Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Oxu.Az xəbər verir ki, baş nazirlə görüş zamanı İrakli Qaribaşvili iki ölkə arasında mövcud olan möhkəm dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hazırkı inkişafından məmnunluğunu bildirib.
Baş nazir həmçinin regional əməkdaşlıq sahəsində Azərbaycan və Gürcüstan arasında münasibətlərin nümunəvi xarakter daşıdığını qeyd etdi.
Elmar Məmmədyarov strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin iki dövlətin maraqlarına xidmət etdiyini bildirərək, həyata keçirilən enerji və nəqliyyat layihələrinin ölkələrimizin və regionun rifahı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
Elmar Məmmədyarov iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Baş nazir İrakli Qaribaşvilini dəvət etdi.
Baş nazir İrakli Qaribaşvili böyük məmnuniyyətlə dəvəti qəbul etdiyini bildirdi.
Prezident Giorgi Marqvelaşvili ilə görüş zamanı tərəflər iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər. Görüşdə həmçinin Azərbaycan və Gürcüstan tərəfindən birgə həyata keçirilən layihələr barədə də danışılıb.