"Bu gün elimizə-obamıza qovuşuruq. İlk dəfə olaraq Horovlu kəndinə gedirəm, nələrlə qarşılaşacağımı bilmirəm, çox həyəcanlıyam".
Bu sözləri Oxu.Az-a açıqlamasında bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə köç edən Pərviz İltifat oğlu Balacayev deyib.
O bildirib ki, Cəbrayıl rayonu və Horovlu kəndi haqqında yalnız atasından və babasından eşidib:
"Mənə kəndimiz haqqında atam və babam çox danışıblar. Görməsəm də, sanki illərlə orada yaşamışam, uşaqlığım orada keçib. Sevincimin həddi-hüdudu yoxdur. Ailəmizlə yurdumuza qayıdırıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınır.
Rövşən Əsədov