Bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasının açılışında iştirak edib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı kitabxananın rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə kitabxananın ilk oxucu kartı təqdim edilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə dövlət başçısına kitabxananın yeni binasında yaradılmış şərait barədə məlumat verib.
Bildirilib ki, kitabxananın qapalı, açıq və xüsusi şəraitli fondlarında 4 milyona yaxın kitab saxlanılacaq. Buradakı 14 oxu zalında 1000-dən artıq oxucu eyni vaxtda elektron və çap məhsullarından istifadə edəcək.
Diqqətə çatdırılıb ki, yeni binada Mərkəzi Kitabxana ilə yanaşı, İnformasiya Resursları Mərkəzi də fəaliyyət göstərəcək. Hər iki qurumun başlıca məqsədi yüksək səviyyəli elmi araşdırmaların aparılması üçün müasir informasiya bazasını təmin etməkdən ibarətdir.
Qeyd edilib ki, AMEA-nın Mərkəzi Kitabxanası, həmçinin alimlərə dünya kitabxanalarının zəngin imkanlarından faydalanmaq imkanı yaradacaq.
Kitabxananın yeni binası ilə tanış olan Azərbaycan prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.
Həmçinin, bu gün prezident İlham Əliyev “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışında iştirak edib.
Dövlət başçısı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasında yaradılmış şəraitlə tanış olub.
Prezidentə Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq üzü görüb. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür.
Sonra prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan “Azərbaycan Muğam Ensiklopediyası”, 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunmuş kitabları təqdim edilib.
Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.