siyasət isə Afrika ölkələrinin siyasi kursuna kənar nəzarətdən, hərbi mövcudluqdan, o cümlədən terror təhdidlərinə qarşı mübarizədən, həmçinin Fransa biznesinin maraqlarının lobbiçiliyindən ibarətdir. Amma bu, medalyonun görünən üzüdür. Çünki rəsmi Paris heç bir halda Afrikadakı müttəfiqlərinə verdiyi vədlərə əməl etməyib. Əksinə, konfliktləri qızışdırıcı, terroru dəstəkləmə fəaliyyətləri ilə ad çıxarıb. Bununla belə, hərbçilər etiraf edirlər ki, artıq afrikalı müttəfiqlərlə əməkdaşlıq qurmaq mümkün deyil. Artıq keçmiş müstəmləklərdən mümkün qədər çox ölkəni təsir orbitində saxlamaq alınmır. Fransa keçmiş müstəmləkələrdən mümkün qədər çox ölkəni təsir orbitində saxlamağa çalışsa da, artıq buna gücü çatmır. Fransanın mövcudluğunun effektivliyi getdikcə azalır, yerli hakimiyyət orqanları bundan istifadə etmək yolunu tutmaq qərarını verdilər.
Saheldə (Mali, Çad, Burkina-Faso, Mavritaniya və Niger) “Barxan” antiterror əməliyyatı uğursuz oldu. Parisin qitədəki təsiri sürətlə azalmağa başladı və Fransız Afrikası dağılmağa başladı. Ötən ilin sonunda Paris yerli hakimiyyət orqanlarının fransalı hərbçilərə qarşı sərt tənqidləri eşidilməyə başladıqdan sonra antiterror kampaniyasını başa vurduğunu elan etdi. “Barxan”da iştirak edən beş min nəfərlik kontingent qitəni tərk etmək məcburiyyətində qaldı. Ümumiyyətlə, son 10 ildə Fransa müstəmləkə imperiyasının bir hissəsi olan Afrikanın bəzi ölkələrində öz təsirinin əhəmiyyətli dərəcədə azaldığını görür. Bu, xüsusilə Saheldəki ölkələrdə özünü büruzə verir. Artıq Paris üçün olduqca vacib olan üç əsas dövləti itirilib.
Yeri gəlmişkən, Fransanın bu gün yürütdüyü utancverici xarici siyasətin ən bariz nümunəsi nekolonializmdir. Müasir dövrdə isə bu, daha qəddar müstəmləkə siyasətinin həyata keçirilməsidir. Vaxtilə müstəmləkəsi olan ölkələrə müstəqillik verməyə məcbur olan rəsmi Paris bu əraziləri əlindən buraxmamaq üçün həmin dövlətlərin ərazilərində münaqişə yaratmaq, qoşunlarını “sülhməramlı missiya” adı altında yerləşdirmək kimi çirkin əməllərə əl atıb. Bu gün beynəlxalq təşkilatların qətnamələrinə, çağırışlarına baxmayaraq, neokolonializm siyasəti Yelisey sarayı tərəfindən davam etdirilir. Bu utancverici səhifənin tamamilə qapadılması üçün dünya birliyi səylərini gücləndirməlidir. Təsadüfi deyil ki, 2023-cü il iyulun 5-də Azərbaycanda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın bu siyasətini kəskin şəkildə tənqid edib. Ölkə başçısı 21-ci əsrdə müasirlikdən dəm vuran, özünü Avropanın demokratiya, söz azadlığına, insan hüquqlarına hörmət edən əsas ölkə adlandıran rəsmi Parisi Mayot adası, Yeni Kaledoniya, digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquq və azadlıqlarına hörmət qoymadığı üçün sərt dildə tənqid edib.
Beləliklə, artıq Fransa diplomatiyası fiasko dövrünə qədəm qoyub. Afrikadan sonra Azərbaycandan da qovulduqdan sonra Yelisey sarayı xarici siyasətində ciddi dəyişiklik etməlidir. Fransa siyasi elitası anlamalıdır ki, ekspansionist, müstəmləkə və ölkələrin maraqlarına zərbə vurma siyasəti əks effekt verir. Əgər bu siyasi kurs davam etsə, yəqin ki, yaxın vaxtlarda başqa bir sıra ölkələrdən də fransalı diplomatların qovulma xəbərini eşidəcəyik.
“Report” İnformasiya Agentliyi
"COVID-19" teqi üzrə xəbərlər
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
- ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR