"Mən Cəbrayılın Horovlu kəndində doğulmuşam. Bu gün uşaqlığımın keçdiyi o gözəl kəndimizə qayıdıram".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Rəhman Nuruş oğlu Kərbəlayev deyib.
O bildirib ki, ailəsi ilə öz yurduna qayıdır:
"Ailəmlə öz elimə-obama qayıdıram. Mən özüm də keçmiş media işçisi olmuşam. Övladım da media işçisidir. Ona görə də Cəbrayılın, ümumiyyətlə Qarabağımızın hər qarış torpağı mənə əziz və doğmadır. Hər kəndimiz, hər rayonumuzla bağlı xatirələrim var. Hər zaman bu günü xəyal etmişəm. Çox sevinirəm ki, ömür vəfa etdi, mən bu günlərə canlı şahidlik etdim.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Bakı şəhərindən Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb.
Rövşən Əsədov